09:06 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bu dərdin adı Xocalı...

ANA SƏHİFƏ / SİYASƏT
00:36 26.02.2021

 

“Hər gecə Bakıdan Qarabağa yol gedirəm. Ağdamdan keçirəm. Bənövşəli yamacda diz çökürəm, torpağına səcdə edirəm Xocalının. Yamyaşıl otlarını oxşayıram, yamacında uzanıb gözlərimi mavi səmasına dikirəm. “Belə ölmək nə gözəldir, ay Xocalım...” deyirəm”.

İllər öncə Xocalı sakini İsmayıl Cavadov danışmışdı bunları mənə. Gözlərimin qarşısında təkcə sözləri ilə deyil, səsinin rəngi, həzin çırpıntısı, titrəyişi ilə Xocalı həsrətinin rəsmini çəkmişdi. Söyləmişdi ki, yurd nisgili gözlərdən çəkilən yuxudur, hər gecə xəyallarda gedilən yol, çatılan mənzil, qucaqlanan dünyadır.

 

Vətən candan əzizdir

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri mühasirəyə aldılar. Xocalıya ən müasir silahlarla hücum çəkərək yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı. Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Ancaq qüvvələr nisbəti qeyri-bərabər idi. Erməni silahlıları mülki əhaliyə və özünümüdafiə dəstəsinə qarşı misli görünməmiş qəddarlıqlar etdilər. Onları xüsusi amansızlıqla qətlə yetirdilər.

Xocalı şəhəri işğala məruz qalanda burada şəhid verməyən ailə qalmadı. Ancaq Xocalısız qalmağın dərdlərin ən ağırı olduğunu deyirdi düşmənin yox etdiyi şəhərin sakini İsmayıl Cavadov: “Kaş ki, hər evdən iki şəhid verəydik, amma Xocalı əlimizdən getməyəydi”. Ancaq düşmən bu qədər “mərhəmətli” olmamışdı. Plan Xocalı adlı yurdu Yer üzündən silmək idi. Xilas olmaq üçün şəhərdən qaçan əhalinin böyük hissəsi də erməni vəhşiliyindən qurtula bilmədi. Onların çoxu düşmən gülləsinə tuş gəldi, əsir götürüldü. Canını götürüb meşələrə qaçanlar da qışın sərt soyuğunun, şaxtasının zavalına gəldilər. Xocalı qətliamında başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və tanınmaz hala salınanlar erməni qəddarlığının hüdudsuz olduğunu göstərdi.

O vahiməli, soyuq fevral gecəsində baş verənlər azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı idi. Xocalı faciəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri isə qoca idi. Bunların içərisində 8 ailə tamamilə məhv edildi, 27 ailənin yalnız 1 üzvü qaldı, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini, 230 ailə öz başçısını itirdi, 487 insan şikəst oldu (onlardan 76 nəfər həddi-buluğa çatmamışdı), 1275 insan əsir götürüldü, 1165 insan girovluqdan azad edildi, 197 nəfərin taleyi hələ də məlum deyil.  Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu....

Fevralın 28-də yerli jurnalistlərin də olduğu qrup 2 helikopterlə azərbaycanlıların həlak olduqları yerə çatdılar. Düzənlik cəsədlərlə dolu idi. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında yalnız 4 meyiti götürə bildilər. Martın 1-də hadisə yerində olan yerli və xarici jurnalistlər dəhşətə gəldilər: meyitlərin başının dərisi soyulmuş, qulaqları və digər orqanları kəsilmiş, gözləri çıxarılmış, çoxsaylı bıçaq və güllə yaraları almış, ağır texnika ilə əzilmiş, yandırılmışdı.

 

Xocalılılar Xocalısız ölməkdən qorxurdular

 

1992-ci ilin fevralında erməni qəsbkarları Xocalı əhalisinin ürəyinə dağ üstdən dağ çəkdilər. O gecədən sağ çıxan xocalılılar əslində möcüzə nəticəsində düşmənin hücumundan qurtulanlar idi. Onlar heç vaxt ümidlərini itirmədilər. Hər zaman inandılar ki, erməni qəsbkarları özgə torpaqlarında binə qura, məskunlaşa bilməyəcəklər. Yaxın qohumları, qonşuları, dostları Xocalıda şəhid olmuş, evlərindən, isti ocaqlarından qovulmuş bu insanların ən böyük qorxusu Dağlıq Qarabağın erməni işğalından azad olunduğu günü görmədən ölmək idi.

İsmayıl Cavadov deyirdi ki, atam Kəriş Böyük Vətən müharibəsinin fəal iştirakçılarından olmuşdu: “O da Xocalıda güllə yarası aldı. Hamımız ölüm ayağında oradan çıxdıq. İtkilərimiz çox oldu. Onların dağı həmişə qəlbimizi göynədir. Ancaq dərdlərimizin ən ağırı Xocalısız qalmaqdı. Bu həsrətlə anam Səmayə 1996-cı ildə 73 yaşında, atam Kəriş 2003-cü ildə 75 yaşında vəfat etdilər. Ölümdən yox, Qarabağı bir də görməyəcəklərindən qorxurdular. Vəsiyyət etdilər ki, bizi Dağlıq Qarabağa apara bilməsəniz, heç olmasa Aran Qarabağda, Bərdədə dəfn edin”.

 

Həsrət bitdi

 

Ötən il 44 gün davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə layiq olduqları məşğlubiyyəti yaşatdılar. Yağı düşmən işğal etdiyi Azərbaycan torpaqlarından qovuldu. Şəhidlərimizin qisası alındı. Yurdundan, elindən illərdir uzaq salınmış soydaşlarımız artıq qaçqın deyillər.

Həsrət bitdi, dərd isə qaldı. Xocalı soyqırımı yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin, insanlığın əbədi dərdi, yarası oldu. Tarix boyu bu ədalətsiz savaş unudulmayacaq.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları yerinə yetirmir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanların çoxu baş vermiş soyqırımının günahkarlarıdır və onlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Xocalıda törətdikləri dəhşətli soyqırımına görə erməni işğalçıları layiqli cəzalarını almalıdır ki, bütün qəsbkarlar öz sonlarını, aqibətlərini görsünlər.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM