27 Fevral 2021 03:05
645
SİYASƏT
A- A+

Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıblar

 

29 il öncə dinc əhalinin, o cümlədən uşaqların, qadınların və ahılların kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnmiş Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanın aparıcı gənclər təşkilatları bəyanat veriblər.

İnsanlığa qarşı yönəlmiş bu cinayətə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməməsinə, bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunmamasına etiraz edən gənclər təşkilatları bu haqlı tələbləri dəstəkləməsi üçün dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və tərəfdaş qurumlara müraciət ediblər.

AZƏRTAC bəyanatı təqdim edir:

“Bu gün Azərbaycan tarixinin ən faciəvi günlərindən biri - Xocalı soyqırımının növbəti anım günüdür.

1992-ci il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı misli görünməmiş vəhşilik törədilmişdir. 3 minə yaxın əhalisi olan şəhər mühasirəyə alınaraq, saatlarla ağır artilleriya silahları və tanklardan atəşə tutulduqdan sonra dinc əhaliyə qarşı qətliam törədilmişdir. Cəmi bir neçə saatın içərisində sırf milli mənsubiyyətinə görə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini ağlasığmaz amansızlıqla qətlə yetirilmiş, 500-ə yaxın insan, o cümlədən 76 uşaq isə ağır yaralanmışdır. Həmin gecə sağ qalan 1275 nəfər girov götürülərək, dəhşətli işgəncələrə məruz qalmışdır. 68 qadın və 26 uşaq daxil olmaqla, 150 əsirin taleyi hələ də məlum deyil.

Münaqişə zamanı mülki insanlara qarşı ağır cinayətlərin törədilməsi Ermənistan hakimiyyətinin bütün tarixi dövrlərdə həyata keçirdiyi dəyişməz dövlət siyasətidir. 90-cı illərin əvvəlində Ermənistanın hərbi təcavüzü ilə başlayan müharibənin gedişatında və sonrakı 26 il ərzində atəşkəs dövründə olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində vüsət alan müharibə dövründə də dinc əhaliyə qarşı cinayətlər davam etmişdir. Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasından yüzlərlə kilometr uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərin qadağan olunmuş silahlarla bombalanması nəticəsində 93 nəfər mülki vətəndaş qətlə  yetirilmiş, 400-dən çox insan yaralanmışdır.

Biz, bu bəyanatı imzalayanlar - ətrafında on minlərlə gənci birləşdirən gənclər təşkilatları olaraq 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı aşağıdakıları bəyan edirik:

- XX əsrin sonunda Avropada, dünyanın gözü qarşısında ən ağır beynəlxalq cinayət törədənlərin bu gün Ermənistanda qəhrəmanlaşdırılması və cəzasız mühitdə yaşaması qəbuledilməzdir! Xocalı şəhərində yüzlərlə dinc sakinin amansız qətliamının təşkilatçıları və icraçıları olan və bunu dəfələrlə öz müsahibələrində, çıxışlarında heç bir vicdan əzabı çəkmədən etiraf edən Robert Koçaryan, Seyran Ohanyan, Serj Sarkisyan, Zori Balayan, Vitali Balasanyan və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar!

- Bütün ölkələrin parlamentarilərini, beynəlxalq təşkilatları Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməyə və gələcəkdə belə hadisələrin bir daha təkrar olunmaması naminə insanlıq əleyhinə yönəlmiş bu cinayəti qətiyyətlə pisləməyə səsləyirik!

- Ermənistan hökumətindən Xocalıda törədilən soyqırımına görə rəsmi şəkildə üzr istəməsini və bu cür cinayətləri bir daha törətməyəcəyi ilə bağlı dövlət səviyyəsində zəmanət verməsini tələb edirik!

Artıq münaqişə tarixdə qalmış, Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir. İndi 30 ildir ki, bu münaqişədən əziyyət çəkən regionumuzda sülhün və təhlükəsizliyin bərqərar edilməsi vaxtıdır. Lakin sülhün, erməni və Azərbaycan xalqlarının birgəyaşayışının təmin edilməsi üçün ədalət öz yerini tapmalı, müharibə cinayətkarları, o cümlədən Xocalı qatilləri məsuliyyətə cəlb edilməlidir. Ədalət sülhün təməl daşıdır! 

Regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olması, Xocalı soyqırımı qurbanlarının dəstəklənməsi, cinayətkarların beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb olunması naminə milliyyətindən, dinindən, cinsindən və yaşından asılı olmayaraq, bəşəri dəyərlər və humanizm prinsiplərinə sadiq olan hər kəsi - dünya liderlərini, ictimai aktivistləri, jurnalistləri, blogerləri, idmançıları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün səylərini əsirgəməməyə, soyqırımı qurbanları ilə həmrəylik nümayiş etdirməyə  çağırırıq!”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video