16 Fevral 2021 13:58
1725
Qəbullar
A- A+

Prezident İlham Əliyev Belarusun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Andrey Ravkov dedi:

- Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti, icazə verin, Sizi salamlayım. Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun etimadnamələrini Sizə təqdim etməyi özümə şərəf sayıram. Bu etimadnamələrlə o, mənə Belarus Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi son dərəcə məsuliyyətli bir missiyanı etibar edir. Sizə bildirirəm ki, əvvəlki səfir Gennadi Vladimiroviç Axramoviç işini başa çatdırıb və Belarus Respublikasına gedib.

Səfiri salamlayan Prezident İlham Əliyev dedi:

-Sağ olun. Sizi Azərbaycanda salamlayıram, vaxtınızın xoş keçməsini və fəal iş arzu edirəm. Mənim fikrimcə, iş çox olacaq. Ona görə ki, bizim dövlətlərarası münasibətlərin gündəliyi yetərincə genişdir, çox sahələri əhatə edir. Son illərdə biz həm siyasi, həm iqtisadi sahələrdə, həm də sənaye kooperasiyası sahəsində fəal qarşılıqlı işlər görmüşük. Əlbəttə, bu cür fəal qarşılıqlı işləri davam etdirmək niyyətindəyik.

Əsas məsələ ölkələrimiz arasında dostluq münasibətləridir. Uzun illər boyu bu münasibətlər böyük potensiala, yaxşı dinamikaya malik olduğunu göstərir. Ali səviyyədə tez-tez əlaqə saxlamağımız, qarşılıqlı səfərlər, əlbəttə, münasibətlərimizin inkişafına böyük təkan verir və biz əməkdaşlığın yaxşı nümunələrini görürük. Bu, ticarət sahəsinə də aiddir. Hərçənd, pandemiya ilə əlaqədar təbii ki, bütün ölkələrdə ümumi daxili məhsulun və əmtəə dövriyyəsinin azalması müşahidə olunur. Buna baxmayaraq, düşünürəm ki, pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik. Bütövlükdə pandemiyadan əvvəlki son illərdə bizim ticari-iqtisadi münasibətlərin çox fəal dinamikası, idxal və ixrac etdiyimiz malların çeşidinin genişlənməsi müşahidə olunurdu.

Əlbəttə, sənaye kooperasiyası əməkdaşlığın mühüm istiqamətidir. Azərbaycanda Belarus-Azərbaycan müştərək müəssisələrinin yaxşı nümunələri var. Biz hətta üçüncü ölkələrin bazarlarına birlikdə çıxırıq. Fikrimcə, bu istiqamətdə əlavə addımlar atılacaq. Uzun illər boyu uğurla həyata keçirilən hərbi-texniki əməkdaşlıq mühüm sahədir. Biz hərbi-texniki əməkdaşlığın potensialını artırmaqla, o cümlədən yüksək texnologiyalar sahəsində də əməkdaşlıq edirik. Beləliklə, gündəlik yetərincə genişdir. Əminəm ki, Azərbaycanda olduğunuz müddətdə siz qarşılıqlı fəaliyyətin potensialını daha da artırmaq üçün bu məsələlərlə fəal məşğul olacaqsınız. Əlbəttə, biz əvvəl olduğu kimi, bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. Əminəm ki, belə çoxtərəfli və çoxplanlı birgə fəaliyyət bundan sonra da ölkələrimizin yaxınlaşmasına şərait yaradacaq. Sizə uğurlu iş və Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.

Səfir Andrey Ravkov: Sağ olun, cənab Prezident. İcazə verin, ilk növbədə, Sizə Aleksandr Qriqoryeviç Lukaşenkonun ən səmimi salamlarını və xoş arzularını çatdırım, Azərbaycan Respublikasının Prezidenti, onun dostu kimi həm ikitərəfli formatda, həm də beynəlxalq məkanlarda Belarus Respublikasına göstərdiyiniz dəstəyə görə Sizə onun səmimi təşəkkürünü bildirim.

Belarus Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü həmişə bütün məsələlərdə və ardıcıl olaraq dəstəkləyib. Biz atəşkəs barədə bəyanat imzalanması və Azərbaycanın əzəli torpaqlarını öz tərkibinə qaytarması xəbərini böyük ruh yüksəkliyi ilə qarşıladıq.

Hörmətli cənab Prezident, Siz tamamilə düzgün olaraq dediniz ki, dövlət rəhbərləri arasında dostluq və yüksək səviyyədə əlaqələr bu inkişafın, qarşılıqlı münasibətlərin möhkəmlənməsinin rəhnidir. Belarus da bunda maraqlıdır.

Dövlətimizin başçısı Belarus Prezidentinin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video