24 Yanvar 2021 00:46
2133
SİYASƏT
A- A+

İlham Əliyevin enerji strategiyasının növbəti möhtəşəm qələbəsi

 

2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə “Cənub qaz dəhlizi”nin tam istismara verildiyini, artıq Avropa istehlakçılarının Azərbaycanın təbii qazını aldıqlarını deyən Prezident İlham Əliyev həm də enerji sahəsində növbəti mühüm hadisənin müjdəsini vermişdi. “Vaxtından əvvəl nə isə demək istəmirəm. Amma eyni zamanda biz yaxın günlərdə enerji sahəsində yeni gözəl hadisələrin şahidi olacağıq. Vaxt gələndə bu barədə də məlumat veriləcək. Yeni layihə bizim potensialımızı böyük dərəcədə gücləndirəcək”, - deyə dövlət başçısı bildirmişdi.

 

Azərbaycanla Türkmənistan əlaqələrində yeni mərhələnin başlanğıcı

 

Yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması Prezident İlham Əliyvin müjdəsini verdiyi həmin hadisə idi. Azərbaycan və Türkmənistan prezidentlərinin videokonfrans formatında keçirilən görüşü çərçivəsində imzalanan bu tarixi sənəd həm iki ölkənin əlaqələrində, həm onların həyata keçirdiyi enerji siyasətlərində, həm də Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatında yeni mərhələnin başlanğıcıdır.

Xatırladaq ki, müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlər quruldu. Bunun əsası 1992-ci ildə qoyulub. Ortaq milli-mədəni dəyərləri bölüşən bu iki türk dövlətinin coğrafi baxımdan da bir-birinə yaxınlıqlarına, zəngin karbohidrogen ehtiyatlarına malik olmalarına rəğmən siyasi əlaqələri uzun müddət inkişaf etməmişdi. Lakin indi Azərbaycan-Türkmənistan münasibətləri strateji xarakter daşıyır. 2017-ci ildə iki dövlət arasında strateji tərəfdaşlıq haqqında bəyannamə də imzalanıb.

Ümumiyyətlə, son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Bu səfərlər, prezidentlərin razılaşmaları və imzalanan sənədlər əlaqələrin inkişafına böyük təkan verib.

Hazırda Azərbaycanla Türkmənistan arasında siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edən sıx əməkdaşlıq telləri mövcuddur. Son olaraq ötən ilin martında Prezident Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki dövlət arasında müxtəlif sahələri əhatə edən çox geniş gündəliyə dair fəal dialoqun davamının təsdiqi idi. Həmin səfər göstərmişdi ki, münasibətlər yeni mərhələdə dinamik inkişaf edir. Xüsusən iqtisadi-ticari əməkdaşlıq genişlənir, əmtəə dövriyyəsi artır.

 İkitərəfli əlaqələrin genişləndirilməsi çərçivəsində prezidentlərin xüsusilə diqqət yetirdiyi məsələlərdən biri nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi olub. Müasir nəqliyyat infrastrukturu yaradan hər iki dövlət bu sahədə yaxından əməkdaşlıq edərək tranzit və logistika imkanlarını daha da artırıblar. Hazırda bu sahədəki razılaşmalar hər iki ölkəyə mənfəət gətirməkdədir. Bu, həm də regionda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

 

“Dostluq” iki dövlətin dostluğunu daha da möhkəmləndirdi

 

Enerji sahəsində əməkdaşlıq da iki dövlət arasındakı fəal dialoqun əsas müzakirə mövzusudur. İlk növbədə həm Azərbaycanın, həm də Türkmənistanın zəngin karbohidrogen ehtiyatlara malik olması bu istiqamətdə əlaqələrin dərinləşdirilməsini zəruri edir. Qeyd edək ki, Türkmənistan Prezidentinin ötən ilin martında Azərbaycana səfəri zamanı Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanları da ətraflı müzakirə və təhlil edilmiş, iri karbohidrogen resursları yataqlarından birində birgə iş barədə razılaşma əldə olunmuşdu.

Xatırladaq ki, “Dostluq” yatağı Azərbaycanda “Kəpəz”, Türkmənistanda isə “Sərdar” adlandırılırdı. Bu yataq sovet illərində Azərbaycan neftçiləri tərəfindən kəşf olunub. Ancaq hər iki dövlətin dəniz sərhədinin tam ortasında yerləşdiyinə görə uzun illər istismar edilməyib. İndi isə Azərbaycan və Türkmənistan bu yatağın birlikdə istismarı barədə razılığa gəliblər. Yatağın “Dostluq” adlandırılması da məhz bundan irəli gəlir.

Beləliklə, iki dövlətin dəniz sərhədində yerləşən bu yataq Azərbaycanı və Türkmənistanı bir-birinə daha da yaxınlaşdırdı, daha da dostlaşdırdı. Prezident İlham Əliyev Anlaşma Memorandumunu tarixi sənəd adlandıraraq deyib: “...Mən bugünkü sənədi tarixi sənəd adlandırardım, çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”.

 

Yatağın istismarı hər iki dövlətə böyük dividendlər gətirəcək

 

Əvvəldə qeyd olunduğu kimi, Anlaşma Memorandumu Azərbaycan-Türkmənistan münasibətlərində və Xəzərin karbohidrogen ehtiyatlarının hasilatında yeni mərhələnin başlanğıcıdır. Bununla həm də iki dövlətin əlaqələrinin daha da möhkəmlənməsinə yol açan yeni əməkdaşlıq əlaqəsinin təməli qoyulur. İlk dəfə olaraq enerji yatağının iki dövlət tərəfindən birlikdə istismarı Xəzər dənizində yeni əməkdaşlıq formatının yaradılması deməkdir.

Bu yatağı “Dostluq” adlandırmaq barədə ümumi qərarın dərin rəmzi məna daşıdığını deyən Prezident Qurbanqulu Berdiməhəmmədovun sözlərinə görə, Anlaşma Memorandumu strateji istiqamətdə - enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni mərhələ açır. “Hörmətli İlham Heydər oğlu, biz birlikdə böyük, mühüm və çox perspektivli bir layihəyə başlayırıq. Əminəm ki, “Dostluq” yatağında Türkmənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq. Bu tarixi sənədi dəstəklədiyinizə, xalqlarımız və dövlətlərimiz arasında dostluğun, qardaşlığın və əməkdaşlığın inkişafı və möhkəmlənməsi işinə böyük diqqətinizə və şəxsi töhfənizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizi bugünkü əlamətdar hadisə münasibətilə təbrik edirəm”  deyə Türkmənistan Prezidenti bildirib.

Qurbanqulu Berdiməhəmmədov onu da qeyd edib ki, Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni əsrlərboyu türkmən və Azərbaycan xalqlarında mövcud olan möhkəm qardaşlıq telləridir.

Enerji sahəsində irəliyə doğru atılan hər bir addım həm də siyasi və diplomatik uğur hesab olunur. Bu mənada Türkmənistanla “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması İlham Əliyevin enerji strategiyasının növbəti möhtəşəm qələbəsi, respublikamızın siyasi-diplomatik nailiyyətidir.

Bu sənədin imzalanması Xəzərin sülh, mehriban qonşuluq və dostluq dənizi kimi statusunun daha da möhkəmlənməsinə, dənizdə əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə töhfə verəcək. Yatağın istismarı isə tezliklə Azərbaycan və Türkmənistan iqtisadiyyatlarına böyük dividendlər gətirəcək, hər iki dövlətin qlobal enerji təhlükəsizliyindəki iştirakını daha da gücləndirəcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video