23 Fevral 2021 01:29
2538
Mədəniyyət
A- A+

Novruzun ilk çərşənbəsi

 

Kiçik çillə artıq öz yerini Boz aya verib. Ta qədim zamanlardan xalqımız Boz ayın gəlişi ilə bayram hazırlıqlarına başlayır.

Novruz bayramı təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin rəmzidir. Xalqımızın əsrlərin sınağından çıxmış mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan ən gözəl, təmtəraqlı bayramıdır.

Novruzun gəlişi baharın gəlişidir. Qədim inanca görə, həmin gün il təzələnir, təbiət canlanır, yenilənir. Novruz bayramına təbiət də, insanlar da günlərlə, həftələrlə hazırlaşır. Novruz bayramı kimi, ondan əvvəlki dörd çərşənbəyə də xalqımız böyük əhəmiyyət verir, təmtəraqla keçirilir. Xalq arasında onları Boz ayın çərşənbələri də adlandırırlar.

Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi fevralın 23-də, Od çərşənbəsi martın 2-də, Yel çərşənbəsi martın 9-da, ilaxır Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.

 

Çərşənbələrin əzəli və gözəli

 

Çərşənbələri həyat üçün önəmli dörd ünsürlə - su, od, yel və torpaqla əlaqələndiriblər. İnanca görə, Novruz çərşənbələrində baharın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.

Novruz bayramı ərəfəsində qeyd olunan dörd müqəddəs çərşənbənin ilki Su çərşənbəsidir. Xalq arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır.

Mifik mətnlərdə su həyat, dirilik mənbəyi, xoşbəxtlik gətirən müqəddəs inam obyekti kimi göstərilib. İnanca görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə də su ilk çərşənbə kimi qeyd olunur. Su çərşənbəsində suyun müqəddəsliyi ifadə edilir.

Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarixboyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın - Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.

Su çərşənbəsində su hövzələrində abadlıq işləri görülür, arxlar qaydaya salınır. Bayrama hazırlıqlar bu çərşənbə ilə başlayır. Su çərşənbəsində su ilə bağlı müxtəlif şənliklər keçirilir.

 

Su çərşənbəsində keçirilən mərasimlər

 

Bu çərşənbədə su üstündə müxtəlif mərasimlər keçirilir. Qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunurdu.

Su həyat mənbəyi, aydınlıq rəmzi sayılır. Türk mifologiyasında suyun müqəddəsliyi ilə bağlı bir çox mətnlər möcvuddur. İnanırlar ki, qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması mümkündür.

Su çərşənbəsi ərəfəsində, adətən, hər kəs öz ev-eşiyini sahmana salır, divarlar rənglənir, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir, qurumuş və artıq zoğlar kəsilir.

Su çərşənbəsi də suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və başqa ayinlər həmin gün icra olunur. İnanca görə, Novruzun ilk çərşənbəsində su təzələnir. Həmin gün sübh tezdən bulaqdan götürülən su şəfalı hesab edilir. İnanırlar ki, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq olarlar. Bu inamla həmin gün Günəş doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su səpirlər.

Su çərşənbəsinda qadınlar, qızlar su fallarına baxırlar. Həmin gecə subay qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan - bulaqdan, yaxud çaydan əvvəlcədən su götürülür. Su şər qarışandan sonra gətirilir. Falda istifadə olunan suya “lal su” deyirlər. Bu suyu gətirməyə bir və ya bir neçə nəfər gedir. Suyu gətirən qabı əlinə götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənədək danışmamalıdır. Əks halda həmin su ilə fal açmaq doğru sayılmır. Buna görə də həmin suya “lal su” deyirlər.

Başqa bir fal - üzüklə su falını icra etmək üçün bir fincan, nişan üzüyü və bir saç teli götürülür. Fincanın yarısınadək “lal su” tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə keçirir, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qıza o yaşda gəlin gedəcəyini bildirirlər.

İynə ilə su falı üçün isə iynə, pambıq və kasa lazımdır. Kasaya “lal su” tökülür. İki iynənin ulduzlu tərəfinə bir az pambıq dolanır. İynənin birini falına baxılacaq subay qızın adına, digərini o qızın istəklisi olan oğlanın adını deyib niyyət edirlər. İynələrin hərəsini bir tərəfdən ehmalca kasadakı suya salırlar. Əgər iynələr müxtəlif tərəflərə hərəkət etsələr də, sonunda bir-birinə yaxınlaşıb bitişirsə, niyyətin yerinə yetəcəyinə, adları çəkilən oğlanla qızın gələcəkdə qovuşacağına inanırlar. İynələr o tərəf-bu tərəfə hərəkət edir, bir-birinə yaxınlaşmırsa, onda bu niyyətin baş tutmayacağını söyləyirlər. İynələr suyun dibinə çökürsə, deyirlər ki, su “lal su” deyilmiş, suyu gətirən adam suyun üstündə kiminləsə danışıb.

Su çərşənbəsində icra olunan başqa bir fal isə bəzək əşyaları ilə su falıdır. Bu fal üçün müxtəlif bəzək əşyaları və bir böyük kasa gərəkdir. “Lal su” kasaya tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını - üzüyünü, sırğasını, sancağını və ya qolbağını kasanın içinə atır. Kasanın üstünü kəlağayı və ya bir parça ilə örtürlər. Hamıdan böyük olan bir xanım bayatı söyləyə-söyləyə hər dəfə bəzək əşyalarından birini sudan çıxarır.

Su çərşənbəsində hamının həyətində tonqal qalanır. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsinin, qışın sonunun yaxınlaşmasının, sərt soyuqların arxada qalmasının əlamətidir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video