22 Yanvar 2021 00:42
848
Mədəniyyət
A- A+

“Tarix üçün çəkirəm...

Fotojurnalist Fərman Bağırov belə deyərdi

 

1990-cı ilin 19 yanvar axşamı - əliyalın insanlara qarşı topa-tüfəngə rəvac verildiyi andan üç-dörd saat əvvəl Bakının Salyan kazarması adlanan yerində toplaşmış izdihamı yararaq bir nəfər əlində fotoaparat irəliyə doğru addımlayırdı. Qəflətən fotoaparatına bir əl toxunduğunu gördü və bunun ardınca izdihamdan gur səs gəldi:

- Yoxsa sənə də deyiblər ki, biz ekstremistlərik?

Bu səslərdə sanki qəzəblə kədər birləşmişdi. Fotoaparatlı adam baş verən olayları olduğu kimi dərk etdiyindən təmkinini pozmamağa çalışdı. Bununla belə dilindən qeyri-ixtiyar bu sözlər qopdu:

- Mənə heç kim heç nə deməyib. Mən tarix üçün çəkirəm!..

O narahat axşamın qanlı gecəsinin hüznlü səhərində də fotojurnalist Fərman Bağırov evindən qəlbinin hökmü, vicdanının səsi, ömrünü həsr etdiyi peşəsinin tələbi ilə küçəyə çıxmışdı. O, heç çalışdığı “Kommunist” qəzetindən tapşırıq da almamışdı. Çünki həmin il məzuniyyəti qışa düşmüşdü...

Cəlladlar gecə törətdikləri faciə ilə kifayətlənməmişdilər, axıtdıqları nahaq qanlardan “doymayıb” ayın 20-də gündüz hərdən yenə atəş açırdılar. Fərman bu dəfə bilərəkdən kiçik fotoaparat götürmüş və onu pencəyinin qoltuğunda gizlətmişdi. Şəhərboyu irəliləyir və gördüklərini xəlvətcə çəkməyə çalışırdı ki, hərbçilərin diqqətini cəlb etməsin. Amma onu artıq izləyirdilər. Fərman tezcə daha bir kadr çəkib guya hara isə tələsirmiş kimi qarşıdakı iki yaşayış binasının arasında sanki dəhliz yaratmış dar yoldan keçərək gözdən itdi. Hərbçilər ona atəş açmağa macal tapmadılar. Amma Fərman nədənsə kürəyində bir gizilti hiss etdi...

Bütün bunlara baxmayaraq, Fərman Bağırov ertəsi gün də çiynində fotoaparat Bakının küçələrindən çəkilmədi. Yalnız bir neçə gündən sonra yadına düşdü ki, yanvarın 21-də ömrünün növbəti - 55-ci pilləsinə qədəm qoyub...

Deməli, həyatı yaşının 54-cü ilinin son günündə qırıla bilərmiş. Amma ömür payı hər kəsə Allah tərəfindən verilir. Fərman müəllimin qismətində bundan sonra daha 30 ildən bir az da çox yaşamaq, Azərbaycanın dövlət müstəqilliyini görmək, ölkəmizin adını daşıyan rəsmi dövlət qəzetində çalışmaq, nəvə-nəticə sahibi olmaq varmış...

“Həyata seyrçi kimi baxmaq olmaz, həyatı həyat kimi yaşamaq lazımdır” deyirdi Fərman müəllim. Elə bu cür də yaşadı. Fotojurnalistikada 65 illik fəaliyyəti zamanı çəkdiklərini də sadəcə obyektivə alıb kağıza köçürmədi. Fotolarının hamısını “görərək”, duyaraq, mənasını-məzmununu dərk edərək çəkdi.

Foto ilə yeniyetməlik çağından maraqlanmağa başlamışdı. Ordu sıralarında xidmətini başa çatdırandan sonra gənc Fərmanın fotoya marağı o dövrdə Azərbaycanın ən nüfuzlu mətbu orqanı olan “Kommunist” qəzetinin redaksiya heyətinin diqqətini cəlb etmişdi. Lakin o zaman həmin qəzetdə fotoillüstrasiya ilə məşğul olanlar qeyri-millətlərin nümayəndələri idi. “Kommunist” Mərkəzi Komitənin orqanı olduğundan qəzetə əlavə ştatın verilməsi də orada müəyyənləşdirilirdi. Odur ki, Fərman Bağırovu fotomüxbir kimi bir müddət ştata götürmək mümkün olmamışdı. O isə ruhdan düşməyərək qəzet üçün maraqlı-məzmunlu fotolar çəkməkdə davam etmişdi. Çox keçmədən ştatdakı “qeyri”lərdən daha yaxşı fotolar çəkdiyinə görə işə götürülmüşdü. Yeri gəlmişkən qeyd edək ki, Fərman müəllim sevimli işindən ayrılmadan Azərbaycan Dövlət Universitetinin (indi BDU) Jurnalistika fakültəsini bitirmiş, sonralar bir müddət həmin fakültədə tələbələrə foto sənətkarlığından dərs vermişdi.

Bəlkə bu da bir taledir ki, Fərman Bağırov həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycanın ən aparıcı mətbu orqanlarında çalışıb. Əmək kitabçasında yalnız ikicə qəzetin - “Kommunist”in və “Azərbaycan”ın adı var. “Azərbaycan”da uzun müddət Fotoillüstrasiya şöbəsinin müdiri olub.

Mövzu dairəsi olduqca geniş idi. Fərman Bağırov uzun illər tarlalardan və zəmilərdən, mədənlərdən və zavodlardan, təyyarədən və gəmidən, metro tikintisini işıqlandırarkən isə hətta yerin altından fotolar çəkib. Təbiəti və müasirlərini əks etdirən fotolarından da aydın görünür ki, əsl yaradıcı insan olub.

Fərman Bağırovun fotoobyektivindən rast gəldiyi çatışmazlıqlar, neqativ hallar yayınmazdı. Təsadüfi deyil ki, saysız-hesabsız fotoittihamları da vardı. Ancaq deyərdi ki, onun üçün ən böyük məsuliyyət və qürur dövlət tədbirlərindən, yüksək səviyyədə keçirilən görüşlərdən, beynəlxalq simpozium və konfranslardan fotolar çəkməkdir. Belə ki, Fərman Bağırova bir müxbir kimi dəfələrlə Ümummilli Lider Heydər Əliyevin iştirak etdiyi tədbirlərdən fotolar çəkmək qismət olmuşdu. Bu fotolar Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrə aid idi.

1994-cü ilin narahat və təlaşlı bir payız axşamında, Azərbaycanda dövlət çevrilişinə cəhd göstəriləndə xalq Ümummilli Lider Heydər Əliyevin çağırışına cavab verərək bir izdiham dənizində birləşmişdi. Fərman Bağırov da orada idi. Fotoaparatı ilə birlikdə...

O eləcə də Milli Məclisin iclaslarından, bir çox digər rəsmi tədbirlərdən çəkilən saysız-hesabsız fotoların müəllifi idi. Maraqlıdır ki, yaddaşında çəkdiyi fotoların az qala hərəsi ilə bağlı bir unudulmaz xatirəsi qalmışdı.

Fərman Bağırov Azərbaycanda və onun hüdudlarından kənarda bir çox fotosərgilərdə iştirak etmiş və birinci dərəcəli diplomlara layiq görülmüşdür. 1969-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanını almışdı. Jurnalistika qarşısında xidmətləri 1989-cu ildə “Əməkdar mədəniyyət işçisi” adı, 2005-ci ildə “Tərəqqi” medalı ilə qiymətləndirilmişdir.

Fərman müəllim Prezident İlham Əliyevin jurnalistlər üçün tikdirdiyi evdəki mənzilində ailəsi ilə birlikdə fərəhlə yaşayırdı. Yeri gəlmişkən, həyat yoldaşı, jurnalist Zümrüd xanımla da sənət yollarında rastlaşmışdı. Onlar talelərini birləşdirmiş, üç gözəl övlad böyütmüş, onları yerbəyer etmiş, xoşbəxt ömür sürmüşlər.

 “Azərbaycan”çılar kecmiş iş yoldaşları, unutmadıqları tanınmış fotojurnalist Fərman Bağırovu bu gün yəqin ki, redaksiyaya dəvət edər, 85 illik yubileyinin sevincini onunla birliklə yaşayardılar. Əgər həmkarımızın ömrü yarımca il vəfa etsəydi... Biz Fərman müəllimi yaratdığı fotosalnaməni vərəqləyərək həmişə xatırlayır, hörmətlə yad edirik.

 

Flora SADIQLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video