08 Yanvar 2021 00:25
1046
Səhiyyə
A- A+

Ciddi məsuliyyət hər sahədə vacibdir

 

Bu gün dünyada az qala hər kəsi düşündürən koronavirus bəlasının nədən yaranması və qarşısının alınmasının mümkünlüyü barədə bir-birini bəzən təsdiq, bəzən isə təkzib edən məlumatlar onun özü kimi sürətlə yayılmaqda, insanları yerli-yersiz ciddi təlaşa salmaqdadır. Əslində, təlaş səbəbsiz də deyil. Hazırda bu barədə hamı danışır - problemin mahiyyətini araşdıran da, araşdırmayan da, məsələni bilən də, bilməyən də...

Bəs mütəxəssislər nə düşünür? Pandemiya ölkəmizə hələ ayaq açmamışdan öncə əksər virusoloqlar bildirmişdilər ki, regionda hansısa təhlükə varsa, Azərbaycanda da müəyyən formada özünü göstərəcək. Bu baxımdan 2019-cu ilin sonlarından başlayaraq Çində tüğyan edən koronavirusun respublikamızda yayılma təhlükəsinin olub-olmaması barədə sualın cavabları maraq doğururdu. İnfeksionistlərin müsahibələrindən anlamaq olurdu ki, Çinlə digər ölkələrin iqtisadi əlaqələri fonunda təhlükə riski mövcuddur. Yəni onun yayılma ehtimalı az deyil: “Bizim Çinlə gediş-gəlişimiz çox olur, həm turizm, həm də ticarət məqsədilə. Əgər kimsə Çinə gedib xəstələrlə təmasda olarsa, yoluxa bilər”.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətovla söhbət zamanı bildirdi ki, bütün bunlar dünən, daha doğrusu, bir il öncə söylənilənlərdir. Artıq bir ildir ki, Azərbaycanda koronavirusa qarşı mübarizə müxtəlif formalarda, özü də yüksək səviyyədə həyata keçirilir. Lakin dünyanı lərzəyə gətirən, hələ də cilovlanmayan koronavirus yeni mutasiya dövrü ilə insanları, xüsusilə də risk qrupuna aid olanları sayıqlığa səsləyir.

COVID-19-dan yaxa qurtarmağın elmi, tibbi yolları axtarılır, peyvənd üçün hazırlanan vaksinlər bir sıra ölkələrdə sınaqdan keçirilir. Bu da o deməkdir ki, gözəgörünməzliyi ilə təhlükə yaradan koronavirus ömrünün sonlarına yaxınlaşır. Ona görə onunla mübarizə də özünün yeni mərhələsinə keçir.

Hələ ilk başdan mütəxəssislər bildirirdilər ki, korona da insanların keçirdiyi digər növ qriplərdən biridir, hərçənd bəzi fərqləri var: daha tez və geniş yayılır. “Virusun əlacı yoxdur” kimi fikirlərə isə mütəxəssislərin münasibəti birmənalı olmayıb. Yəni bu virusa yoluxanların hamısı ölmür: koronavirusun 37 növü var ki, bir çoxu yüngül xəstəliklər törədir. Dünyada kəskin respirator virusların 4-9 faizi onun payına düşür. Sars virusu var idi, həm də “korona”dan çox təhlükəli, qarşısı alındı. Əlbəttə, “korona”nın da qarşısı alınacaq. A.Hümmətov deyir: “Bu fikirlərlə yanaşı, onu da müşahidə edirik ki, koronavirus dünyaya meydan oxuyur. Çində “doğulan” “Çin bəlası”nın bu gün həmin Şərq ölkəsində yayılma və yoluxma dərəcə-faizi tamamilə azalıb. Avropa isə onun çəngindən xilas ola bilmir. ABŞ kimi səhiyyə sistemi müasir tibbi standartlara cavab verən dövlət koronavirusa yoluxma və ölüm faizinə görə dünyada liderdir”.

Ötən ilin təxminən bu vaxtlarından ölkəmizdə hələ özünün tüğyan dövrünə keçə bilməyən koronavirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirlərə start veriləndə günün şüarı belə idi: “Biz birlikdə güclüyük!” Çünki çətin sınaq qarşısında həmrəyliyə və milli birliyə çağırışa ciddi ehtiyac duyulurdu. Bu, dövlət başçısı İlham Əliyev tərəfindən düşünülmüş təbliğat forması kimi sonrakı dövrdə də özünü tamamilə doğrultdu. Həm də nəinki pandemiyanın qarşısının alınmasında, eyni zamanda işğalçı Ermənistanı kapitulyasiya aktına imza atdırıb, Qarabağımızı azad edəndə həmin birlik və həmrəyliyin necə vacib amil olduğunu xalqımızla bərabər, bütün dünya gördü. Buna görə Azərbaycanın haqq işinə dəstək verənlərin sayı artdı. Koronavirusla mübarizədə üsul və formalarımız ÜST tərəfindən təqdir edildi.

 

Koronavirusun üçüncü dalğasının gələcəyi açıqlandı

 

Həkim Azər Hümmətovun fikrincə, ilin sonlarına yaxın xəstə sayında azalma proqnozlaşdırılmışdı, amma bu qədər yox. Hətta yeni ilə 1000 nəfər civarında girəcəyimizi söyləyənlər də az deyildi. Səbəb isə ikinci dalğanın sönməyə doğru getməsi və kütləvi şəkildə hamının xəstələnməsi idi. Yoluxanların sayının 300-dək enməsi də təsadüfi deyildi: “Yeni il ərəfəsində əhalinin başını həm 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qatdı. Vətən müharibəsi şəhidlərinin 40-ı çıxmadığı üçün buna bayram da demək olmazdı. Ona görə də camaat testdən keçməyin vacibliyini unutdu. Bu da yoluxma sayının aşağı enməsində özünü göstərdi. Əslində bu, reallığı əks etdirməyən rəqəmlər ola bilərdi. Əgər diqqət etsək görərik ki, testlərin sayı da 4000-dək düşdü. Amma orta hesabla faizlə götürsək, xəstələrin sayı azalmayıb. Çünki 4000 testdən 400 xəstə cəmi 10 faiz edir. Bunun isə bir izahı var: yalnız özünü narahat hiss edib məcbur qalanlar test veriblər. Yeni ilin ilk günündə yoluxmaların sayı yenidən 800-ə qalxdı. Bu da normaldır, çünki tətil bitdi və problemlər yada düşdü. Qarşıdan gələn günlərdə xəstələrin sayında yenidən artım olacağı da istisna edilmir...”

Həkim deyir ki, hətta yoluxmaların 1500-2000-dək artması da mümkündür. Səbəb yenə sadə və məlumdur: bir yandan Yeni il təbrikləşmələri - kütləvi qonaqgetmələr, əhalinin bir hissəsinin rayonlara səfəri, digər tərəfdən şəhidlərimizin dəfnindən sonra qəbirüstü ziyarətləri: “Yoluxmaların sayı artsa da, bundan qorxmaq lazım deyil, çünki yanvarın 15-dən sonra ikinci dalğanın sönməsini müşahidə edəcəyik. Fikrimcə, yanvar ayının sonuna yenə 200-400 kimi rəqəmlər veriləcək ki, bu da qış ayları üçün normaldır. Növbəti sərtləşmə və sms sistemi yəqin ki, mərhələ-mərhələ bitəcək, ölkə normal həyata qədəm qoyacaq. İş yerləri tədricən açılacaq. Çünki xalq müharibədən çıxıb. Bu gün, belə deyək, min nəfərin daxil olduğu ərzaq satışı ilə məşğul olan marketlər açıqdırsa, demək, iki adamın girdiyi paltar dükanının bağlı qalmasının əhəmiyyəti yoxdur. Unudulmamalıdır ki, bütün sərt tədbirlər birmənalı şəkildə əhalinin virusdan qorunması məqsədi daşıyır”.

Həkimin sözlərinə görə, mart ayında üçüncü dalğanın gəlməsi gözlənilə bilər: “Üçüncü dalğaya həm xəstəxana, həm dərman tədarükü görülməlidir. Ümumdünya Səhiyyə Təşkilatının xüsusi nümayəndəsi David Nabarro da 2021-ci ilin əvvəllərində Avropada üçüncü koronavirus dalğasının gözlənilməsi barədə xəbərdarlıq edib. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev isə məsələyə bir qədər başqa cür yanaşaraq bildirib ki, bütün Avropa ölkələri, eləcə də Azərbaycan üçün üçüncü dalğa terminini işlətmək elmi cəhətdən doğru deyil. Çünki Avropada elə ölkələr var, artıq sübut ediblər ki, onlarda ilk COVID-19 dalğası rəsmi vaxtdan da öncə başlayıb. Azərbaycanda da ilk dalğanın nə zaman olduğunu biz elmi cəhətdən dəqiq bilmədiyimizə görə, 3-cü dalğa terminini istifadə etməkdənsə, növbəti dalğa deməyimiz daha düzgündür.

 

Virus ondan qorunanlardan çəkinir

 

N.Abdullayev qeyd edib ki, zamanla belə dalğavari yoluxmalar koronaviruslara, eləcə də COVID-19 virusuna xasdır. Bu da onu deməyə əsas verir ki, peyvənd çıxmazsa və ya virus mutasiyaya uğrayıb virulentliyini itirməzsə, ölkələrin 70 faizinin əhalisi virusa yoluxub immunitet qazanana qədər pandemiya davam edəcək və biz bir neçə yoluxma dalğası ilə rastlaşacağıq.

Dalğaların bir-birindən xüsusi fərqlənmə predmetləri yoxdur və bunun qarşısını almaq üçün isə qızıl qaydalar eyni olaraq qalır: ya uzunmüddətli sərt karantin rejiminə keçilməli, ya da tibb elminin tələb etdiyi kimi, ən son izolyasiya qaydalarına əməl olunmalıdır. Bununla yanaşı, klasterlərə nəzarət ələ alınmalı və insanların şəxsi məsuliyyətlərinin önəmi onlara davamlı şəkildə, inandırıcı formada izah olunmalıdır ki, iqtisadiyyata ziyan vurulmadan, yəni sərt karantin rejimləri tətbiq edilmədən virus nəzarət altında olsun. Bunun üçünsə məsuliyyətli olmaq, qaydalara əməl etmək lazımdır. 

Fərqli test strategiyalarının tətbiqi də virusun aşkarlanmasına kömək etməklə yanaşı, onu nəzarətdə saxlamağa kömək edə bilər.

Bəzi ölkələrdə koronavirus sürətlə yayılarkən digərləri ikinci dalğa təşvişini yaşayır. Türkiyə mətbuatı xəbər verir ki, İngiltərənin səhiyyə mütəxəssisləri iyul ayının əvvəlində qadağaların yumşaldılmasından sonra yarana biləcək epidemiya vəziyyəti ilə bağlı hökuməti xəbərdar edib. Bildirilir ki, 100 il əvvəl yaşanan ispan qripinin ikinci dalğası birincidən daha ölümcül olub. Bəs növbəti dalğa qaçılmazdırmı və nə qədər təhlükəli ola bilər?

İkinci dalğanı dəniz dalğasına bənzədən mütəxəssislər hesab edirlər ki, o, tamamilə geri çəkilmə olduqdan sonra baş verəcək. Alimlərin fikrincə, hazırda dünya ölkələrində baş verən artım və azalmanın növbəti dalğa ilə əlaqəsi yoxdur. Onlar düşünürlər ki, ikinci dalğanın olması üçün virusun yayılması nəzarət altına alınmalı, yoluxma faktları minimuma düşməlidir. İngiltərə mütəxəssisləri bildirirlər ki, virus başladığı ilk gündəki kimi yoluxucu və öldürücü formasını qoruyur. Səhiyyə işçilərinin sözlərinə görə, əgər İngiltərədə hazırda qoyulan qadağalar və əməl olunan qaydalar aradan qaldırılsa, virusla bağlı vəziyyət dəhşətli hal alar. Müxtəlif universitetlərin mütəxəssisləri qış aylarında ikinci dalğanın qaçılmazlığını və hökumətlərin buna hazırlaşmasının vacib olduğunu gizlətmirlər.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video