07 Yanvar 2021 00:34
738
Səhiyyə
A- A+

Qlobal bəlaya qarşı hərtərəfli mübarizə aparılır

 

Yeni növ koronavirus pandemiyası bəşəriyyəti təhdid etməkdə davam edir. Təəssüf ki, indiyə qədər dünyada COVID-19-a qarşı aparılan mübarizə tədbirləri nəticəsiz qalıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son bir həftə ərzində dünyada COVID-19-a yoluxanların sayı 4 milyondan, ölənlərin sayı isə 70 mindən çox olub. Yeni yoluxmaların əksəriyyəti Amerika qitəsində aşkar edilib. İkinci yerdə Avropa, üçüncü yerdə Cənub-Şərqi Asiya qərarlaşıb.

Böyük Britaniyada aşkar edilmiş koronavirus infeksiyasının yüksək yoluxucu növünün yayılması isə artıq 41 ölkədə və ərazidə qeydə alınıb.

Çinin paytaxtının ətrafında yerləşən Hebey vilayətində son günlər COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması səbəbindən “müharibə rejimi” elan olunub.

Azərbaycanda virusla mübarizə qətiyyətlə davam etdirilir. Qlobal böhrandan minimum itkilərlə çıxmaq üçün bütün qüvvələr COVID-19-a qarşı mübarizəyə səfərbər edilib. Mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir, uyğun addımlar atılır. Ümumiyyətlə, ölkəmiz qlobal bəlaya qarşı hələ virusun ilk üzə çıxdığı və təhlükənin ölkəmizin sərhədlərindən xeyli uzaqda olduğu zamandan etibarən başlamışdı. Həmin dövrdən etibarən problemin ciddiliyi və ÜST-ün tövsiyələri nəzərə alınaraq sərhədlərimiz qapadıldı, bütün təhsil müəssisələri bağlandı, kütləvi tədbirlər, idman yarışları təxirə salındı.

Virusun kütləvi yayılmasının qarşısını almaq, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə lazımi tədbirlər vaxtında həyata keçirildi. Tez bir zamanda səhiyyə infrastrukturunun koronavirusla mübarizəyə istiqamətləndirilməsi pandemiyanın mümkün fəsadlarını minimuma endirdi.

Qısa zamanda 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verildi, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı.

Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən önləyici kompleks tədbirlər çərçivəsində bölgələri də əhatə etməklə ölkə ərazisində modul tipli xəstəxanalar quraşdırıldı, çarpayı fondu artırıldı.

Laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırıldı. Mütəxəssislərin də bildirdiyi kimi, yoluxmanın nəzarət olunan həddə saxlanmasında xəstəliyin erkən aşkarlanmasının xüsusi əhəmiyyəti var. Buna görə də ölkəmizdə COVID-19-un aşkarlanması ilə bağlı aparılan testlərin sayı daim artırılır.

Pandemiya ilə bağlı yaşanan ən böyük problemlərdən biri də həkim çatışmazlığı idi. Çünki dünyanın heç bir ölkəsindəki səhiyyə sistemində xəstələrin sayının bu sayda olacağı və hər ötən an artacağı nəzərdə tutulmamışdı. Ümumiyyətlə, inkişaf etmiş XXI əsrdə pandemiyanın olacağı belə heç kəsin ağlına gəlməzdi. Buna görə də həkim çatışmazlığı ümumi problemə çevrildi.

Azərbaycan bu istiqamətdə də effektiv tədbirlər görərək həmkar ölkələrlə operativ danışıqlar apardı və 5 ölkədən - İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdi. Atılan məqsədyönlü addım sayəsində xəstələrin müalicəsi istiqamətində böyük işlər görüldü.

Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıblar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün karantin rejiminin sərtləşdirilməsi istiqamətində müəyyən addımlar atılır.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən virusun yayılmasının qarşısının alınması məqsədilə respublikamızda yanvarın 18-dək sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilmişdir.

Eyni zamanda tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardımın göstərilməsi planlaşdırılıb. Zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi də nəzərdə tutulub.

Ümumiyyətlə, pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edir.

Respublikamızda görülən kompleks tədbirlər sayəsində son zamanlar koronavirusa yoluxma sayında müsbət tendensiya müşahidə olunur. Belə ki, xəstəlikdən sağalanların sayı gündəlik yoluxanların sayını üstələyir.

 Xəbər verildiyi kimi, artıq koronavirusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə tətbiqinə başlanılıb. Ölkəmizdə də vaksinlərin alınması ilə əlaqədar hazırlıq işləri görülüb, Azərbaycan GAVI tərəfindən təsis edilmiş COVAX təsisatına qoşulub. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusa qarşı peyvəndlənmə barədə məlumat verərək bildirib ki, hazırda bir sıra ölkələrdə yeni koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. Bu, ABŞ, Avropa İttifaqı ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. Adıçəkilən ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək (95-98 faiz) qiymətləndirilib. Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşdiriləcək.

Baş infeksionistin sözlərinə görə, vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur. Kütləviliyin təmin olunması üçün əhali arasında peyvəndləmənin aparılmasının vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işlərinin də həyata keçirilməsi nəzərdə tutulur.

T.Eyvazov deyib ki, vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır. Epidemiologiyanın qanunlarına əsasən istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa epidemik proses sönəcəkdir.

Beləliklə, dövlətimiz tərəfindən pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar zəruri tədbirlər görülüb. Vətəndaşlarımız da pandemiyanın diktə etdiyi şərtlərə məsuliyyətlə yanaşaraq ümumi bəlaya qarşı aparılan mübarizəyə öz töhfəsini verməlidirlər.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video