11:06 11 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


00:37 11.04.2021

Xalqın sevdiyi rəhbər


00:33 11.04.2021

Qürur doğuran 3 il


00:23 11.04.2021

Uğurlarımızın memarı


00:22 11.04.2021

Zəfər sərkərdəsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bir cənub şəhərində bir günlük qış

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:34 26.02.2021

 

Təbiət bizi pis öyrədib. Baharı-yayı isti, payızı-qışı mülayim keçən ölkəmizdə havalar bir az, necə deyərlər, adət etdiyimiz çərçivədən çıxan kimi aləm dəyir bir-birinə. Və qəribəsi də budur ki, anormal havaların (istər həddən artıq istilər olsun, istərsə də adət etmədiyimiz şaxtalar) yaratdığı problemlərin bütün günahını  yığıb-yığışdırıb atırıq yerli icra orqanlarının üzərinə.

Daha fikirləşmirik ki, təbiətin şıltaqlıqlarının, gözlənilməz və hətta gözlənilən sürprizlərinin qarşısında mənəm deyən ölkələr də bəzən aciz qalır. Elə bu günlər ABŞ kimi ölkədə qış üçün adi sayıla bilən şaxtadan 30-dan çox adamın həyatını itirməsini xatırlatmaq kifayət edər ki, təbiətin sınaqlarından çıxmağın asan olmadığına şübhə yeri qalmasın.

Amma bu o demək deyil ki, yerli icra orqanları “təbiətlə təbiətlik etməyəcəyik ki...” deyib əllərini ağdan qaraya vurmalı deyillər. Əks halda dövlət öz büdcəsindən külli miqdarda vəsait ayırıb onlara nə bu qədər maşın və texnika alar, nə də bu sayda işçi ştatı ayırardı. Bütün bunlar olunur ona görə ki, həm adi günlərdə, həm də ekstremal hava şəraitində ölkənin ahəngdar təsərrüfat və həyat ritmi maksimim dərəcədə təmin edilsin.

Fevralın 24-də bütün ölkə ərazisində güclü küləklə müşahidə edilən qarın yağması, havanın temperaturunun mənfi 5 dərəcədən aşağı düşməsi, avtomobil yollarının və piyada səkilərinin buz bağlaması, ictimai nəqliyyatın, demək olar, işləməməsi üzündən Bakının qış sınağına çəkildiyini yəqin ki, heç kəs inkar etməz. Biz hələ paytaxtın ayrı-ayrı ərazilərində elektrik enerjisinin  kəsilməsini, təbii qazın təzyiqinin aşağı düşməsini yazıb vəziyyəti bir az da tündləşdirmək istəmirik, hərçənd hələ payız aylarından adları çəkilən xidmət təşkilatları qışa tam hazır olduqları barədə “raport” vermişdilər. Amma bunları bir yana qoyub belə qəbul edirik ki, bizim həm yerli icra orqanları, həm də kommunal xidmət təşkilatları Bakıda şaxtalı, qarlı, çovğunlu yox, adət etdiyimiz payızabənzər, müsbət temperaturlu qışa hazırlaşıblar.

Bəs özümüz necə, təbiətin iki gün əvvəlki sınağından çıxa bildikmi? Biz heç də işığı sönən mənzillərdə şam, qazları közərən evlərdə odun ehtiyatının yaradılmasını nəzərdə tutmuruq. Heç çovğunda işə məsafədən  asılı olmayaraq piyada getməyi bacarmağa da işarə vurmuruq. Nəzərdə tutmaq, işarə vurmaq istədiyimiz odur ki, heç olmazsa hər birimiz yaşadığımız binanın, işlədiyimiz idarənin, ticarət və xidmət obyektlərinin qarşısını qardan, buzdan təmizləyək və bununla işçilərinin əksəriyyətinin yaşı 60-dan yuxarı və həm də qadın olan mənzil kommunal təsərrüfat birliklərinin əlindən tutaq. Axı, onların, hətta cavan olsalar belə, sayları imkan vermir ki, Bakı kimi meqopolisdə bütün binaların həyətlərini, küçə və prospektlərin səkilərini, təşkilat və obyektlərin qarşısını təmizləsinlər.

Bu qeydlərimizi yazarkən eşitdik ki, fevralın 24-də 70-ə yaxın paytaxt sakini sürüşüb yıxılaraq zədə aldığı üçün tibb müəssisələrinə müraciət edib. Halbuki belələrinin sayı minimum ola bilərdi, əgər səkilərin, həyətlərin qardan və buzdan təmizlənməsi yalnız kommunal işçilərindən gözlənilməsəydi. Söz düşmüşkən, deyirlər, Almaniyada qışda kim hansı ticarət, xidmət müəssisəsinin, yaxud ofisin qarşısında sürüşüb yıxılaraq zədə alırsa, onun müalicə xərclərini iş yerlərinin qarşısını buzdan təmizləmədikləri üçün həmin obyekt və ya təşkilatın sahibləri ödəyirlər. Özü də bu öhdəlik könüllü deyil, qanunla tənzimlənir.

Artıq ölkədə, o cümlədən paytaxtda havalar isinməyə başlayıb. Müsbət temperaturun köməyi ilə insanlar bir günlük qışın fəsadlarını aradan qaldırmaqla məşğuldur. Təəssüf ki, bu mənzərə ilə hər yerdə rastlaşmaq mümkün deyil. Hələ də ayağının altındakı buzun əriməsini Günəşin öhdəsinə buraxanlar az deyil. Elə  ətrafında baş verənlərə bu cür soyuq münasibət bəsləyənlərin sayının az olmamasını nəzərə alıb deyirik ki, nə yaxşı ki, biz bir cənub şəhərində yaşayırıq.

 

Raqif MƏMMƏDLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM