20 Yanvar 2021 02:35
1262
İQTİSADİYYAT
A- A+

Bakı qara hazırdırmı?

 

Bu il problemin yaşanmaması üçün paytaxt strukturları və təsərrüfatı tam səfərbər olunub

 

Qarlı-şaxtalı günlərdə paytaxt sakinlərini daha çox narahat edən məsələ nəqliyyat sisteminin hərəkətində yaranan problemlər olur. Xatırladaq ki, əvvəllər Bakıya yağan qar avtomobillərin hərəkətində ciddi məhdudiyyətlər yaradırdı. Qarın təmizlənmə prosesində yaşanan ləngimələr yolların buz bağlamasına səbəb olurdu.

İndi Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı şəhər təsərrüfatının balansında müasir tipli qarkürüyücü, qartəmizləyici və duzsəpən avtomobillər mövcuddur. Yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunacaq texnikalar saz vəziyyətdədir. Buzun əriməsi üçün yollara səpilən texniki duz ehtiyatları kifayət qədərdir.

Dünən qışa hazırlıqla bağlı həmin texnikaların hansı vəziyyətdə olması ilə tanışlıq üçün Bakı Şəhər İcra Hakimiyyətinin bu prosesi həyata keçirən Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə yollandıq. İlk mənzərədən məlum oldu ki, idarə qış mövsümünə artıq tam hazır vəziyyətdədir.

İdarənin rəisi Mübariz Hüseynov dedi ki, sentyabr-oktyabr aylarından etibarən qışa hazırlıq işlərinə başlanılıb. İdarənin balansında olan qış texnikası və nəqliyyat vasitələri bokslardan bayıra çıxarılaraq start vəziyyətinə gətirilib. İdarənin anbarında hazırda 5 min tondan çox texniki duz var. Mövcud olan duz ehtiyatları yollarda yarana biləcək buz probleminin aradan qaldırılmasına imkan verəcək: “Mövsümlə bağlı idarədə 24 saatlıq iş rejimi yaradılıb. Yanvarın 20-21-də qar yağması və yolların buz bağlaması gözlənildiyindən bütün işlər tam hazır vəziyyətə gətirilib. Havanın qarlı keçəcəyi təqdirdə gecə saatlarından lazımi tədbirlər görülməyə başlanacaq ki, səhərisi gün paytaxt sakinləri üçün heç bir problemlər yaranmasın”.

M.Hüseynov vurğuladı ki, idarədə hazırda 50-yə yaxın qış texnikası mövcuddur. Bunların sırasında Almaniya və Rusiyadan alınan XCMG markalı kürüyücü avtoqreyder, “Hitachi” markalı yükləyici ekskavator, kürüyücü-yükləyici CAT 428F markalı avtotraktor, JAK markalı vakuum tipli avtomaşın var. Bundan başqa, MAN 18350 markalı qarkürüyücü avtomaşınlar, KamAZ 53229 markalı qum-duz səpən və kürüyücü avtomaşınlar, MAZ MDK 5337 markalı qum-duz səpən və kürüyücü avtomaşınlar tam hazır vəziyyətə gətirilib və sürücülərlə təmin edilib.

İdarədə çalışan əməkdaşların rahatlığı və istirahəti üçün lazımi şərait yaradılıb, otaqlar istiliklə təchiz olunub. İşlərin vaxtlı-vaxtında və keyfiyyətli aparılması məqsədilə növbətçilik tərtib edilib. Bütün işçilərə məsuliyyətləri ilə bağlı təlimlər keçirilib və Bakı şəhərinin rayonları üzrə təhkimçilər təyin edilib. Bu şəxslər mütəmadi olaraq yerlərdəki məlumatları idarəyə çatdırırlar. Gündəlik növbə ilə işləyən işçilərin hətta isti yeməklərlə təmin edilməsi də həyata keçirilir.

Yolların duzlama prosesinə gəlincə isə Mübariz Hüseynov bildirdi ki, işlər hər gün idarəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan telefonoqrammalara əsasən qurulur. Gecə saatlarında texniki duzla yüklənmiş avtomaşınlar, qarkürüyücü maşınlar şəhərin bütün istiqamətlərində hazırlıq vəziyyətinə gətiriliblər. Maşınlar əsasən mərkəzi küçələrdə, körpülər və tunellərin yaxınlığında dayanırlar. Körpülərin altı boş qaldığı üçün daha tez donma, buzlama ehtimalı olur. Belə vəziyyətlərdə Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da idarə işçilərinə yardımçı olurlar.

Mübariz Hüseynov onu da vurğuladı ki, şaxtalı havada yağan qarı və buz örtüyünü təmizləmək üçün əsasən texniki duzdan istifadə edilir: “Çünki texniki duz qar və buz əriyərkən suya qarışıb yox olur. Qum isə bir qədər problem yaradır. Ona görə də əsasən texniki duzdan istifadəyə üstünlük verilir: “Bakı şəhərində hələ heç bir yola duzdan zərər dəyməyib. Avtomobillər də yuyularaq duzdan təmizlənir. Əgər duzun avtomobillərə ziyanı olsaydı, biz hər il yeni duz səpən avtomobil almaq məcburiyyətində qalardıq. Lakin texnikalarımız saz vəziyyətdə qalır”.

Beləliklə, dünən apardığımız müşahidələr onu deməyə əsas verir ki, qarlı, şaxtalı günlərdə paytaxtımızın yollarında ciddi problemlərlə qarşılaşmayacağıq.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video