25 Yanvar 2021 19:42
675
CƏMİYYƏT
A- A+

Fövqəladə Hallar Nazirliyi dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət ünvanlayıb

 

Fövqəladə Hallar Nazirliyi (FHN) dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, qışda qarın yağması ilə təbiətin ağ örpəyə bürünməsi ətrafda gözəl mənzərə yaratmaqla yanaşı, bir sıra hallarda insan həyatı və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Belə ki, bəzən insanların müxtəlif məqsədlərlə, o cümlədən ov etmək, təbiət gözəlliyinin dadını çıxarmaq və s. üçün yaşayış yerindən uzaqlaşaraq qarla örtülmüş yüksək dağlıq və meşəlik ərazilərə üz tutması sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Bu zaman qış aylarında dağlıq ərazilər üçün xarakterik olan qar uçqunu, yolu azma, vəhşi heyvanların hücumu və s. insan həyatı və sağlamlığı üçün real təhlükə yaradır.

FHN qeyd olunanları nəzərə alaraq, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, fəslə uyğun geyinməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edir. Həmçinin yadda saxlamaq lazımdır ki, ilk baxışdan aldadıcı görünsə də, günəşli havada qar uçqununun baş vermə ehtimalı daha da artır.

Məlumatda qeyd olunub ki, qar uçqununun baş verməsi halında aşağıdakı qaydalara əməl etmək lazımdır:

- qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin;

- uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

Uçqun sizi yaxalayıbsa:

- nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;

- qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;

- axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;

- uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);

- qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır.

- soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.

“Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə FHN-in məlumatında diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video