23 Yanvar 2021 01:04
2015
SİYASƏT
A- A+

“Dostluq” həm də iki ölkə arasında dostluğun möhkəmlənməsinə xidmət edir

 

Azərbaycan və Türkmənistan birgə işləyəcəkləri karbohidrogen yatağına bu adı təsadüfən verməyiblər

 

Azərbaycan və Türkmənistan tərəflərinin bu yatağı “Dostluq” adlandırmaq barədə ümumi qərarı dərin rəmzi məna daşıyır. Söhbət iki ölkə arasında karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanmış yataqdan gedir.

Bu sənədin imzalanması enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, Azərbaycanın və Türkmənistanın enerji sahəsində zəngin potensialının birgə üzə çıxarılmasına, Xəzər dənizi regionunda energetikanın davamlı inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəldilib. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında yanvarın 21-də videokonfrans formatında keçirilən görüş də məhz sözügedən Anlaşma Memorandumunun imzalanması ilə bağlı idi.

2018-ci ilin avqust ayında beş sahilyanı dövlətin rəhbərləri tərəfindən Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanması çoxtərəfli birgə işin nəticəsi oldu. Bu Konvensiya enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. 2019-cu ildə Türkmənbaşı şəhərində keçirilmiş birinci Xəzər İqtisadi Forumunun gedişində Azərbaycan və Türkmənistan çox məzmunlu və faydalı danışıqlar apararaq bir sıra mühüm razılaşmalar əldə etdilər.

2020-ci ilin mart ayında Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı dövlətimizin başçısı ilə birlikdə Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanları ətraflı müzakirə və təhlil olundu. Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birinin birgə işlənməsi barədə razılaşma əldə edildi. Beləliklə, hazırkı Anlaşma Memorandumunun imzalanması iki ölkənin energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələdir. Çünki indi möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır. Həm Azərbaycanın, həm də Türkmənistanın milli iqtisadiyyatının dinamik inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəldilməsinə yeni təkan verilir.

Ümumiyyətlə, son illər ölkələrimiz arasında münasibətlər müsbət dinamika ilə inkişaf edir. Ali səviyyədə qarşılıqlı səfərlərin xronologiyası da bunu təsdiqləyir. Belə ki, son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyək ki, qarşılıqlı münasibətlərin bütün tarixi ərzində imzalanan sənədlərin sayı 100-dən çoxdur. Yəni onların yarısı son 3 ilin payına düşür. Ən önəmlisi də odur ki, bütün bu sənədlərdə nəzərdə tutulanlar, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə edilən razılaşmalar müvəffəqiyyətlə yerinə yetirilir.

Videokonfrans formatında keçirilən görüşdə Prezident İlham Əliyev Azərbaycanın və Türkmənistanın ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başladıqlarını vurğulayaraq demişdir: “Bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək... Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov enerji sahəsindəki əməkdaşlığı yüksək dəyərləndirir: “Bu gün Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik. Bizim ölkələr qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlükdə dünya energetikasının arxitekturası haqqında eyni fikirdədirlər”.

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov imzalamışlar.

Hər iki ölkənin həyatında əlamətdar olan bu tarixi hadisə, qeyd edildiyi kimi, dostluğun və əməkdaşlığın daha da möhkəmləndirilməsinə istiqamətlənib. İmzalanan sənəd strateji istiqamətdə - enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni səhifə açır. Bunun üçün zəruri olan bütün şərtlər mövcuddur, yəni həm siyasi iradə, həm yüksək səviyyəli texniki və texnoloji təchizat, peşəkar kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni isə Azərbaycan və türkmən xalqlarının çoxəsrlik möhkəm qardaşlıq telləridir ki, bu da iki dövlət başçısının videokonfrans formatında keçirilən görüşündə bir daha vurğulanmışdır.

Ölkələrimiz digər sahələrdə də əməkdaşlığı və tərəfdaşlığı davam etdirirlər. Tərəfdaşlığın mühüm bir sahəsi nəqliyyat sferasıdır. Belə ki, Türkmənistan və Azərbaycan bu gün əfqanıstanlı, gürcüstanlı və türkiyəli tərəfdaşları ilə birlikdə Asiya ilə Avropa arasında ən mühüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üzərində ardıcıl iş aparırlar. Azərbaycan və Türkmənistan həm də Xəzər dənizi-Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarları sırasındadırlar.

Nəqliyyat sahəsində əməkdaşlıq həm bu iki ölkə, həm də onların qonşuları üçün böyük perspektivlər açır. Prezident İlham Əliyevin dediyi kimi: “Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq”.

Nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Azərbaycan və Türkmənistan Xəzər regionunda möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraiti yaradılmasında xüsusi səylər göstərir və töhfələr verirlər.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video