01 Oktyabr 2018 16:07
1313
Səhiyyə
A- A+

Diz oynağında meydana gələn ağrıların müalicəsi


Dizlər yüksək dərəcədə yükləndikdə oynağın qığırdaqlarında yumşalma və incəlmə kimi degenerativ dəyişikliklər meydana gəlir. Xalq arasında buna kirəclənmə də deyilir. Bununla yanaşı, dizin əsas strukturlarından olan menisklərdə də eyni proses inkişaf edir. Bütün bunlar gecə yuxudan oyandıran ağrılara, istirahət zamanı narahatlıqlara səbəb olur. Hərəkət məhdudluğu da digər problemlərdən biri sayılır. Bunlar daha çox yuxarı yaşlılarda, xüsusən 55 yaşdan yuxarı qadınlarda daha tez-tez rast gəlinən şikayətlərdir. Həmin xəstələr arasında, eyni zamanda, morbid obezlikdən (şişmanlıqdan) əziyyət çəkənlər də var. Dizlərdən biomexaniki olaraq çəkinin 10 misli qədər yük keçir. Ona görə bədən–kütlə indeksindəki pozuntular dizin bu tipli degenerativ dəyişikliklərini sürətləndirir.

"Caspian International Hospital”ın ortoped-travmotoloqu Şəhriyar Fətullayev bu barədə AZƏRTAC-a məlumat verərkən deyib: "Gənc yaşlarda daha çox diz ağrısı qığırdaq degenerasiyalarından (kirəclənmə) daha çox meniskial problemlərə əlaqədar meydana gəlir. Xüsusən futbol oynadıqdan və ya ağırlıq qaldırdıqdan sonra menisklərə minən yük artdığı üçün onlarda degenerasiya və yırtılmalara səbəb olur. Bunlar isə gələcəkdə dizlərdəki qığırdaqların zədələnməsinə aparıb çıxarır.

Anatomik xüsusiyyətlərdən asılı olaraq uzun müddət dizləri bükərək üzərində oturmaq məsləhət görülmür. Tikintidə çalışanlarda və evdar xanımlarda daha çox rast gəlinən bu tipli hərəkətlər diz önündə və arxasında ağrıların yaranmasına səbəb olur. Sərt zəmində idman məqsədilə uzun müddət hərəkət etmək də dizin yüklənməsini artırır və gələcəkdə dizlərdə ağrıya səbəb olan dəyişikliklər yaradır. Yerimək və ya qaçmaq üçün uyğun zəmin seçmək lazımdır.

Diz ağrısının qarşısını almaq çox vaxt hər kəsin öz əlində olur. Dərmanlar qəbul etmək, fizioterapevtik müalicələr almaq və əməliyyat olunmaqdansa həyat tərzini dəyişdirmək daha yaxşıdır.

Diz ağrısının qarşısını almaq üçün bir sıra üsullardan istifadə etmək lazımdır. Oturaq tualetlər yerinə tualet stullar seçmək, yerdə qidalanmaq vərdişlərini masada oturmaqla əvəz etmək, dizləri bükərək üzərinə oturmaq vərdişlərini tərgitmək, xüsusən yaşlı insanların pilləkən əvəzinə liftlərdən istifadə etməsi, mümkün olduğu qədər yoxuşlu yollar əvəzinə düz yollarla getməsi lazımdır. Diz ağrısında ən son variant cərrahi müdaxilədir”.

Ortoped-travmotolqun verdiyi məlumata görə, xəstələr diz ağrıları ilə həkimə müraciət edəndə əvvəlcə ağrının səbəbi araşdırılır: "Əgər ağrıya səbəb olan anatomik strukturda kobud mexaniki dəyişiklər yoxdursa, konservativ müalicə üsulları və fizioterapevtik müalicə aparılır. Bütün bunlara baxmayaraq, ağrılar getdikcə şiddətlənir və ya keçmirsə, yenə də əməliyyatın texnikası xəstənin həyat tərzinə, fiziki fəallıq səviyyəsinə və ağrının səbəbinə görə yeni müalicə üsulu seçilir.

Gənc xəstələrdə meniskial problemlərə bağlı ağrılarda daha çox qapalı artroskopik, yuxarı yaşlı xəstələrdə isə açıq əməliyyatlar – endoprotezləşdirmə texnikası seçilir. Diz qapağı çıxıqları – ön və arxa çarpaz bağ yaralanmaları ilə əlaqədar meydana gələn diz ağrıları varsa, bağ rekonstruksiyaları artroskopik və mini açıq əməliyyatlar icra edilir”.

Söhbətinin sonunda Şəhriyar Fətullayev hansı hallarda həkimə üz tutmağın vacibliyini də söyləyib: "Dizə yüklənərkən ağrılar artırsa, hərəkət məhdudluğu varsa, diz digər dizlə müqayisədə şişkindirsə, dizdə deformasiya (əyilmələr) hiss edəndə, zədədən sonra "boşluğa basma hissi” kimi daha əvvəl olmayan şikayətlər yarananda, pilləkən enərkən və çıxarkən, gecə yuxudan oyandıran diz ağrıları olanda ortoped – travmatoloq həkiminə müayinəyə getmək məsləhətdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video