26 Yanvar 2021 20:05
983
CƏMİYYƏT
A- A+

Horadiz-Füzuli istiqamətində ərazilərin minalardan təmizlənməsi işləri davam etdirilir  

 

Yanvarın 26-da bir qrup media nümayəndəsinin iştirakı ilə Horadiz-Füzuli istiqamətində Azərbaycan Ordusunun mühəndis qoşunlarının istehkamçılarının yerinə yetirdikləri bəzi tapşırıqların praktik nümayişi olub.

AZƏRTAC xəbər verir ki, istehkamçılar kommunikasiya sistemlərinin, yolların, əkin sahələrinin təmizlənməsini nümayiş etdiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov bildirib ki, Müzəffər Ali Baş Komandanın əmri ilə 44 günlük Vətən müharibəsi başlandığı andan mühəndis qoşunlarının hissə və bölmələri düşmənin uzun illər ərzində yaratdığı, dərinliyə doğru partlayan və partlamayan maneələrlə kombinə edilmiş bir neçə yaruslu müdafiə sisteminin yarılması və qoşunların hərəkətinin təmin olunması tapşırığını uğurla yerinə yetiriblər.

Düşmənin özü-özlüyündə keçilməsini mümkünsüz hesab etdiyi maneələr sistemi mühəndis qoşunlarımızın yüksək döyüş hazırlığı və müasir silahlarla komplektləşməsi sayəsində peşəkarlıqla dəf edilib. Ötən il sentyabrın 27-də mühəndis bölmələri tərkibindən maneə ləğvetmə qrupları yaradılaraq xüsusi təyinatlı bölmələr daxil olmaqla əks-hücumda iştirak edən bütün bölmələrin tərkibinə verilib və bu bölmələrin maneəsiz hərəkəti təmin olunub. İlkin mərhələdə partlayış və əl üsulu ilə bölmələrin və texnikaların maneəsiz irəliləməsi məqsədilə düşmənin mina partlayışlı maneələrindən keçidlər açılıb, maneə və dağıntılardan qoşunların keçidi təmin edilib.

Anar Eyvazov qeyd edib ki, düşmən geri çəkilərkən hərəkət marşrutlarında və yollarda xeyli sayda mina partlayışlı maneələr quraşdırıb, mövcud körpüləri partlayışa hazırlayıb və bunların bir qismini partladaraq maneə və dağıntılar yaradıb. Hücum zamanı mühəndis bölmələri bu maneələrin mühəndis kəşfiyyatını apararaq mina partlayışlı maneələri zərərsizləşdiriblər. Bundan başqa, partladılmış körpülərin ətrafından mümkün olan yerlərdən alternativ yollar hazırlanıb, mümkün olmayan istiqamətlərdə isə tank körpüquranları vasitəsilə körpülər qurulub və qoşunların fasiləsiz hərəkəti təmin olunub.

Diqqətə çatdırılıb ki, ümumiyyətlə döyüş əməliyyatları aparılan bütün istiqamətlərdə mühəndis təminatı tapşırıqları uğurla icra olunub. Əməliyyatların gedişatı zamanı qoşunların irəliləməsinin təmin olunması məqsədilə mövcud yolların bərpası və yeni yolların çəkilməsi tapşırığı da yüksək peşəkarlıqla icra edilib.

Böyüktaqlar-Çanaqçı-Sığnaq-Daşaltı-Şuşa istiqamətlərində əks-hücum edən bölmələrin irəliləməsini təmin etmək, eləcə də artilleriya, HHM, tank və MTT bölmələrinin bu istiqamətlərdə hərəkət etməsi məqsədilə qısa müddət ərzində meşəli-dağlı ərazilərdən kalon yolu salınıb, mövcud olan Daşaltı-Şuşa yolu qısa vaxtda minalardan təmizlənib, bununla da Şuşa şəhərinin işğaldan azad olunmasında mühəndis təminatı icra olunub.

Keçən il noyabrın 10-dan sonra Ağdam, Kəlbəcər, Laçın rayonlarına aparan yollar da qısa müddət ərzində minalardan təmizlənib, maneələr aradan qaldırılıb.

Əldə olunan böyük uğurlarda mühəndis qoşunlarının hissə və bölmələrinin hər bir hərbi qulluqçusu yüksək qəhrəmanlıq göstərib. Döyüş əməliyyatlarında mühəndis qoşunlarının istehkamçılarından 27 nəfər şəhid olub, 143 nəfər isə yaralanıb.

Hərbi qulluqçuların göstərdiyi peşəkarlıq Müzəffər Ali Baş Komandanımız tərəfindən yüksək qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medalla təltif olunub.

Bundan başqa, Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçu medalla təltif edilib.

Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın göstərişi ilə mühəndis qoşunlarının hissə və bölmələri işğaldan azad edilən ərazilərdə mina və partlamamış döyüş sursatlarının təmizlənməsi, o cümlədən yolların bərpası, yeni yolların çəkilməsi və azad edilmiş rayonlarda hədlər boyu tərtiblənməsi üzrə mühəndis təminatı tapşırıqlarını yerinə yetirirlər.

Mühəndis Qoşunları İdarəsinin rəis müavini Ceyhun Cəfərov açıqlamasında deyib ki, bu günədək Cəbrayıl, Füzuli və Ağdam rayonları üzrə 2200 hektardan çox əkin sahəsi üçün yararlı ərazi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Əlavə 92 hektar digər təyinatlı ərazilərdə tam təmizlənmə işləri yerinə yetirilib.

İşğaldan azad olunan ərazilərdə mövcud yolların mina və hərbi sursatlardan təmizlənərək bərpası və yeni yolların çəkilməsi işləri də aparılır. Paralel olaraq digər dövlət qurumları ilə birgə kommunikasiya xətlərinin çəkilməsi üçün həmin xətlərin keçdiyi ərazilərə ayrılan qruplar tərəfindən mina təmizlənmə tapşırıqları yerinə yetirilir.

O qeyd edib ki, ümumilikdə 135,5 kilometr yol bərpa edilib və 80 kilometr yeni yol çəkilib. Ərazilərin mina və partlamamış döyüş sursatlarından tam təmizlənməsi zamanı 1453 ədəd tank əleyhinə, 5420 ədəd piyada əleyhinə mina və 17 min 500 ədəd müxtəlif çaplı döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib.

C.Cəfərov, həmçinin vurğulayıb ki, Azərbaycan Ordusunun mühəndis qoşunlarının hissə və bölmələri ilə yanaşı, azad olunan ərazilərin mina və partlamamış hərbi sursatlardan tam təmizlənməsi tapşırıqlarına qardaş Türkiyə dövlətindən gələn mina təmizləmə qrupları da cəlb edilib.

Hazırda mina təmizləmə qrupları tərəfindən ərazilərin təmizlənmə tapşırıqları yerinə yetirilir. Təlimata əsasən axtarış zamanı aşkarlanan döyüş sursatlarının zərərsizləşdirilməsi aparılır, zərərsizləşdirilməsi mümkün olmayan sursatlar yerində partlayış üsulu ilə məhv edilir. Müzəffər Ali Baş Komandanın göstərişinə əsasən bu tapşırıqların yerinə yetirilməsinin sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə müasir tipli minaaxtaran cihazlar alınaraq bölmələrin istifadəsinə verilib. Bundan başqa, müasir mina təmizləmə maşınları da alınıb, onların da yaxın günlərdə Azərbaycana gətirilməsi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video