16:51 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyev Qarabağa növbəti səfərində də ənənəsinə sadiq qaldı

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:20 18.02.2021

 

Dövlət başçısının xeyir-duası ilə işğaldan azad olunmuş ərazilərdə yeni layihələrin icrasına başlanıldı

 

Adətən, Prezident İlham Əliyevin bölgələrə hər səfəri yaddaşlarda həm də  mühüm istehsal  müəssisələrinin, əhəmiyyətli sosial infrastrukturun, o cümlədən yolların açılışı, yaxud  təməlqoyma  günü kimi qalır. Dövlət başçısının birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə cari il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri  bu baxımdan  istisna  təşkil etmədi. Üstəlik, həmin səfərin özəlliyi də vardı.

Çünki Prezident düşmən tapdağından azad edilmiş  bölgələrə gəlmişdi və səfərin məqsədi barədə belə dedi: “Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin”.

Tədbirlərdən biri Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması  idi. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti  mühüm strateji əhəmiyyət daşıyacaq, çünki azad edilmiş torpaqlara həm vətəndaşların gəliş-gedişinə, həm də yüklərin aparılıb-gətirilməsinə xidmət edəcək. Eyni zamanda  daha bir mühüm məsələ də həllini tapacaq: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyatı əlaqəsi yaranacaq.  Beləliklə,  həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək. Həmçinin bu nəqliyyat infrastrukturu Türkiyəyə qədər uzanacaq və  Bakı-Tbilisi-Qars dəmir yolundan başqa  Azərbaycanı qardaş ölkə ilə  birləşdirən ikinci polad magistral şəbəkəsi olacaq. Təsadüfi deyil ki, region ölkələri  də bu yolun tikintisinə  böyük maraqla yanaşırlar  və layihəyə öz müsbət  münasibətlərini bildiriblər.

Dövlət başçısı  bu layihənin  perspektivlərini qeyd edərək dedi: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.

Prezident işğaldan azad edilmiş  Zəngilana keçən dəfəki səfərində  burada üçrəngli bayrağımızı  ucaltdı. Budəfəki səfəri zamanı isə rayonda birinci “ağıllı kənd” layihəsinə start verildi. Ağalı kəndində icra olunacaq bu pilot layihənin həyata keçirilməsi əsasən 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Prezident İlham Əliyev  son vaxtlarda dəfələrlə bildirib ki, azad olunmuş ərazilər “yaşıl enerji” zonasına çevriləcək. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı məhz alternativ enerji mənbələrindən əldə olunacaq. Sözügedən səfər zamanı dövlət başçısı bu istiqamətdə görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

Təbii ki,  bərpa işləri arasında elektrik enerjisi təchizatı xüsusi yer tutur. İlk növbədə,  Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlar atılıb və  birinci mərhələ başa çatıb. “Azərişıq”  şəhərə elektrik xətlərini çəkib. Şuşanı dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji”  də burada yüksək gərginlikli xətlər çəkir və  elektrik yarımstansiyası inşa edir.

Fevralın 14-də isə  Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasını  işə saldı. Stansiya Laçın  rayonunun cənub hissəsində - Güləbird kəndinin ərazisində yerləşir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Stansiya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.

Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Stansiyanın açılışında  çıxış edən dövlət başçısı dedi: “Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya ortahəcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik... Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür. Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik”.

Prezident  eləcə də  bu bölgələrdə bərpa olunan enerji növlərinin  böyük potensialı olduğunu  bir daha diqqətə çatdırdı. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisinə dair İran İslam Respublikası ilə razılıq əldə olunduğunu bildirdi. Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaq.  Kəlbəcər və Laçın rayonlarında külək,  Zəngilan və Cəbrayıl rayonlarında isə daha çox Günəş enerjisi  potensialı olduğu da qeyd edildi.

Səfər çərçivəsində Prezident  ailə üzvləri ilə  Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində oldular. Erməni vandalları  burada da ekoloji terror törədiblər, meşəlik ərazinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıblar. Dövlət başçısı, birinci xanım  və qızları Leyla Əliyeva Bəsitçay qoruğunda çinar ağacları əkdilər.

Sonra dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunun Soltanlı kəndində də oldular. Burada  Prezidentə işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər barədə məlumat verildi. Bildirildi ki, hazırda əkin sahələrinin monitorinqi davam etdirilir. Əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər verilir.

Xatırladaq ki, azad edilmiş torpaqların böyük kənd təsərrüfatı potensialı var. Təkcə builki mövsümdə həmin ərazilərdə 20-25 hektarda əkin işləri aparılacaq. İndiyədək suvarılmayan 100 min hektar torpaq sahəsinə su verilməsi tapşırılıb.

Prezident  Qarabağın   yağı əli  ilə  tar-mar edilmiş  kəndlərindən keçdikcə diqqəti bir daha erməni vəhşiliyinə yönəltdi. Bu yerləri cənnətə çevirəcəyimizi  və burada əbədi yaşayacağımızı dünyaya bir daha bəyan etdi: “Bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik.”

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM