21 Yanvar 2021 10:38
810
Mədəniyyət
A- A+

Mədəniyyət naziri türk dünyası təşkilatlarının nümayəndə heyəti ilə görüşüb

 

Mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə TDƏŞ-in Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, təşkilatın layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirak ediblər.

Qonaqları səmimi salamlayan Anar Kərimov nümayəndə heyətlərinin Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə səfərlərini yüksək dəyərləndirdiyini deyib. Bildirib ki, Azərbaycanı dəstəkləyən, ona dost olan insanların bu ərazilərə səfəri, xoş niyyəti bizim üçün böyük əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı və 30 ildən sonra torpaqlarımıza qovuşduq. Müharibə zamanı mən türkdilli dövlətlərin Azərbaycana dəstəyini xüsusi vurğulamaq istəyirəm. Həm cəmiyyət tərəfindən, həm də siyasi aləmdə biz bu böyük dəstəyi hiss etdik. Yəqin məlumatlısınız ki, ICESCO-nun nümayəndə heyəti də bir neçə gün əvvəl Azərbaycana səfərində işğaldan azad olunan ərazilərimizə baş çəkmişdi. Bu ərazilərdə biz yeni layihələr reallaşdırmağı düşünürük və bu proseslərdə türkdilli dövlətlərlə də birgə əməkdaşlıq məsələləri daha sıx şəkildə təşkil olunmalıdır. Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verib və biz artıq bununla bağlı işlərə başlamışıq. Elə ərazilər var ki, minalardan təmizlənməlidir, artıq Füzulidən Şuşaya yol çəkilir, yeni infrastruktur hazırlanır. Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik”.

Nazir daha sonra “Nizami Gəncəvi İli” ilə bağlı keçiriləcək tədbirlər haqqında fikirlərini bölüşüb. Bildirib ki, dahi Nizami Gəncəvinin yubileyi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd ediləcək: “İnanıram ki, türkdilli dövlətlərin nümayəndələri “Nizami Gəncəvi İli” ilə əlaqədar təşkil edilən tədbir və festivallarda yaxından iştirak edərək öz töhfələrini verəcəklər”.

TDƏŞ-in Baş katibi Bağdad Amreyev səmimi qəbula görə təşəkkürünü bildirib. İşğaldan azad olunmuş ərazilərə səfərləri ilə bağlı təəssüratlarını bölüşüb. Deyib ki, Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar. Sonra Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Ermənilər işğal etdikləri Füzuli şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Rayonda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb: “Füzuli şəhərinin küçələri ilə gəzərkən biz dağıdılmış məscidin, mədəniyyət evinin binalarını gördük. Bu mənzərə bizi hədsiz təsirləndirdi. Tarixi məkanların terrora məruz qalmasını bütün dünya görməlidir.

Biz Azərbaycan Mədəniyyət Nazirliyinin reallaşdırdığı hər bir layihədə yaxından iştirak etməyə və dəstək verməyə hazırıq. Şuşa mədəniyyət beşiyidir və biz öz növbəmizdə yaxın növbəti illərin birini Şuşa şəhərini türk dünyasının mədəniyyət paytaxtı elan edəcəyik”.

Bağdad Amreyev daha sonra mədəniyyət sahəsində mübadilə məsələsinin önəminə diqqət çəkib. Qeyd edib ki, bu istiqamətdə yeni layihələr işlənməli, kökü, soyu bir olan xalqlar, ilk növbədə, öz areallarında bir-biri ilə daha sıx yaxınlaşmalı, mədəni irsi bölüşməlidirlər. Eyni zamanda, türk dövlətləri arasında müştərək mədəni layihələr genişləndirilməlidir.

Nazir öz növbəsində vurğulayıb ki, erməni vandallarının törətdikləri vəhşilikləri bütün dünya görməlidir. Füzulinin Qarğabazar kəndi və bu kənddə XVII əsrə aid tarixi əhəmiyyətli olan Şah Abbas və ya Qarğabazar karvansarasında ermənilər mal-heyvan saxlayıblar.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov türkdilli ölkələrin mədəni irsinin təbliğinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Türkdilli dövlətlər arasında illərdir biz müxtəlif layihələr həyata keçiririk və bu layihələr gələcəkdə də uğurla davam etdiriləcək”.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva nümayəndə heyətinin Prezident İlham Əliyevlə görüşü barədə məlumat verib. Qeyd edib ki, görüşdə dövlət başçısı tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid etdiklərini diqqətə çatdırıb. Günay Əfəndiyeva, həmçinin bu il türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinin geniş şəkildə qeyd ediləcəyini də vurğulayıb.

Görüş türkdilli ölkələrin əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video