09:23 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünənin hara, bu günün hara, Astara!

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:46 03.03.2021

 

Azərbaycan adlı məmləkətin dilbər bir guşəsidir Astara. Buradakı çoxsaylı qalalar, tarixi yerlər onun keçmişini, qədimliyini yaşadıb bugünümüzə çatdıran maddi mədəniyyət nümunələridir. Astarada olanda, onun haqqında nəsə yazmaq istəyəndə Cənub həsrətli şairimiz Söhrab Tahirin bu misraları yada düşür: “Mənim qollarımı iynə-sap edin, Tikin Astaranı biri-birinə”.

Heç kəs dünyanın yaşını doğru-dürüst deyə bilməz. Deyilənlər də fərziyyələrdən, ehtimallardan ibarətdir. Ancaq bir həqiqət də var ki, sakini olduğumuz planetdə - Yer kürəsində elm və texnikanın əsaslı inkişafı son 200-300 ildə baş vermişdir. İnternetin dünyaya ayaq açması isə indiki nəsil nümayəndələrinin gözü qarşısında olmuşdur.

Dünyadakı inkişaf fonunda Azərbaycanımız da, heç şübhəsiz ki, tərəqqi etmişdir. Bir neçə il öncə ölkəmizin dünya kosmos ailəsinə üzv olması buna sübutdur. Tarixə bir daha nəzər salanda, bunları təhlil edəndə XX əsrin 50-60-cı illəri yada düşür. O vaxt keçmiş SSRİ məkanında Azərbaycan müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra Azərbaycanda bir canlanma yarandı, hər sahədə inkişaf başladı. Astara da bu inkişafın ön sıralarında addımladı. Rayonun zəhmət adamları yorulmaq bilmədən çalışaraq çay plantasiyalarını, sitrus meyvə bağlarını, tərəvəz sahələrini genişləndirdilər. Yetişdirdikləri məhsullar keçmiş SSRİ-nin bütün şəhərlərinə göndərildi. Əvəzində astaralılar yaxşı əməkhaqqı alıb gün-güzəranlarını yaxşılaşdırdılar. Eyni zamanda Astara da abadlaşdı, rayon respublikada öncüllər sırasına çıxdı.

Amma 90-cı illərin məlum hadisələri zamanı Astara da məhrumiyyətlərlə qarşılaşdı. Onilliklər ərzində böyük zəhmətlə tikilən, qurulan nə vardısa, məhv olub getdi, insanların yaşayış səviyyəsi aşağı düşdü. Lakin nə yaxşı hər bir zülmət gecənin işıqlı sabahı varmış. Respublikamız, o cümlədən onun dilbər guşəsi olan Astara da bu zülmətdən, çətinlikdən, səfalətdən silkələnib çıxmağı bacardı. Ölkənin hər yerində olduğu kimi, Astarada da yaranmış süstlüyün, laqeydliyin, ümidsizliyin buzu yavaş-yavaş əriməyə, tikinti-quruculuq, abadlıq işləri gündən-günə genişlənməyə başladı. Yeni məktəblər, səhiyyə və mədəniyyət ocaqlarının tikintisinə start verildi, köhnələri əsaslı şəkildə təmir edildi. Onların hər biri yeni avadanlıqlarla, ləvazimatlarla təchiz olundu.  

Birinci regional inkişaf dövlət proqramı çərçivəsində Astarada 90 meqavoltluq elektrik stansiyası istifadəyə verildi. Ölkəmizin elektrik sisteminə qoşulan bu stansiya indi cənub bölgəsinin enerji təminatında əhəmiyyətli rol oynayır. 2011-ci ildə istismara verilən Astara Qaz Kompressor Stansiyası isə əhalinin həm “mavi yanacağ”a olan tələbatını ödəyir, həm də qonşu İran İslam Respublikasına təbii qaz ixrac edir. Normal işıq və qazın olması əhalinin rifahının yaxşılaşmasını təmin etməklə bərabər, yeni istehsal sahələrinin yaranmasına, turizm və digər layihələrin icrasına imkan verir. Bu gün Astara aqrar sənaye potensialına və turizmin inkişafına görə Azərbaycanda seçilən rayonlardandır.

Hazırda regionların sosial-iqtisadi inkişafı üzrə 4-cü dövlət proqramı rayonda uğurla icra olunur. Nəzərdə tutulan layihələr, tədbirlər vaxtında həyata keçirilir. Astara şəhərində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş şəxslər üçün 36 mənzilli yaşayış binası, Burzubənd kəndində 630, Şəvqo və Xıçaso kəndlərinin hər birində 40 şagirdlik məktəb binaları, Ərçivan qəsəbəsində körpələr evi-uşaq bağçası üçün 80 yerlik yeni bina tikilib istifadəyə verilmişdir. “Zirvə” Benəlxalq İdman Klubu tərəfindən inşa olunan beynəlxalq səviyyəli basketbol meydançası və idman zalı, “Oxatan” MMC-nin Maricel Astara Resort Kompleksi, Qamışoba kəndində “Zirvə” Beynəlxalq Təlim-Məşq Bazası da istifadəyə verilmiş obyektlər sırasındadır. Eyni zamanda çətin relyefdə yerləşən və indiyəcən avtomobil yolu olmayan Dolu, Sibiyyət, Diqo, Avyarud kəndlərinə yol çəkilişi başa çatmış, burada yaşayan insanları illərdən bəri rahatsız edən problemlər həllini tapmışdır. Hazırda isə Heydər Əliyev prospektində Vətən müharibəsindəki qələbənin şərəfinə “Zəfər” parkı salınır. Söz düşmüşkən onu da qeyd edək ki, rayonda mənzil növbəsinə götürülmüş 11 şəhid ailəsi və 3 Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evləri inşa edilmişdir. Cari ildə bu kateqoriyadan olan daha 20 ailə üçün fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulmuşdur.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı üçün yaradılmış əlverişli şərait Astarada çay, çəltik və sitrus meyvələri istehsalına böyük təkan vermişdir. Təkcə keçən il 205 hektardan 844 ton çəltik əldə edilmiş, hər hektarın məhsuldarlığı 41 sentnerə çatmışdır. İstehsal edilən çəltiyin müasir standartlara uyğun emalı, çeşidlənməsi və qablaşdırılması məqsədilə Ərçivan qəsəbəsində gündəlik istehsal gücü 40 ton olan çəltik emalı zavodu istismara verilmişdir. Həmçinin 137 hektar məhsuldar çay plantasiyasından 628 ton yaşıl çay yarpağı dərilərək  emal müəssisələrinə göndərilmişdir. Sevindirici haldır ki, burada istehsal edilən çay xarici bazarlara da ixrac olunur.

Son illər rayonda fiziki şəxslər və pay torpağı olan mülkiyyətçilər tərəfindən yeni sitrus bağları salınmışdır. Hazırda onların ümumi sahəsi 4 min 160 hektardır. Təcrübə mübadiləsi nəticəsində Astaraya şaxtayadavamlı yeni sitrus tingləri gətirilmiş, innovativ üsullarla yeni sitrus bağları salınmışdır. Keçən il rayon üzrə 34 min ton məhsul istehsal olunmuşdur.

Astaradan söz açıb astaralı gənclərin İkinci Qarabağ savaşındakı iştirakından  danışmamaq mümkün deyil. 44 günlük Vətən müharibəsində 574 astaralı gənc torpaqlarımızın düşmən tapdağı altından xilas edilməsində qəhrəmanlıq göstərmişdir. Onlardan 41 nəfəri şəhidlik zirvəsinə ucalmış, 132 nəfəri isə qazi olmuşdur. Şəhid ailələri və qazilər bu gün hər cür qayğı ilə əhatə edilmişlər.

Belə bir deyim var: “Gözəllik ondur, doqquzu dondur”. Təbiət, doğrudan da, öz qüdrətindən Astaraya gözəl don biçib, bu diyardan heç nəyi əsirgəməyib. Dağ, meşə, dəniz onun hüsnünə yaraşıq verir. Çox yox, 10-15 il əvvəl buradan gedən insanlar indi rayona qayıdarkən onu tanıya bilmirlər. Astara şəhərində Xəzər dənizi sahili boyunca salınan bulvar, onun ərazisində istirahət və əyləncə üçün yaradılan şərait sanki cənnəti xatırladır. Bütün bunları gördükcə insan da ilhamlanır:

 

Səni tanımadım, varlı olassan,

Gör dünənin hara, bu günün hara!

Burda göz oxşayır hər tərəf, hər yan,

Mübarək dondasan indi, Astara. 

 

Xəzərin sahili dönüb cənnətə,

Nə qədər baxsan da, doymursan ondan.

Əhsən belə işə, belə zəhmətə,

Gülün ətri gəlir geydiyin dondan.

 

Bir yanın yamyaşıl sıra dağlardır,

Bir yanın dupduru o mavi Xəzər.

Nə nemət deyirsən, qoynunda vardır,

Onlar könül oxşar, süfrələr bəzər.

 

Hüsnün sığallanır insan əlilə,

Ən ucqar kəndlərə yollar çəkilir.

İnsan vüqarlıdır öz əməlilə,

Binalar ucaldır, ağaclar əkir.

 

Seyran CAVADOV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM