19 Fevral 2021 00:45
1518
SİYASƏT
A- A+

Qarabağ Qafqazın inkişaf və quruculuq mərkəzinə çevriləcək

 

Prezidentin diqqəti sayəsində işğaldan azad olunmuş ərazilərin bərpası ən qısa zamanda başa çatdırılacaq

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə gün əvvəl Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etdilər. Bu, dövlət başçısının və birinci xanımın işğaldan azad olunmuş rayonlara sayca beşinci səfəri idi. Cəmi 4 ay ərzində işğaldan azad edilmiş ərazilərimizə ardıcıl beş səfərin edilməsi göstərir ki, İlham Əliyev Qarabağ bölgəsinin dirçəldilməsinə, yenidən qurulmasına xüsusi diqqətlə, həssaslıqla yanaşır.

 

Bizim Qələbəmiz tarixi Qələbədir

 

Bu səfər də əvvəlkilər kimi düşmənə və dünyaya verilən mühüm mesajlar, Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi vandallıqların beynəlxalq ictimaiyyətə çatdırılması, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması istiqamətində infrastruktur layihəsinin təməlinin qoyulması, o cümlədən Prezidentin iştirakı ilə Qarabağda ilk obyektin istifadəyə verilməsi ilə əlamətdar oldu.

Xatırladaq ki, İlham Əliyev və Mehriban Əliyeva əvvəlki səfərlər zamanı Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında olmuşdular. Bu səfərin ən mühüm məqamlarından biri də o idi ki, Prezident İlham Əliyev Laçın rayonunda bayrağımızı  ucaltdı. Müzəffər Ali Baş  Komandan Azərbaycanın tarixi Qələbəsini Laçın rayonundan bir daha dünyaya bəyan etdi. “Bax durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq”.

Bəli, Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi işğal altındakı torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. 44 günlük savaş nəinki müasir, son iki yüz illik tariximizin ən böyük zəfər salnaməsinə, xalqımızın iftixar və milli qürur mənbəyinə çevrildi. Müdrik və uzaqgörən siyasəti ilə müstəqillik tariximizin ən möhtəşəm uğurlarına nail olan, Azərbaycanı dünyada söz sahibi edən Prezident İlham Əliyev bu dəfə ölkəmizi həm də qalib dövlətə çevirdi. İlham Əliyevin qeyd etdiyi kimi, bu qələbə dövlətimizin qüdrətini və xalqımızın əyilməz ruhunu dünyaya göstərdi.

 

İlham Əliyev AXC-Müsavat cütlüyünün tariximizə vurduğu ləkəni sildi

 

Laçın rayonunun cənub hissəsi və bir neçə yaşayış məntəqəsi, o cümlədən Güləbird kəndi ordumuz tərəfindən döyüş yolu ilə azad edildi. İlham Əliyev də Güləbirdə məhz bu yolla səfər etdi. Rayonun şimal hissəsi isə Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bununla da Laçının 28 il yarım davam edən işğalına son qoyuldu.

Laçın rayonu 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından 10 gün sonra zəbt olunmuşdu. Şuşa kimi Laçın da xəyanətin qurbanı olmuşdu. Bu xəyanətin müəllifləri isə həmin dövrdə hakimiyyət uğrunda mübarizə aparan və bu yolda hər cür riyakarlığa hazır olan AXC-Müsavat qaragüruhu idi. “Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə faktiki olaraq boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib”, - deyə Prezident İlham Əliyev bildirdi.

Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. Çünki bununla düşmən Ermənistandan Qarabağa gedən yollara nəzarəti ələ keçirdi. Laçının işğalından sonra düşmən Azərbaycanın digər rayonlarının da işğalı üçün münbit şərait formalaşdırdı. AXC-Müsavat qaragüruhu isə bu hadisələrdən sonra Azərbaycanda hakimiyyətə gəldi və yürütdüyü siyasətlə tariximizin növbəti qara səhifələrinə imza atdı.

AXC-Müsavat cütlüyünün xəyanətinin qurbanı olan Laçın rayonunu İlham Əliyev işğaldan azad etdi. Məhz İlham Əliyev yenilməz qətiyyəti, siyasi iradəsi ilə onların 1992-ci ildə tariximizə vurduğu qara ləkəni sildi, xalqımızın yüksək milli qürurunu təmin etdi.

Bir məsələni də unutmamalıyıq ki, Ermənistan danışıqlar prosesində Laçını qaytarmaq istəmirdi. Çünki bu ərazi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantının yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Lakin Azərbaycan öz dəmir yumruğu ilə Laçını da, işğalçıların qaytarmaq istəmədikləri Kəlbəcəri də, Şuşanı da azad etdi. Üstəlik, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətlərində Azərbaycanın dövlət sərhədləri tam bərpa edildi.

 

Qarabağ bölgəsinin dirçəldilməsi prosesi sürətlə həyata keçirilir

 

İlham Əliyevin azad olunmuş rayonlara sayca beşinci səfəri həm də onu göstərdi ki, Qarabağ bölgəsinin dirçəldilməsi prosesi sürətlə həyata keçirilir. Bu baxımdan səfər dövlətimizin başçısının iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə ilk infrastruktur layihəsinin icrasının başa çatdırılaraq istifadəyə verilməsi ilə əlamətdar oldu. Həkəri çayı üzərində inşa olunmuş “Güləbird” Su Elektrik Stansiyası azad edilmiş torpaqlarda istismara verilən birinci su elektrik stansiyasıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bunun böyük rəmzi mənası var.

Ümumiyyətlə, dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən biri işğaldan azad edilmiş torpaqların “yaşıl enerji” zonası olmasıdır. Qarabağ bölgəsində enerjinin ekoloji baxımdan təmiz əldə edilməsi üçün geniş imkanlar var. Bu ərazilərdə həm külək, həm də günəş enerjiləri üçün potensial böyükdür. Həmçinin azad olunmuş ərazilərdəki çaylar ucuz və ekoloji baxımdan təmiz olan su elektrik stansiyalarının yaradılması üçün əlverişlidir. İlham Əliyevin Laçında elan etdiyi kimi, düşmənin bu rayonun ərazisində dağıtdığı 5 su elektrik stansiyasının hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Bununla da yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaq. Həmçinin bir neçə ildən sonra 120 meqavat generasiya gücü “Xudafərin” və “Qız Qalası” stansiyalarından əldə olunacaq.

 

“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları reallaşdırılacaq

 

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində həyata keçirilən layihələrin arasında yol-nəqliyyat infrastrukturunun böyük əhəmiyyəti var. Məlum olduğu kimi, Prezident İlham Əliyevin əvvəlki səfərləri zamanı Şuşaya çəkilən yeni avtomobil yolunun, Füzulidə beynəlxalq aeroportun təməli qoyulmuşdu.

Fevralın 14-də isə Prezidentin iştirakı ilə Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyuldu. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq.

Təbii ki, qarşıda duran ən vacib vəzifələrdən biri erməni vandallarının dağıtdıqları şəhərlərin, kəndlərin, qəsəbələrin yenidən qurulmasıdır. Bütün yaşayış məskənlərimiz nəinki yenidən qurulacaq, hətta işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları reallaşdırılacaq. İlk “ağıllı kənd” layihəsi isə Zəngilan rayonunda həyata keçiriləcək. Prezident İlham Əliyev Laçından bir daha bəyan edərək  Qarabağın cənnətə çevriləcəyini dedi: “Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Torpaqlarımız Ali Baş Komandanın yenilməz iradəsi və dövlətimizin gücü ilə işğaldan azad olundu.  Bu ərazilərin bərpası da Prezident İlham Əliyevin xüsusi diqqəti və dövlətimizin imkanları sayəsində ən qısa zamanda başa çatdırılacaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video