20 Yanvar 2021 03:25
2322
SİYASƏT
A- A+

Natəvan, Üzeyir bəy, Bülbül öz evlərinə qayıtdılar

 

Əziz Şuşa, biz qayıtmışıq!

Heç bilirsən səndən ayrı qalmaq necə çətin, necə ağrılı idi...

Görürsənmi bizə neçə yerdən yara vurublar?

Amma sənin yoxluğunun ürəyimizdə açdığı yaralar bunlardan daha dərin, daha dözülməz idi. Hər açılan sabahımıza, hər zülmətə bürünən gecəmizə sənsizliyin kədəri çökmüşdü...

Dumandan başı çalmalı dağların, qartallar oylağı sıldırımların, köhlən atlara dırnaq saldıran Cıdır düzün, zümzüməli İsa Bulağın, zümrüd donlu Topxanan xəyallarımızdan getmirdi. Xarı bülbülünün buram-buram Vətən qoxuyan ətrini  rüzgarlardan almağa çalışırdıq...

Beləcə, neçə baharı, neçə zimistanı qulağımız səsdə, gözümüz yolda, qəlbimiz səksəkədə keçirdik. Gözlərimizdən, ürəyimizdən, namərd gülləsindən deşik-deşik olmuş sinəmizdən qara qanlar axdı. Didərgin ruhlarımız sənsiz rahatlıq tapa bilmədi...

Bu bir qərinəlik zaman dilimində həsrətini çox çəkdik, amma ümidimizi itirmədik, sənə qovuşacağımız günü gözləyirdik. Budur, o müqəddəs an yetişib və bütün bu ağrı-acılar, nisgil, həsrət sona yetib, biz doğma qoynuna, isti qucağına qovuşmuşuq!

Əziz Şuşa, daha biz illər əvvəl güllələnib, qoynundan didərgin salınmış sakinlərin deyilik...

 Böyük qayıdışın ilk sakinləri, doğma övladların Üzeyir, Natəvan və Bülbülük...

 

Erməni vandalları cansız heykəlləri də gülləbaran etmişdilər

 

Bakıda İncəsənət Muzeyinin həyətində qoyulmuş üç dahi şəxsiyyətin, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün güllələnmiş büstlərini hər birimiz görmüş, acı hisslərlə seyr etmişdik. Tarixə adlarını insanlıq və mədəniyyət düşməni kimi həkk edən erməni vandalları xislətlərinə xas davranaraq Şuşanı işğal etdikdən sonra bütün tarixi, mədəni, dini abidələrimizə qarşı olduğu kimi, bu üç büstə qarşı da vəhşilik nümayiş etdirmiş, sanki cansız heykəllərdən də qisas almağa çalışaraq onları güllələmişdilər.

Və tamahkarlıqla bu mədəniyyət nümunələrini əritmək, ondan qazanc əldə etmək iştahasına düşmüşdülər. Amma bu iyrənc əməllərinə çata bilməmişdilər və yaralı büstlərimiz Ulu Öndər Heydər Əliyev tərəfindən mənfurlardan xilas edilərək, bir gün mütləq Şuşaya qaytarılacağı qətiyyəti ilə Bakıya gətirilmiş və müvəqqəti olaraq İncəsənət Muzeyinin həyətində yerləşdirilmişdi...

Təbii ki, o zaman biz “güllələnmiş heykəllər”in acı taleyi ilə bağlı faktları detallı şəkildə bilmirdik və illər sonra bu barədə müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya qalibiyyət səfəri zamanı öyrənəcəkdik...

Amma bu faktları bilməsək belə əmin idik ki, bir gün mütləq Şuşa azad ediləcək, bütün şuşalılar kimi, Natəvan, Üzeyir bəy və Bülbül də öz evlərinə qayıdacaqlar...

 

Qəlbimizin və qələbəmizin büllur qalası - Şuşa

 

Şuşa hər zaman Azərbaycan xalqının qəlbində büllurdan taxt ucaltmış alınmaz qala olub. Və bu əsrarəngiz diyarda yaşayıb-yaşamamasından asılı olmayaraq, hər bir azərbaycanlı füsunkar şəhəri özünün mənəvi qibləsi hesab edib, kədərinə qüssələnib, sevincinə ürəkdən şərik olub, Şuşası ilə fəxr edib. 

Bu xanzadə şəhər təkcə təbii gözəlliyi ilə deyil, kübar cəmiyyəti, mədəni mühiti, yüksək təhsili ilə də hər zaman fərqlənib. Yetirdiyi dahiləri, ziyalıları, şairləri, yazıçıları, musiqiçiləri, bəstəkarları saymaqla bitirmək olmaz...

Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Mir Mövsüm Nəvvab, Süleyman Ələsgərov, Cabbar Qaryağdıoğlu, Xan əmi, Bülbül, Əhməd Ağoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Lətif Kərimov, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov və daha neçə-neçə məşhur şəxslər Şuşanın yetirmələridir...

Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin abidələr şəhəri adlandırdığı Şuşada 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları vardı. Burada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi haqlı olaraq şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasının səbəbidir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qədd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir.

Təəssüf ki, Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində digər ərazilərdə olduğu kimi, Şuşada da tarixi, mədəni, dini abidələrimiz dağıdılıb, ev-muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri, Vaqifin məqbərəsi, şəhərdə yerləşən qədim məscidlər və s. mədəni, tarixi, dini tikililər var.

Mənfur ermənilər Şuşada törətdikləri bütün bu vandallıq aktları ilə orada yüz illərdir xalqımız tərəfindən formalaşmış maddi-mədəni irsimizi, tarixi izlərimizi silmək kimi məkrli niyyət güdürdülər...

Amma unudurdular ki, qəhrəman Azərbaycan xalqı heç zaman Şuşasızlıqla, Qarabağda at oynatmaq istəyən düşmənin azğınlığı ilə barışmayacaq...

Və barışmadı da...

Sentyabrın 27-də Qarabağ uğrunda Zəfər yürüşünə çıxmış qəhrəman oğullarımıza cəmi 44 gün bəs etdi ki, azğın düşməni qarşısında diz çökdürsün.

Müzəffər Azərbaycan Ordusunun azman oğulları işğal altındakı torpaqlarımızı qarış-qarış yağı tapdağından xilas etdi. Şuşanın azad edilməsi uğrunda isə əsl ölüm-dirim savaşına atılan igidlərimiz dünya tarixində bərabərinə rast gəlinməmiş şücaət göstərdilər. İndiyə qədər yalnız əfsanələrdən, dastanlardan aşina olduğumuz hünər sərgiləyərək, doğma Şuşanı azadlığa qovuşdurdular. Bu müqəddəs vəzifə yolunda onları nə uca dağlar, nə keçilməz meşələr, nə də aşılmaz sıldırımlar dayandıra bildi. Yalın əllə mənfurların nəfəsini kəsdilər, biləklərinin haqqı ilə nahaqqa qalib gəldilər, Şuşanın qəlbindəki kədəri dağıdıb, ona sevinc bəxş etdilər...

 

Şuşa azadlığından sonra ikinci bayramını yaşadı

 

2021-ci ilin 14 yanvarında isə Şuşa azadlığından sonra ikinci bayramını yaşadı, sevinclə əzizlərinə qucaq açdı... Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya qalibiyyət səfəri etməsi və məhz bu doğma diyara Şuşanın əbədi sakinləri - qələbəmizin rəmzi Natəvanın, Üzeyir bəyin və Bülbülün büstləri ilə qayıtmasından xoşbəxtlik duydu,  sanki düz 39 il əvvələ qayıtdı, elə o zamankı kimi bəxtəvər oldu...

Şuşaya Qələbə yolu ilə gələn müzəffər sərkərdə İlham Əliyev dahi şəxsiyyətlərin büstlərinin darmadağın edilmiş yerlərinə baxaraq düşmənin mənfurluğunu, mədəniyyətimizə qarşı vəhşilik törətmələrini bir daha hiddətlə vurğuladı. Dövlət başçısı məlumat verdi ki, düz 39 il əvvəl, 1982-ci ildə Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır: “Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu”.

Yuxarıda da bəhs etdiyimiz kimi, ermənilər bu büstləri gülləbaran etməklə kifayətlənməmişdilər və onlarla bağlı daha iyrənc planlar qurmuşdular. Onların bu mənfur niyyətləri barədə faktları da Prezident İlham Əliyev bütün dünyaya bəyan edərək məlumat verdi ki, ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar: “Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və Ulu Öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi”.

Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, müxtəlif vaxtlarda bəzi insanlar ölkə başçımıza müraciət ediblər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun: “Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq”.

Bəli, tarixi ədalətin bərpa olunması Qarabağımızı azadlığa qovuşdurmaqla yanaşı, tarixi abidələrimizi də erməni vandallığından xilas etdi. Eləcə də illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstləri öz doğma yerlərinə qovuşdu, onların da ruhları şad oldu. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya öz əzəli vətənlərinə qaytarılması qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi. Artıq bu “yaralı” heykəllər əbədiyyətədək Şuşada, öz evlərində qalacaqlar və bu şəhərə səfər edən hər kəsə erməni vəhşiliyini anladacaqlar. Üzərlərindəki namərd gülləsinin izləri bütün dünyaya bəyan edəcək ki, kim mədəniyyət düşmənidir, kim də mədəniyyət sahibidir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video