06 Fevral 2021 01:05
2917
SİYASƏT
A- A+

Müasir Azərbaycanın gücü

 

Yaşadığımız dövr, zəmanə reallıqlar dünyasıdır. Beynəlxalq ictimaiyyət hansısa məsələ barədə rəy formalaşdırarkən həmin reallıqlara istinad edir. Həyatımızda baş verənlər, gerçəkliklər isə göz önündədir. Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi. Hazırda ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. Bu layihələr bizə sülh, davamlı inkişaf, vətəndaşlara rifah gətirir. Onlardan böyük bir coğrafiyada yaşayan insanlar da faydalanırlar. Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir. Hər kəs üçün daha gözəl bir dünyanın qurulmasına töhfə verir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqını öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən qüdrətli mərhələsinə yetişdi. Qazanılan bu zəfər, bu nailiyyət möhtəşəm və qürurludur, ən başlıcası isə böyük şəxsiyyətlərin vaxtilə xalqı yetirmək arzusunda olduqları misilsiz milli hədəflərdir. Artıq qələbə ilə tamamlanan yeni bir dövr öz sözünü deməyə başlayıb.

Azərbaycan Prezidenti 1 fevral 2021-ci ildə Abşeron Rayon Xəstəxanasının yeni inşa edilmiş binasının açılışından sonra Azərbaycan televiziyasına müsahibə verdi. Həmin müsahibədə cavablandırılan sualların əhatəliliyi, toxunulan məsələlər, verilən bəyanatlar cəmiyyətdə böyük maraqla qarşılandı. Müəyyən problemlərə aydınlıq gətirildi, münasibət bildirildi, mövqe açıqlandı.

 

17 ildə 750-dən çox yeni xəstəxana tikilib və ya təmir edilib

 

Müsahibə yeni səhiyyə müəssisəsinin açılışı tədbirinə təsadüf etdiyindən Prezident İlham Əliyevin qeyd etdiyi məsələlərin bir hissəsi son illər səhiyyə sahəsində aparılan inkişaf dəyişiklikləri, yeni tikilən tibb ocaqları ilə bağlı oldu. Digər bölgələrimizdə olduğu kimi, Abşeronda da həm memarlıq, həm təchizat baxımından ən müasir tələblərə cavab verən yeni xəstəxanaların tikilməsi səhiyyə siyasətinin uğurla davam etdirildiyini göstərir. Azərbaycan Prezidenti müasir şəraiti olan bir xəstəxanada vətəndaşlarımıza yüksək səviyyədə tibbi xidmətin göstərilməsini burada çalışacaq 200-dən çox həkim və bütövlükdə 600-dən artıq tibb işçisi qarşısında vəzifə kimi müəyyənləşdirdi. Dövlət rəhbəri müsahibəsində onu da xatırlatdı ki, son 17 il ərzində Azərbaycanın ayrı-ayrı regionlarında 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Bu, hər il milyonlarla vətəndaşımızın dövlət hesabına ödənişsiz tibbi müayinədən keçməsinin mümkünlüyünü göstərir. Eyni zamanda xəstəxanaların müasirləşdirilməsi Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə də şərait yaradıb.

Azərbaycan Prezidenti müsahibəsində ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri haqqında suallara da cavab verdi. Bu tədbirləri ümumilikdə müsbət qiymətləndirən dövlət rəhbəri qeyd etdi ki, vəziyyətin bir il ərzində nəzarət altında saxlanmasında yeni laboratoriyaların ölkəyə gətirilməsinin xüsusi rolu olub. Çünki pandemiyaya qədər Azərbaycanda cəmi 8 laboratoriya olub və bu da gün ərzində cəmi min testin keçirilməsinə imkan verib. Hazırda isə laboratoriyaların sayı 42-dir. Bu laboratoriyalarda gündə 20 min test keçirilir. Qeyd edək ki, indiyədək 2 milyon 400 min test keçirilib və bu da böyük göstəricidir.

 

Pandemiyaya qarşı mübarizədə “Azərbaycan modeli”

 

Pandemiya dövrünün ilk günlərindən modul tipli xəstəxanaların ölkəyə gətirilməsinə nail olan Azərbaycan bu sahədə də liderlik nümayiş etdirib. Qısa müddətdə ölkə ərazisində 13 modul tipli xəstəxananın quraşdırılmasına nail olunub. Bəzi ölkələr məhz Azərbaycanın ardınca modul tipli xəstəxanaların gətirilməsinə başlayıb və sifarişlər kütləviləşdiyindən onların istehsalında vaxtla bağlı müəyyən problemlər özünü göstərib.

Xüsusi vürğulanmalıdır ki, Azərbaycan dövlətinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində son həftələr pandemiya ilə bağlı müsbət dinamika müşahidə olunur. Sağalanların sayı xəstəliyə yoluxanların sayını xeyli üstələyir. Ölkə rəhbəri məhz bunu nəzərə alaraq karantin tədbirlərində yumşalma mərhələsinə qədəm qoyulduğunu diqqətə çatdırdı. Eyni zamanda bildirdi ki, dövlət bu müddət ərzində həm insanların sağlamlığını qorumaq, həm də vətəndaşlara lazım olmayan halda əlavə çətinliklər yaratmamaq üçün vəziyyətə uyğun şəkildə addımlar atıb.

Ölkə Prezidenti onu da qeyd etdi ki, xəstəliyin təhlükələrini, onunla bağlı qeyri-müəyyənlikləri, elmi tədqiqat nəticələrinin bəlli olmamasını nəzərə alaraq Azərbaycan ilk günlərdən lazımi addımlarını atıb. Eləcə də Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün ciddi şəkildə çalışılıb.

Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir. Bir neçə dəfə isə Azərbaycan hətta nümunəvi ölkə kimi təqdim olunub. Dünyanın aparıcı rəy sorğusu şirkətlərindən olan “Gallup” təşkilatının Azərbaycan vətəndaşları arasında apardığı təhlil-rəy sorğusu zamanı da fikri soruşulan vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edək ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 4-cü yerdədir: “Bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, biz düzgün yoldayıq, hər zaman vətəndaşlara həqiqəti demişik”.

 

Yardımlaşmaq məsuliyyətdir

 

Prezident müsahibəsində dövlətimizin pandemiya dövründə ehtiyacı olan digər ölkələrə kömək etmək haqqında da məlumat verdi. Azərbaycanın məsuliyyətli ölkə, həmçinin Qoşulmama Hərəkatına rəhbərlik edən dövlət kimi başqalarına yardımları özünə borc bildiyini qeyd etdi. Həqiqətən pandemiya dövründə xüsusilə ağır vəziyyətlə üzləşən elə ölkələr var ki, vətəndaşların gündəlik tələbatlarını ödəməkdə çətinlik çəkirlər. Bu vəziyyətdən çıxmaqda onlara yardım əlinin uzadılması, həmin ölkələrin vətəndaşları şəxsində insanlığın xəstəlikdən, aclıqdan, səfalətdən xilası hər bir məsuliyyətli ölkənin ali missiyasıdır. Azərbaycan da bunu nəzərə alaraq bu dövr ərzində mövcud imkanları daxilində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib. Beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Bu məbləğin 5 milyonu təşkilatın pandemiyaya qarşı ümumi tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan, xüsusilə kasıb ölkələrin yardımına istiqamətləndirilib.

 Müsahibədə Azərbaycanın pandemiyaya qarşı mübarizə sahəsində beynəlxalq Zirvə görüşlərinin keçirilməsi təşəbbüslərindən də söhbət açıldı. Dövlət rəhbərimizin irəli sürdüyü bu təşəbbüslərə uyğun olaraq həm Türk Şurasının, həm də Qoşulmama Hərəkatının iki Zirvə görüşü məhz pandemiyaya həsr edilib. Prezident onu da nəzərə çatdırdı ki, bu, bütün dünyada ilk belə təşəbbüs olub və kifayət qədər müsbət nəticələr verib. Ondan sonra Azərbaycan artıq Qoşulmama Hərəkatı üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə nail olub. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının xüsusi sessiyasındakı çıxışı zamanı bütün ölkələri bu məsələdə həmrəyliyə çağırdığını, qlobal bəlaya qarşı mübarizədə səylərin birləşdirilməsinin, hansısa birtərəfli addımların atılmamasının, zəngin ölkələrin məsuliyyət göstərməsinin, peyvəndin bütün ölkələrin xalqlarına çatmasının vacibliyini qeyd etdiyini xatırlatdı və açıq şəkildə iradlarını bildirdi: “Hətta demişdim ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Şirkətlərə də çağırışlar etmişdim ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar, yəni məsuliyyətli olsunlar. Prinsipcə, mənim bu çağırışlarımı bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərqi görürük”. Təəssüf ki, hazırda peyvəndlərin ədalətsiz bölgüsü halları müşahidə olunur. Prezident müsahibəsində mətbuatda açıqlanan maraqlı bir fakta toxundu. Məsələn, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Onlar bu günə qədər dünyada istehsal edilən vaksinlərin 53 faizini veriblər. Hətta inkişaf etmiş ölkələr vaksini öz aralarında da ədalətli şəkildə bölə bilmirlər. Prezident İlham Əliyev qlobal proseslər barədə ən informasiyalı liderlərdən biri kimi bununla bağlı məlumat və rəylərini müsahibəsi zamanı ölkə əhalisi ilə bölüşdü və haqlı suallar qoydu: “Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm”.

 

Neomüstəmləkəçilik siyasətinin ifşası

 

Dövlət rəhbərimiz müsahibəsində Vətən müharibəsi zamanı ermənipərəst mövqe tutan, işğalçıları dəstəkləyən, insan haqlarından, demokratiyadan danışan Kanadanın əslində insanlığa münasibətinin necə olduğunu göstərən hamı üçün maraqlı bir fakta da toxundu. Məlum oldu ki, cəmi 38 milyon əhalisi olan Kanada 154 milyon vaksin sifariş verib: “Yəni dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər?”

Azərbaycan Prezidenti insanlığa bu cür münasibətin dərin köklərinin olduğunu və bu köklərin müstəmləkəçilik dövrünə apardığını da qeyd etdi: “...Biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır”. Azərbaycan Prezidenti müstəmləkəçilikdən gələn bu cür siyasəti ifşa etdi.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanda yanvarın 18-dən başlayaraq aparılan peyvəndləmə prosesi barədə də geniş məlumat verdi. Xatırladaq ki, Azərbaycan Cənubi Qafqazda bu prosesə start vermiş ilk ölkədir. Ölkəmizin bu sahədə də tədbirli davranması, bir çox addımları vaxtında atması, həmçinin COVAKS təşəbbüsünün üzvü olması müxtəlif vaksinlərin tez bir zamanda ölkəyə gətirilməsinə imkan yaradır. Azərbaycan artıq 4 milyon doza vaksin sifariş edib. Onların ölkəyə gətirilməsi təmin olunub. Planauyğun şəkildə peyvəndləmə prosesi hazırda ölkəmizdə uğurla davam etdirilməkdədir.

 

Erməni faşizminin məhvi

 

Azərbaycan Prezidenti müsahibəsində 44 günlük Vətən müharibəsi zamanı azad edilmiş torpaqlarımıza səfərlərinin təəssüratlarını da bir daha vətəndaşlarımızla bölüşdü. Erməni vandallarının Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Şuşada illərlə törətdikləri vəhşi əməllərindən danışdı. Viran qoyulan şəhər və kəndlərimizdən, dağıdılan, təhqir edilən məscidlərimizdən, tar-mar edilmiş yurdlarımızdan söhbət açdı. Dağıdıb tökə-tökə, yer üzündə gözünə görünən bütün tikililərə, başqa mədəniyyətlərə aid nümunələrə dağıdıcılıq, saxtakarlıq, mənimsəmək, hər şeyi özününküləşdirmək niyyəti ilə baxaraq hara qədər getmək olar?!

Ermənilər işğal etdikləri torpaqlarımızdakı yüzlərlə mədəniyyət müəssisəsini yerləyeksan ediblər. Mədəniyyət Nazirliyinin açıqladığı faktlara görə, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.

O cümlədən Cəbrayıl rayonunda VII-XII əsrlərə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonundakı Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu ermənilərin dağıdıcılıq xislətinə məruz qalıb. Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və ətraf 7 rayonda 706-sı dövlət qeydiyyatında olmaqla, 2600-dən çox (2625 ədəd) tarix və mədəniyyət abidəsi var. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir. Əlbəttə, bütün dağıntılar məqsədli şəkildə edilib. Bu mənfur millət Ermənistan ərazisindəki tarixi torpaqlarımızda, Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi mirasları viran qoymaqla azərbaycanlıların bu ərazidəki mədəni kimliyinin itirilməsi məqsədi güdüb. Bu torpaqlarda bütün milli izlərimizi silməyə çalışıblar.

Erməni vandalizminin, təkcə Azərbaycan xalqına yox, ümumən bəşəriyyətə təhlükə yaradan erməni faşizminin ifşası üçün yerinə yetirilməli vəzifələrə diqqəti yönəldən ölkə rəhbəri dedi: “Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. ...Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək”.

Erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi indi dövlətimizin qarşısında duran mühüm problemlərdəndir. Azərbaycan Prezidenti hər zaman, bütün məsələlərdə olduğu kimi bu istiqamətdə də aydın planlara, strateji hədəflərə malikdir. Ölkə rəhbəri müəyyən qurumların rəhbərlərinə iradını bildirdi və bu prosesin xaotik şəkildə deyil, diqqətlə koordinasiya olunmuş tərzdə, vahid mərkəzdən idarə edildiyini vurğuladı. Prezident bu torpaqlarda bütün işlərin ardıcıllıqla həyata keçiriləcəyini, birincisi, keçmiş məcburi köçkünlərin doğma yurdlara qayıdışı üçün ərazilərin minalardan təmizlənəcəyini, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması üçün onların vurduqları ziyanın qiymətləndiriləcəyini, lazımi inventarlaşdırma, pasportlaşdırma işlərinin aparılacağını, əhalinin infrastruktur layihələrinin icra ediləcəyini söylədi. Hazırda bu işlər paralel şəkildə icra olunmaqdadır.

Ölkə rəhbəri Şuşanı ölkəmizin mədəniyyət paytaxtı elan etdiyini xatırlatdı: “Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar”, - dedi.

Prezident İlham Əliyevin bu müsahibəsində təlqin olunan əsas amil məhz hər kəsə ədalətli münasibətin qorunmasıdır. Bunlar hələ ki, başlanğıcdır. İndi hamı yaxın zamanlarda azad yurdlarımızda yaradacağımız abadlıq mənzərəsi ilə, ümumbəşəri dəyərlərə xidmət amalımızla, regiona sülh, inkişaf, rifah gətirmək əzmimizlə bu torpaqlarda qurulacaq gözəl bir gələcəyin arzusundadır. Azərbaycan bu dəfə də gücünü bütün dünyaya nümayiş etdirəcək.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video