03:34 27 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.01.2021

Azadlıqdan dirçəlişə


01:16 27.01.2021

Ədəbi məclislər


01:15 27.01.2021

Şuşa qəza məktəbi


01:13 27.01.2021

BİLDİRİŞ


01:11 27.01.2021

BİLDİRİŞ


01:10 27.01.2021

BİLDİRİŞ


01:10 27.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Cənub qaz dəhlizi” yeni əməkdaşlıq formatının təməlini qoyur

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:41 14.01.2021

 

Layihədə bütün iştirakçı tərəflərin maraqları təmin olunub

 

Keçən ilin son günü xoş bir xəbər aldıq - Azərbaycan qazı Avropaya çatdı. Bu, “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan  TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) işə düşməsi sayəsində mümkünləşdi. TAP-ın istismara daxil olması ilə “Cənub qaz dəhlizi” tam fəaliyyətə başladı. Tarixdə ilk dəfə olaraq  Azərbaycan  qazı Avropaya birbaşa nəql edildi.

Bu hadisənin təkcə neft-qaz sənayemizin deyil,  ümumən  xalqımızın tarixində xüsusi yeri və əhəmiyyəti var. Çünki “Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz  Azərbaycandır. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklində keçirilən müşavirədə layihənin önəmini xüsusi vurğulayaraq demişdir: “Bu, bizim tarixi nailiyyətimizdir. Çünki “Cənub qaz dəhlizi”nin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək”.

“Cənub qaz dəhlizi”ndə yeddi ölkə iştirak edir:  Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədir. Yəni “Cənub qaz dəhlizi”nin hələ “qol”ları olacaq. Çünki Avropada  Azərbaycan qazına tələbat var. Bu bizə ixrac imkanlarımızı getdikcə daha da  genişləndirmək imkanı verir.

Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunan gün Səngəçal terminalında qoyulub. Layihə geniş beynəlxalq əməkdaşlıq şəraitində gerçəkləşib. Odur ki, dörd seqmentdən ibarət bu nəhəng layihənin uğurla həyata keçirilməsi bütün iştirakçı dövlətlərin və şirkətlərin, geniş-miqyaslı işlərdə əməyi olan hər kəsin nailiyyətidir.

Adətən belə qlobal layihələrin reallaşması çox vaxt tələb edir. Dörd hissəsinin hər birinin özlüyündə çox böyük bir layihə olduğunu nəzərə alsaq, “Cənub qaz dəhlizi”nin cəmi 6 ilə reallaşması əslində bir qələbədir. Onu da qeyd edək ki, 2015-ci ildən başlayaraq “Cənub qaz dəhlizi”nin ildə bir dəfə toplaşan Məşvərət Şurasının altı görüşünün hamısı Bakıda keçirilib. Bu da layihəyə Azərbaycanın liderlik etdiyinin daha bir təsdiqidir.

“Cənub qaz dəhlizi”nin rəsmi açılışı 2018-ci il mayın 29-da Səngəçal terminalında oldu. Layihənin ilk iki hissəsinin hazır olması buna imkan verdi. Belə ki, “Şahdəniz-2”dən qaz hasilatına başlandı və CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi yekunlaşdı. Bundan az sonra - 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istifadəyə verildi.

Ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan “Şahdəniz” dünyanın ən nəhəng karbohidrogen yataqlarındandır. Məhz bu yatağın uğurla işlənməsi və istismarı sayəsində Azərbaycan dünyada qaz ixrac edən ölkə kimi tanınıb.

“Şahdəniz” yatağı “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyidir. Hazırda burada iki hasilat platforması istismar olunur. Odur ki, “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarını “Şahdəniz”in qoşa qanadı da adlandırırlar. “Şahdəniz Alfa” 15 ilə yaxındır yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində fəaliyyət göstərir. “Şahdəniz Bravo” isə layihənin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə işə salınıb.

“Şahdəniz”də bp (operator - 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz) şirkətləri iştirak edirlər.

“Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisi 42 düymlük CQBK-dır. Ümumi uzunluğu 692 kilometr olan bu xəttin 443 kilometri Azərbaycanın, 249 kilometri Gürcüstanın ərazisindən keçir. Kəmər “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstana çatdırmaq, eləcə də Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə çəkilib. CQBK 2006-cı ildən fəaliyyət göstərir.

CQBK-nın genişləndirilməsi Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düym diametrli boru kəmərinin, həmçinin Gürcüstanda 2 yeni kompressor stansiyasının inşasını əhatə edib. Yeni kəmərin uzunluğu təqribən 489 kilometr təşkil edir (Azərbaycanda 424, Gürcüstanda 63, TANAP ara bağlantısında 2 kilometr). Genişləndirilmiş CQBK-nın fəaliyyətə başlaması ilə “Cənub qaz dəhlizi” ilə mavi yanacağın nəqlinə start verilib.

CQBK-nın sərmayədarları bunlardır: bp (28,8 faiz), TPAO (19faiz), AzSCP (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz).

Son zamanlar dünyada baş verən COVID-19 pandemiyası, həmçinin Ermənistan tərəfindən Azərbaycana edilən hücumlar və 44 günlük Vətən müharibəsi “Cənub qaz dəhlizi”nin yekunlaşmasına mane ola bilmədi. Beləliklə, Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı layihəsi uğurla tamamlandı. Bu, ölkəmiz üçün də xüsusi əhəmiyyətli hadisədir. Çünki Azərbaycan artıq Avropa bazarı üçün təbii qaz ixracatçısıdır və regionlararası iqtisadi əməkdaşlığa, enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz sanballı töhfəsini verir.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev demişdir: “Cənub qaz dəhlizi” tam istismara verilmişdir. Onun son seqmenti olan TAP istismara verildi. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir-birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. “Şahdəniz-2” layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu həm onlar, həm də bizim üçün faydalıdır. Eyni zamanda digər layihələr üzrə də uğurlu işlər aparılıb. Əminəm ki, bu layihələrin işlənməsi bizə əlavə dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi”.

Azərbaycan qazı yeni mənbədir və “Cənub qaz dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir. Bu layihənin həyata keçirilməsində maraqlar balansı gözlənilib, yəni iştirak edən bütün tərəflərin maraqları təmin edilib ki, bu da çox önəmli amildir.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM