25 Fevral 2021 00:33
2867
SİYASƏT
A- A+

DƏMİR YUMRUQ HAZIR VƏZİYYƏTDƏDİR

 

Ermənistanın faşist  xisləti və revanşist niyyəti bir dövlət kimi varlığına son qoya bilər

 

Dəyişən tək zaman deyil, həm də qüvvələr nisbətidir

 

44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Ermənistanın belini qırdı!

“Məğlubedilməz” adlandırılan Ermənistan ordusu məhv edildi!

Erməni əsgərlərinin qırılanı qırıldı, yaralananı yerdə qaldı, on mindən çoxu isə qorxaqcasına qaçaraq fərariyə çevrildi!

Beləliklə, Azərbaycan otuz il işğalda qalan torpaqlarını murdar düşməndən təmizlədi!

Əgər Rusiya Prezidenti Vladimir Putin vasitəçilik edib hərbi əməliyyatları dayandırmasaydı, Ermənistan kapitulyasiya aktına qol çəkməsəydi, indi nə Ermənistanın sınıq-salxaq ordusu var idi, nə də dövləti!

Halbuki müharibəyə başlayan, Tovuz istiqamətlərində Azərbaycana hücuma keçən, “yeni müharibə ilə Azərbaycandan yeni ərazilər” alacağı ilə lovğalanan məhz Ermənistan tərəfi idi!

Görünür, Ermənistanın ötən əsrin 90-cı illərindən dişində şirə qalıbmış.

Elə bilirdi yenə sovet ordusu onun əvəzinə döyüşərək torpaqları alıb Ermənistanın sərəncamına verəcəkdi...

Elə bilirdi yenə Azərbaycan ozamankı kimi zəif və ordusuzdu...

Elə bilirdi ki, yenə də Azərbaycana səriştəsizlər və xəyanətkarlar rəhbərlik edirlər.

Elə bilirdi ki, yenə də Azərbaycanda qarşıdurma, xaos və pərakəndəlik, özbaşınalıq hökm sürür.

Ermənistan tərəfi unutmuşdu ki, dəyişən təkcə zaman deyil, həm də qüvvələr nisbəti və ölkə rəhbərliyidir.

Bəli, I Qarabağ müharibəsində Azərbaycan ona görə məğlub olaraq 20 faiz ərazisini itirdi ki:

* Həmin dövrdə Azərbaycana maymaqlar, qorxaqlar, təcrübəsizlər və səriştəsizlər başçılıq edirdilər;

* AXC - Müsavat cütlüyünün ordu qurmağa nə bacarığı, nə də imkanı vardı;

* Bu cütlük iqtidarda olduğu müddətdə yalnız şəxsi maraqlarını güdürdü;

* İşinin öhdəsindən gələ bilməyən dövlət katibi Əli Kərimli ölkəni bürümüş korrupsiya və rüşvətxorluğu, dövlətin idarəolunmaz vəziyyətə düşməsini açıq etiraf etdi;

* Müdafiə naziri Rəhim Qazıyev xəyanət yolu ilə Şuşanı və digər əraziləri düşmənə satırdı;

* Dünən bir yerdə hakimiyyət uğrunda mübarizə aparanlar AXC-nin şinelini soyunaraq hərəsi bir partiya yaratmaqla prezident postu uğrunda didişirdilər;

* Prezident Əbülfəz Elçibəyi öz komandası eşitmirdi, özü isə qardaş Türkiyədən iki mülki helikopter belə ala bilmirdi...

Bəli, ermənilər unutmuşdular ki, artıq Azərbaycan güclü iqtisadiyyatı və qüdrətli ordusu olan bir dövlətdir!

Artıq Azərbaycana İlham Əliyev kimi siyasət nəhəngi, mahir diplomat, uzaqgörən dövlət başçısı və müdrik sərkərdə rəhbərlik edir!

Elə bu səhvləri də məğlubiyyətlərinə və faciələrinə çevrildi!

 

Xam xəyallar, şirin röyalar

 

İtə deyirlər, niyə hürürsən? Deyir, qorxuduram!

Soruşurlar ki, quyruğunu niyə bulayırsan? Deyir, axı özüm də qorxuram!

Bu gün Paşinyan eyni vəziyyətdədir!

Ermənistanın faşist xislətli siyasətçiləri, kriminal sabiq prezidentləri qisasçılıqdan danışır, Qarabağı qaytaracaqları barədə şirin röyalar görürlər!

Amma xalqlı - müxalifətli bir yerə yığışaraq sorosçu baş naziri vəzifəsindən qopara bilmirlər!

Əvvəla, Paşinyan bilir ki, vəzifəsini itirmək cismini itirmək deməkdir! Odur ki, kreslosundan dördəlli yapışıb!

İkincisi, müxalifətdə elə bir sosial baza və nüfuz qalmayıb ki, xalqı səfərbərliyə alıb meydana çıxarsın. Çünki o qədər yalan danışıblar ki, artıq itdəndüşmüş olublar.

Üçüncüsü, heç kim yenidən kriminal xuntanın - keçmiş hakimiyyət üzvlərinin dövlət başına gəlməsini istəmir!

Ən nəhayət, ağlı başında qalanlar yaxşı anlayırlar ki, hansı ordu, hansı silah və hansı ordu başçısı ilə vuruşub özgə torpaqlarını yenidən zəbt edə biləcəklər?!

Həm də gərək unutmasınlar:

Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dəmir yumruğu hazır vəziyyətdədir:

Başlarını qaldıran kimi bellərini qıracaqdır!

 

Olmayan ordu ilə döyüşmək olarmı?!

 

Ermənilər havadarlarının köməyi, xəyanətkarların əli, idarəsizliyin bəhrəsi hesabına, üstəlik, min bir hiylə ilə torpaqlarımızı ələ keçirmişdilər.

Sonradan özləri də inanmışdılar ki, Azərbaycan ərazilərini erməni ordusu işğal edib.

Odur ki, ordularına “məğlubedilməz ordu”, özlərinə “müharibə qəhrəmanları” deməkdən yorulmurdular!

Bir-birilərinə verdikləri “general” rütbələrinin, sinələrinə taxdıqları dəmir-dümürün sayı-hesabı yox idi!

Bu gün isə nə Ermənistanın yerinə döyüşmək, nə də erməni əsgərinin əvəzinə ölmək istəyən yoxdur!

Keçdi o dövr, o zaman!

Hətta onların xaricdən gətirdikləri muzdlular da ordumuzun əsgərlərini, hətta  dronlarını görən kimi qorxularından qaçıb getdilər!

Ermənistan hakimiyyəti bu günədək müharibədə ölənlərin dəqiq sayını açıb söyləməyib!

Hərçənd ki, ayrı-ayrı yüksəkçinli hərbçilər Ermənistan ordusundakı zirehli texnikanın, silah və sursatın 80 faizinin məhv olduğunu etiraf ediblər...

Mütəxəssislərin hesablamalarına görə, 5 mindən çox düşmən əsgəri öldürülmüş, 10 mindən çoxu I və II qrup əlilə çevrilmişdir.

Fərarilərin sayı isə məlumdur: bu günədək Ermənistanda 10 mindən çox əsgərə fərariliyə görə cinayət işi açılmışdır!

Ordunun sıradan çıxarılan canlı qüvvəsi, bütövlükdə, 25-30 min civarındadır.

Bir yandan “məğlubedilməzlik”, “qəhrəmanlıq” mifinin puç olması, keçmiş döyüşçülər və erməni gəncləri arasında yaranan böyük ruh düşkünlüyü...

Üstəgəl, övladsız qalmış valideynlərin, itkin düşmüş əsgərlərin analarının səngiməyən etiraz aksiyaları...

Digər tərəfdən, ara verməyən xaricə axın, qaçmağa imkan gözləyən minlərlə ölkə vətəndaşı...

Bütün bunlar Ermənistanın indiki reallıqlarıdır.

Əhalisinin sayı rəsmən 3 milyona çatmayan, realda isə 2 milyon olan forpost ölkə üçün bu qədər işçi qüvvəsi, ailə başçısı itkisi yaxın dövrdə yaxşı heç nə vəd etmir!

Bütün bu reallıqların fonunda ağlını itirmiş erməni siyasətçiləri hansı qisasçılıqdan danışırlar?

Onlar hansı pulla silah-sursat alacaqlarını (hələ əvvəl aldıqlarının borcunu verməyiblər), orduya hardan adam tapıb yığacaqlarını, hərbi əməliyyatlara hansı ali baş komandanın başçılıq edəcəyini müəyyənləşdiriblərmi?

Koçaryan hakimiyyətə qayıtmaq üçün çox atdanıb-düşsə də, əslində, bütün bunlar həbsxanadan yaxa qurtarmaq üçündür!

Sarkisyanın başı “alkaş”lıqdan ayılmır, üstəlik, fikri-zikri oğurladıqlarını qoruyub saxlamaqdır.

Paşinyanı isə adam yerinə qoyan yoxdur, hamı xəyanətkar adlandırır.

Özü də yaxşı bilir ki, müharibəni uduzub və əsas vəzifəsi razılaşmanın şərtlərinə əməl etməkdir!

Hələ erməni xalqı kimə arxalanacağını kəsdirə bilmir, əslində, çörək hayındadır!

Belə yerdə qarabağlıların məşhur sualı yerinə düşür: “ALIŞ NƏYNƏN?!”

Bütün bunlardan yaxşı agah olan Ermənistan, görəsən, nəynən qisas almaq istəyir?

Pulsuz, ordusuz, silahsız, orduya yarayan canlı qüvvəsiz, xalqın qəbul etdiyi rəhbərsiz, döyüş meydanından qorxub qaçmış zabitsiz, büdcəsiz, taxılsız qalan və sabaha ümidi olmayan dövlət qisasçılıq niyyətinə düşərmi?

Heç “revanş” sözünü ağzına alarmı?

Görün faşıst xisləti bu dövləti nə günə qoyub!

Görün xülya və nifrətlə yaşayan millət özünü hara gətirib çıxardı!

Görün dəmir yumruq onları necə başsız və ağılsız qoydu?

Amma gərək nəyi unutsalar da, dəmir yumruğun hazır durduğunu unutmasınlar!

Yoxsa bundan da betər günə qalacaqlar!

 

Hərtərəfli darmadağın

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanı təkcə döyüş meydanında deyil, bütün sahələrdə və bütün parametrlər üzrə darmadağın edib!

Nəyi nəzərdə tuturuq.

Azərbaycan Prezidenti İlham Əliyev torpaqların işğaldan azad edilməsinə 17 il ərzində diqqətlə və hərtərəfli hazırlaşmışdı.

Nəticədə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan beşinci nəsil müharibəni, XXI əsrin ən yeni müharibəsini apardı!

Ermənistan isə ötən əsrin 90-cı illərinin ab-havası ilə yaşayır, dostlarının köməyi ilə yaratdığı müdafiə qurğularının “möhkəmliyinə” güvənirdi.

Müasir PUA-ların, dəqiq artilleriya zərbələrinin və ən yeni taktikanın tətbiqi hesabına Azərbaycan əsgər və zabitləri “betonlaşdırılmış müdafiə qurğularına” yaxınlaşmadan, canlı qüvvə təması olmadan Ermənistan ordusunu yerləyeksan etdilər!

Erməni əsgəri gizləndiyi bunkerdə və səngərdə də canını qurtara bilmədi.

Vətən müharibəsi dövründə ordumuz təkcə qəhrəmanlığı və ən yeni silahları ilə döyüşmədi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev daim öndə oldu, hərbi əməliyyatların təşkili ilə yanaşı, diplomatiya və informasiya cəbhəsində də çarpışdı!

Təkbaşına!

Həm də çox uğurla və yüksək nəticələrə nail olmaqla!

Müharibəni dayandırmaq üçün edilən çağırışlara, xahişlərə, hətta təkid və təzyiq cəhdlərinə belə əhəmiyyət vermədi!

Öz şərtini irəli sürdü və qətiyyətlə üstündə durdu:

Hərbi əməliyyatlar o zaman dayandırılacaqdır ki, Ermənistanın baş naziri Azərbaycan torpaqlarını tərk etmələrinin konkret qrafikini göstərməklə təslim aktını imzalasın!

Belə də oldu!

***

Dünya erməniliyi müharibə dövründə dünya KİV-indən istifadə etməklə ölkəmizə total hücuma keçmişdi.

Feyk xəbərlər və məlumatlar yayılır, Azərbaycanı sülh danışıqlarını pozmaqda, muzdlulardan istifadə etməkdə, qadağan olunmuş silahların və sursatların tətbiqində, ölkəmizdə demokratiyanın pozulmasında və daha nələrdə suçlamağa çalışırdılar.

Prezident İlham Əliyev otuzdan çox nüfuzlu xarici televiziya kanalına, qəzetə və informasiya agentliyinə müsahibə verdi!

***

Jurnalistlərin əksəriyyətinin eyni mərkəzdən təlimatlandırıldığı açıq-aşkar görünürdü!

Hamısı eyni mövzuda suallar verir, eyni məsələlərə toxunur, bir-birinin ağzına tüpürübmüş kimi eyni tərzdə danışırdılar.

Hətta bəzən o qədər canfəşanlıq edirdilər ki, kimlə danışdıqlarını unudur, jurnalistlərin peşə davranışı kodeksini kobud şəkildə pozurdular.

Cənab İlham Əliyev isə böyük səbir və təmkin göstərir, əvvəlcə KİV-in yayılacağı ölkələrdəki vətəndaşları maarifləndirəcək məlumatlar verir, əsl həqiqəti söyləyir, sonra feyk xəbərləri təkzib edir, ən nəhayət, məhz Ermənistanın sülh danışıqlarını pozduğunu, işğalçı ölkə olduğunu və faşizm ideyasını daşıdığını konkret faktlarla göstərirdi.

Beləliklə, Qarabağ uğrunda müharibədə əsl həqiqətlərin dünyaya yayılmasını təmin edirdi.

Yekunda Azərbaycanın qələbəsi tam, qəti və hərtərəfli oldu!

Başqa sözlə, düşmən təkcə hərb meydanında deyil, diplomatiya və KİV sahəsində də məğlub edildi!

Məğlub və dilənçi Ermənistan bunların hansı birinin qisasını ala bilər?!

Paşinyan Ermənistanı kapitulyasiya aktının bütün bəndlərini yerinə yetirməyə məhkumdur!

Başqa yolu yoxdur!

Əslində, təslim sənədinə qol çəkməklə Ermənistan ordusunun qalıqlarını və dövlətini itirməkdən xilas oldu!

Buna görə də Rusiyaya və Prezident Vladimir Putinə minnətdar olmalıdırlar!

Amma yenə də nankorluq göstərərək Rusiyanı “strateji müttəfiqinə” “yaxşı kömək” göstərməməkdə qınayırlar!

Hazırda Rusiya sülhməramlıları mərhələlərlə öz vəzifələrini yerinə yetirirlər!

Artıq sərhədlərimiz sovet dövrü xəritəsinə əsasən delimitasiya və demarkasiya olunub!

Mehri dəhlizinin inşasına başlanıb!

Erməni qoşunları Azərbaycan ərazisindən çıxarılmaqdadır.

Hətta rus sülhməramlıları faşist Njdenin Xocavənddə yeni qoyulan abidəsini götürtdülər!

Daha o dövr keçib: faşist heykəli Ermənistan ərazisində qoyula bilər, Azərbaycanda yox!

Ən nəhayət, əgər ermənilərin 30 ildə yaratdığı müdafiə qurğularında qalib Azərbaycan əsgəri ən yeni silah-sursatı ilə oturubsa, dəmir yumruq daim hazır vəziyyətdə dayanıbsa, Ermənistan necə qisas ala bilər?!

Xüsusən də Türkiyə qardaşlarımız daim yanımızda olmaqla rus sülhməramlıları ilə birgə Monitorinq mərkəzində çalışmaqdadırlar!

Ermənilər gərək məşhur bir Azərbaycan atalar sözünü də unutmasınlar: “Axmaq baş sahibinə qapaz yedizdirər!”

 

Biz Qarabağı dirçəldib cənnətə çevirməklə məşğuluq

 

Qarabağ Prezident İlham Əliyevin ikinci şah əsəri olacaqdır!

Azərbaycanı yenidən tikib, qurub, müasirləşdirdiyi kimi, işğaldan azad etdiyi Qarabağı da dirçəldəcək, cənnətə çevirəcəkdir.

Odur ki, dövlət başçısı bu məsələni daim diqqət mərkəzində saxlayır, düşməndən təmizlədiyi yerlərə müntəzəm səfərlər edir, zəruri tapşırıqlar verir, yeni layihələrin icrasına başlatdırır.

Bayquş xislətli düşmən təkcə yaşayış məntəqələrini viran qoymayıb, eyni zamanda “ölüm tələləri” basdıraraq itilib gedib.

Ən çətin məsələ işğaldan qurtulan ərazilərin minalardan təmizlənməsidir!

Dostlarımızın köməyi ilə bu prosesin sürətini xeyli artırmışıq.

Yolların çəkilişi də uğurla davam edir:

Hava yolları, avtomobil yolları, dəmir yolları paralel şəkildə inşa olunur.

Bölgədə su elektrik stansiyaları qurulur, alternativ enerji mənbələri yaradılır.

Artıq azad olunmuş ərazilərdə payızlıq əkinlər keçirilmişdir və bu il ilk məhsul yığılacaqdır.

Rayonların baş planları hazırlanmış, “ağıllı” kənd və şəhər layihələrinin gerçəkləşdirilməsinə start verilmişdir.

Müvafiq infrastrukturun yaradılması, yaşayış binalarının, evlərin tikilməsi, geri qayıdanların işlə təmin olunması, bütün növ xidmətlərin göstərilməsi üçün zəruri tədbirlər görüləcəkdir.

***

Tale elə gətirdi ki, Qarabağ tam dağıldı, yenidən qurulmasına ehtiyac yarandı.

Bu intibah nə qədər çətin və mürəkkəb olsa da, zəruridir.

Amma əvvəlkindən daha gözəl, yaşayış üçün daha rahat və əlverişli olacağı şübhə doğurmur.

 

İki millət, iki mahiyyət və xislət

 

Azərbaycan daim tikir, qurur, inkişaf etdirir, xalqın daha firavan yaşamasına çalışır.

Ermənistan dağıdır, yandırır, xarabalıqlar yaradır, millətini miqrantlara çevirərək bütün dünyaya səpələyir.

Azərbaycan İpək yolunu bərpa edir, yeni dəmir yolu xətlərini çəkir, nəqliyyat dəhlizləri, logistika mərkəzləri yaradır, dövlətlər və xalqlar arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı genişləndirir.

Ermənistan olmayan “genosid” yalanını uydurur, mifik “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün qan axıdır, qonşularına qarşı ərazi iddiaları irəli sürür, özünü blokadaya aldıraraq dalana soxur.

Azərbaycan multikulturalizm modelini dünyaya təqdim edir, dilindən, dinindən asılı olmayaraq, ölkədə yaşayan bütün millətlərin nümayəndələrinə eyni gözlə baxır, bərabər hüquqlar verir, bütün dini məbədlərə hörmətlə yanaşaraq abadlaşdırır.

Ermənistan Njdenin simasında faşist ideologiyasını geniş yayır, Alban kilsələrini özününküləşdirir, məscidləri dağıdır, donuz saxlancına çevirir, digər millətləri müxtəlif vasitələrlə ölkədən çıxararaq monoton, vahid millətli respublika yaradır.

 Azərbaycanın güclü iqtisadiyyatı, qüdrətli ordusu, böyük nüfuzu və siyasi çəkisi olsa da, daim sülh yolunu tutur, qonşularla mehriban yaşamağa çalışır, yeni əməkdaşlıq formatları yaratmaqla hamıya fayda gətirməyi bacarır.

Əhalisi ölkədən qaçıb gedən, dilənçi vəziyyətinə düşən Ermənistan borc içində boğulmasına, 9 milyarda yaxın dövlət borcu olmasına, diasporun ianəsi hesabına yaşamasına, müharibədə biabırçı məğlubiyyətə uğramasına baxmayaraq, yenə də boş iddialarından, əlçatmaz niyyətlərindən əl çəkmir, xalqının və dövlətinin gələcəyini böyük təhlükə qarşısında qoyur.

İlham Əliyev Azərbaycanı ilə Paşinyan Ermənistanı arasında belə təzadlı fərqlər çoxdur.

İlham Əliyev xalqının sevimlisi, xilaskarı, işğal altındakı torpaqları qəhrəmanlıqla azad edən Müzəffər Ali Baş Komandanıdır.

Paşinyan ermənilərin xain, satqın adlandırdıqları məğlub, arzuolunmaz baş nazirdir.

Hər xalq öz rəhbərinə layiqdir!

Hər dövlət başçısı içərisindən çıxdığı xalqını bütün xüsusiyyətləri ilə təmsil edir!

Bu gün İlham Əliyev qurucu, xilaskar fəxri adlarını daşıyır.

Bu adları ona Azərbaycan xalqı məhəbbətlə, sevə-sevə verib.

Qarabağımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandanımız tezliklə onu dirçəldərək cənnətə çevirəcəkdir!

Prezidentimiz dediyini edən, sözünün sahibidir!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video