03 Mart 2021 00:44
1370
CƏMİYYƏT
A- A+

Könül şəhri yarı

 

Şəhid Şəhriyar Ağamalıyevin xanımı: “Onun yarıda qalan arzularını gerçəkləşdirmək üçün yaşayıram”

 

Elə bil ürəyinə dammışdı... Əvvəldən həyat yoldaşını özünün yoxluğuna, onsuz keçəcək çətin günlərə, məşəqqətli dönəmə hazırlayırdı...

Hələ Vətən savaşı başlamazdan bir neçə gün öncə yoldaşını və azyaşlı oğlunu Bakıya qayınanasıgilə gətirmişdi. Sanki apardığı kimi də geri gətirib onu öz əllərilə ailəsinə təhvil vermişdi...

Hər dəfə telefonla danışanda da “möhkəm ol, özünü, uşaqları qoru” deyirdi. Amma ogünkü söhbətləri əvvəlkilərindən fərqliydi... Səsi, sözləri, danışığı, telefonun o başından duyulan nəfəsi belə bir başqaydı... Sanki hal-əhval tutmaq üçün yox, vidalaşmaq üçün zəng vurmuşdu... Sanki bu dəfə həmişəki adi tapşırıq kimi yox, vəsiyyət kimi deyirdi son sözlərini - “möhkəm ol, mənə nəsə olsa, başını dik tut, əyilmə”...

Beləcə, körpə oğlunu, hələ dünyaya gəlməyən qızını həyat yoldaşına, yoldaşını isə Allaha əmanət edib vidalaşdı... Səhəri gün Tanrının ən uca məqamına, şəhidlik zirvəsinə rahat, gözü arxada qalmadan yüksəlmək üçün...

Əslində Nərminə inanmırdı, heç ağlının ucundan belə keçirmirdi ki, bu, könlünün şəhri yarı ilə son söhbəti olacaq... Bir daha onun nə səsini eşidəcək, nə üzünü görəcək...

Axı hələ cəmi üç il idi evlənmişdilər. Axı hələ yeni doğulacaq qızlarına birlikdə ad seçəcəkdilər. Balalarını arzuladıqları kimi böyüdəcəkdilər... Qarşıda birgə addımlayacaqları uzun, xoşbəxt ömür yolu olacaqdı...

Amma sən demə, taleyin yazısı tamam başqaymış... Qismətində bundan sonrakı həyatını yarsız, tək, qürurlu şəhid xanımı olaraq yaşamaq, övladlarını onsuz boya-başa çatdırmaq varmış...        

 

Təsadüfi tanışlıqdan sevgiyə gedən yol

     

İkinci Qarabağ müharibəsinin şəhidi Şəhriyar Ağamalıyevin həyat yoldaşı Nərminə Ağamalıyeva nəmli, kədər dolu gözlərini bir nöqtəyə zilləyib fikirli-fikirli susur. Xəyalı Şəhriyarlı illəri, onlu xatirələri dolaşır. Demək istədiyi sözlər boğazında düyünlənib qalır... Özünü birtəhər ələ alıb, gözyaşlarını silə-silə söhbətə tanış olduqları günü xatırlamaqla başlayır:

- Deyirlər, bütün təsadüflər zərurətdən doğur. Bizim tanışlığımız da elə təsadüf nəticəsində baş vermişdi. Mən Pedaqoji Universitetin İbtidai təhsil fakültəsinin son kursunda təhsil alırdım, eyni zamanda “Bakcell” şirkətində operator işləyirdim. Şəhriyar isə SOCAR-da çalışırdı. Özü də “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında kirayədə qalırdı. Mən həmin stansiyadan çıxıb avtobusa minərək məskunlaşdığımız yataqxanaya gəlirdim. Sən demə, Şəhriyar məni görüb bəyənib, başlayıb gizlincə izləməyə. Bir aydan sonra mənə yaxınlaşdı. Dedi “Sizi təsadüfən dayanacaqda görüb, bəyənmişəm. Xeyli vaxt da izləmişəm. Çox xoşuma gəlirsiz”. Sözün düzü, əvvəl inanmadım. Sərt danışdım. Amma o, geri çəkilmədi. Bir müddət də arxamca gəldi. Axırda bir yağışlı gündə yenə yaxınlaşdı. Dedi “Mən sizə pis məqsədlə yanaşmıram. Fikrim ciddidir. Sizinlə ailə qurmaq istəyirəm. İcazə verin bir-birimizi tanıyaq”. Əvvəl şəxsi nömrəmi yox, iş nömrəmi verdim. Söhbət etdikcə, onu tanıdıqca gördüm çox ağıllı, tərbiyəli, mədəni, ailəsinə dəyər verən oğlandı. Beləcə, bir-birimizi bəyəndik, sevdik...

 

“İşdə komandir sən olsan da, evdə komandir mənəm”

 

2017-ci ilin iyun ayında nişanlanırlar, sentyabrın 6-da isə toyları olur. Nərminə həyat yoldaşının ata-baba yurdu olan Hacıqabula gəlin köçür. Lakin toydan sonra Şəhriyar Ağamalıyev SOCAR-da ixtisara düşür. İslam Universitetinin Şərqşünaslıq fakültəsini bitirsə də, bir müddət rayonda tikinti sahəsində çalışır, taksi sürücüsü kimi fəaliyyət göstərir. Sonra zabitlik kurslarına yazılaraq hərb sənətinə yiyələnmək qərarına gəlir. Əslində bu seçimi etməsi də təsadüfi deyildi. Çünki ailəsində hərbçilər vardı. Əmisi Daşqın Ağamalıyev I Qarabağ müharibəsi zamanı şəhid olmuşdu. Digər əmisi Coşqun Ağamaliyev aviasiya sahəsində polkovnikdir. İki əmisi oğlu da hərbçidir, aviasiya sahəsində çalışırlar. Özü isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət keçmişdi. Görünür, hərb sənətinə olan sevgi və maraq ona da qanla keçmişdi. Amma nə biləydi ki, şəhid əmisi ilə eyni taleni yaşayacaq. Nə biləydi ki, qismətinə əmisi ilə eyni yaşda şəhid olub, eyni qəbiristanlıqda torpağa tapşırılmaq yazılıbmış... 

- Şəhriyar 3 aylıq zabitlik kursunu uğurla bitirdi. İlk təyinatı Goranboya verildi. Təxminən 3 aydan sonra Tərtərdəki Xüsusi Təyinatlı Qoşunların hərbi hissəsinə tağım komandiri kimi təyinat aldı. Bir müddət sonra yenidən Goranboydakı Xüsusi Təyinatlı Qoşunların hərbi hissəsinə qayıtdı. Vətən savaşı başlayanda da elə həmin hərbi hissədə xidmətdə idi.

Sənətini çox sevirdi Şəhriyar. Hərb üçün yaranmışdı sanki. Çox vətənpərvər, cəsur oğlan idi. İşində sərt, ciddi, məsuliyyətli idi. Amma xidmətdə nə qədər sərt olsa da, evdə bir o qədər mülayim idi. Həm yoldaşına, həm də uşağına qarşı qayğıkeşiydi. Özü də qayğıkeş övlad olub. Hər şeyin yerini bilirdi. Heç kimi bir-birindən ayırmırdı. Böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı. Nə istəyirdiksə, deyirdiksə, edirdi. Hərdən zarafatla deyirdim ki, işdə komandir sən olsan da, evdə komandir mənəm. O da gülürdü. İstəyirdi övladı yaxşı yesin, geyinsin, təhsil alsın. Onun üçün də nə lazımdırsa edirdi. Bizə heç bir çətinlik yaşatmırdı. Nə maddi, nə mənəvi. O, mənim üçün ideal insan idi. Hər xanımın arzuladığı həyat yoldaşı idi. Allahıma şükürlər olsun ki, mənim qarşıma çıxmışdı. Birlikdə yaşadığımız ömür qısa olsa da, bütün həyatım unutmayacağım xatirələrlə zəngindi...  

 

Öz ad günündə 8 ermənini silahsız öldürən leytenant

 

2020-ci il fevralın 28-i Ağamalıyevlər ailəsinin ən sevincli günlərindən biri olur. Cütlüyün ilk övlad payı dünyaya gəlir. Oğlunun adını Şəhriyar özü seçir. “Qurani-kərim”in Ali - İmran surəsindən İmran adını verir oğluna. Döyüşlər başlamazdan əvvəl isə ikinci övladlarının yolunu gözləyirdilər. Elə ona görə də Şəhriyar ailəsini götürüb Bakıya gətirir.

- Sentyabrın 6-da toyumuzun üçüncü ildönümü idi. Deyə-gülə qeyd etdik, tort kəsdik. Bir-iki həftə sonra bizi Bakıya anamgilə gətirdi. Tapşırdı ki, hələlik burda qal, həkimə də rahat gedib-gələrsən. Sanki məni anama əmanət edib getdi. Necə aparmışdı, eləcə də öz əlilə təhvil verdi...

Müharibə başlamazdan bir gün əv

vəl səhərə yaxın mənə zəng etdi. Dedi “Nərmin, mənə təcili kontur göndər, dağa çıxacağam”. Ancaq müharibə ilə bağlı heç nə demədi. Açığı, qəribə gəldi məndən kontur istəməsi, çünki bu vaxta qədər istəməmişdi. Göndərdim. Səhərisi döyüşlərin başlandığını bildim. Bir də 3 gün sonra, ilk döyüş tapşırığını tamamladıqdan sonra mənimlə əlaqə saxladı və kef-əhval etdi.

Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Ağamalıyev ölkəmizin ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə Xüsusi Təyinatlı Qoşunların tərkibində taqım komandiri kimi iştirak edirdi. Ona verilən döyüş tapşırığını elə ilk günlərdə yerinə yetirmiş və Talışkənd tərəfdə möhkəmlənmişdi. Leytenant Ağamalıyev taqım komandiri kimi döyüş tapşırığını mükəmməl yerinə yetirdiyi üçün rütbəsini artırmadan bölük komandiri vəzifəsinə yüksəlmişdi. Yayda isə baş leytenant rütbəsini verəcəkdilər. Lakin qismət olmur...

- Müharibə başladıqdan bir gün sonra - sentyabrın 28-si Şəhriyarın ad günü idi. 31 yaşı tamam olurdu. Evindən, ailəsindən uzaq keçən doğum günü... Demə, bu, onun sonuncu doğum günü olacaqdı. Bir daha yaşının üstünə yaş gəlməyəcəkdi. Demə, bundan sonra bütün doğum günlərini onsuz qeyd edəcəkdik...

Dəfn mərasimində döyüş yoldaşları danışırdılar ki, həmin gün Şəhriyar 8 erməni öldürüb, özü də silahsız, yalın əllə. O, əsl qəhrəman idi. Qəhrəmanlıq onun canında, qanında idi. Xalqımızın başına açdıqları müsibətə görə ermənilərə nifrət edirdi. İntiqam hissi ilə alışıb yanırdı. Və müharibə başladığı, torpaqlarımızı geri almaq imkanı yarandığı üçün sevinirdi. Heyf ki, şəhid oldu, qələbəmizi tam görə bilmədi. Bu, məni çox incidir...

 

Sonuncu zəng...

 

Nərminə Ağamalıyeva deyir ki, həyat yoldaşı müharibədə olduğu müddətdə təxminən 5-6 dəfə telefonla danışıblar. Həmişə də söhbətlərinin sonunda ona eyni sözləri deyirdi - “Hər an hər şeyə hazır ol, müharibədə hər şey ola bilər”. Axırıncı dəfə isə oktyabrın 29-da danışırlar. Bu, onların son söhbəti olur.

- Bir neçə gün idi Şəhriyardan xəbər çıxmırdı, əlaqə saxlaya bilmirdik deyə narahat qalmışdıq. Axırı oktyabrın 29-da zəng etdi, çox sevindik, rahatladıq xeyli. Amma budəfəki danışığı əvvəlkilər kimi olmadı. Uşaqları tapşırdı mənə. Dedi “özündən muğayat ol, uşaqları qoru. Mənə nəsə olsa, özünü itirmə, möhkəm dur”. Elə bil ürəyinə dammışdı... Vəsiyyətini edirdi...

Amma mən heç inanmırdım şəhid olar. İçimdə inam vardı ki, ona heç nə ola bilməz. Görünür qismət beləymiş... Şəhidlik alnına yazılıbmış deməli. Şəhadət elə bir uca məqamdı ki, yalnız Allah tərəfindən seçilmişlərə qismət olur. Şəhriyar da o seçilmişlərdəndi. Mən şəhidimlə fəxr edirəm. Qürur duyuram ki, belə bir qəhrəman kişinin həyat yoldaşıyam...

Şəhriyar Ağamalıyev oktyabrın 30-da Suqovuşanda qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Həmin gün 7-8 əsgər pulemyot atəşinə məruz qalır və hamısı şəhid olur. Ş.Ağamalıyev yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyəndə snayperlə vurulur. Həmin gün ermənilər dayanmadan atəş açaraq komandirin nəşinin döyüş bölgəsindən  çıxarılmasına imkan vermirlər. Bir gün sonra səhərə yaxın leytenantın nəşini döyüş ərazisindən çıxarmaq mümkün olur. 

- Əvvəl məndən gizlətdilər. Qayınanam anama xəbər verdi. Anam dedi hazırlaş, Hacıqabula gedirik, ancaq səbəbini demədi. Gördüm anam ağlayır. Soruşdum nə olub, niyə ağlayırsan? Heç nə demədi. Bircə onu soruşdu ki, toyunuzun neçə ili tamam oldu? Üç il. Cəmi üç il...

 

“Yuxuda saçıma sığal çəkib, dedi səbrli ol...”

 

Şəhriyar Ağamalıyev Hacıqabul rayonunun Şəhidlər xiyabanında dəfn olunur. Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilir.

Şəhriyarın yoxluğu Nərminəyə olduqca pis təsir edir. Ağır sarsıntı, depressiya keçirir. Xeyli müddət özünə gələ bilmir. Hər şeydən, hər kəsdən, həyatın özündən küsür... Lakin bu çətin vəziyyətdən də onu elə Şəhriyar çıxarır...

- Özümü çox pis hiss etdiyim günlərin birində Şəhriyar yuxuma gəldi. Saçıma sığal çəkib dedi səbrli ol, hər şey düzələcək. Şəhid olandan sonra bircə dəfə onda Şəhriyarı yuxuda gördüm. Yəqin necə iztirab çəkməyim ona əyan olubmuş...

Şəhriyardan sonra yaşamaq mənim üçün çox çətin idi. Yoxluğu əsl əzab, dözülməz iztirab idi. Elə bil mən də onunla bərabər ölmüşdüm... Ağır depressiyaya düşmüşdüm. Heç kim gözümə görünmürdü, uşaqlarım da... Şəhriyar təkcə həyat yoldaşım, sevdiyim yox, dostum, sirdaşım, həmdəmim idi. Bundan sonra həyatda, yanımda olmayacağını dərk etdikcə ürəyim qan ağlayırdı. Amma o yuxu elə bil məni ayıltdı, güc verdi. Axı mən ona söz vermişdim ki, möhkəm olacam, dik duracam. Əmanətlərinə sahib çıxacam, qoruyacam, yarıda qalan arzularını gerçəkləşdirəcəm. Elə onun amallarını yaşatmaq naminə yaşayacam... Allahıma sonsuz təşəkkür edirəm ki, nə yaxşı övladlarımız var. Onlar Şəhriyarın mənə əmanətləri, yadigarlarıdı. Bu həyatda yaşamaq məramım, gücüm yalnız onlardı...

 

“O cür qəhrəmanın həyat yoldaşı olmaq fəxrdir”

 

Yanvarın 26-da Şəhriyar Ağamalıyevin ikinci övladı, qızı dünyaya gəlir. Çox arzuladığı bu günü görmək, balasına istədiyi adı qoymaq ona qismət olmur. Qızlarının adını Nərminə özü qoyur - Şəhrinur, yəni Şəhriyarın nuru. Yeni doğulan körpənin zəruri xərclərinin qarşılanması üçün “Yaşat” Fondu tərəfindən anaya 1000 AZN təqdim olunub və uşağın adına 5000 manatlıq hesab açılıb. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

- Stress, həyəcan keçirdiyim üçün qızımın səhhətində bir az problemlər vardı. Amma çox şükür aradan qalxdı. Şəhriyar hələ qızı ilə görüşməyib. Qırxı çıxandan sonra Novruz bayramı ərəfəsində Şəhrinuru atasının ziyarətinə aparacam. Fevralın 28-də isə oğlumuz İmranın

1 yaşı tamam oldu. Kimin ağlına gələrdi ki, İmranın ilk doğum günündə atası yanımızda olmayacaq?! Halbuki necə planlarımız, arzularımız vardı... Çox istəyirdi uşaqları xarici dilləri bilsinlər, ali təhsil alsınlar. Paytaxtda ev almağı arzulayırdı. Çünki işi ilə əlaqədar daim kirayələrdə qalırdıq. Hazırda isə Xarici Dillər Universitetinin yataqxanasında anamgilin yanında məskunlaşmışıq. Ev şəraitimiz yoxdu. Şəhid ailəsi olaraq Bakıda evlə təmin olunsaq, şad olaram. Hazırda özüm də işsizəm.

Ümid edirəm Şəhriyarın adı da əbədiləşdirilər. Sağ olsun cənab Prezident, ölümündən sonra Şəhriyarı iki medalla təltif etdi. O, hər mükafata layiq hərbçi idi. Amma əlbəttə, nə qədər mükafat, medal olsa da, heç nə Şəhriyarı əvəz edə bilməz. Onunla nə qədər fəxr etsək, azdır. O cür qəhrəman hərbçinin həyat yoldaşı olmaq özü də bir fəxrdir. Kaş sağ qalaydı, yanımızda olaydı...

Deyirlər, zaman bütün dərdlərin, yaraların dərmanı, məlhəmidir. Lakin elə dərin, qapanmayan yaralar var ki, illər ötsə də, tam sağalmır. Yalnız üzəri qaysaqlayır, içdən-içə isə daim qanayır, ağrıyır, sızıldayır. Sevdiyinin, şəhri yarının, ömür-gün yoldaşının, həyat dostunun yoxluğu da heç bir zaman sağalmayacaq yaradır Nərminə üçün. Amma elə bu yarayla birgə yaşamağı, bütün ağrılara, çətinliklərə rəğmən qürurlu şəhid xanımı kimi həyatını davam etdirməyi öyrənir artıq... Çünki yaşamaq üçün böyük bir amalı var - Şəhriyar Ağamalıyevin əmanətləri, nəslinin, adının davamçıları olan övladlarını onun şanına layiq, elə öz arzuladığı kimi böyüdüb, boya-başa çatdırmaq... 

 

Xəyalə MURADLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video