04:26 27 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
03:04 27.02.2021

“25-lər”dən biri


03:02 27.02.2021

BİLDİRİŞ


03:01 27.02.2021

BİLDİRİŞ


02:59 27.02.2021

BİLDİRİŞ


02:57 27.02.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanı dünyada şərəfləndirən qələbə

ANA SƏHİFƏ / SİYASƏT
01:22 27.01.2021

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev respublikamızın ərazi bütövlüyünü bərpa etməklə öz tarixi missiyasını uğurla yerinə yetirdi

 

2020-ci il pandemiya səbəbindən dünyanın bütün dövlətləri üçün olduqca ağır bir dövr kimi yadda qaldı. Bəşəriyyəti çənginə almış virus səbəbindən qlobal iqtisadiyyatda ciddi geriləmələr baş verdi, ənənəvi iqtisadi əlaqələr kifayət qədər azaldı. Azərbaycan üçün də bu dövrdə sərhədlərin bağlanması, karantin rejimininin tətbiqi iqtisadi fəallığa təsirsiz ötüşmədi. Lakin dövlətimiz üçün 2020-ci ilin ən böyük hadisəsi olan torpaqlarımızın işğaldan azad edilməsi bütün bu kimi çətinlikləri arxa plana keçirdi. Bəli, 2020-ci il xalqımız üçün olduqca əlamətdar dövr kimi tarixə qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistanın silahlı qüvvələrini məğlubiyyətə uğradaraq 30 ilə yaxın idi gözlədiyimiz tarixi ədaləti güc yolu ilə təmin etdi. Cənab İlham Əliyevin dediyi kimi, artıq “Dağlıq Qarabağ problemi” anlayışı yoxdur və Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

 

İlham ƏLİYEV: “Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır”

 

Azərbaycanın dövlətçilik tarixi savaşlarla doludur. Mayası azadlıq, milli dövlətçilik mübarizələri ilə yoğrulan dövlətlərimiz şanlı keçmişimiz, qürur mənbələrimizdir. Zaman bəzən bizi ağır sınaqlara çəksə də, artıq yenidən tariximizin şərəfli səhifələri yazılır. Heydər Əliyevin müəyyən etdiyi, İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövlətinin yaranması bu gün bütün dünyanın etiraf etdiyi reallıqdır. Son olaraq yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə Prezident İlham Əliyev bir daha bu barədə danışaraq Azərbaycan dövlətinin özünün ən şanlı dövrünü yaşadığını dedi: “Mən son illər ərzində ölkəmizin hərtərəfli inkişafını dilə gətirərək deyirdim ki, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur”.

Bəli, bu reallıqdan çıxış edərək xalqımız öz tarixinin yeni yüksəliş salnaməsini yaradır. Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamı, eyni zamanda bu siyasətin dövrün çağırışlarından irəli gələrək zənginləşdirilməsi Azərbaycanı tarixinin ən inkişaf etmiş, ən güclü dövlətinə çevirib. Bugünkü Azərbaycanla nəinki müstəqilliyimizin ilk illərinin, heç 10 il əvvəlin Azərbaycanı arasında fərq müqayisəolunmazdır. İlham Əliyevin düşünülmüş, əsaslandırılmış siyasəti nəticəsində dövlətimiz hər il əvvəlki ildən daha möhtəşəm nailiyyətlərə imza atır.

2005-ci ildən öz neftini Avropaya çatdıran Azərbaycan indi Xəzərdən hasil edilən mavi qazı dünya bazarlarına çıxarır. Məhz respublikamızın təşəbbüsü və maliyyəsi ilə Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilib. Hazırda bu dəmir yolu tranzit şəbəkələrinin genişləndirilməsi ilə bağlı beynəlxalq razılaşmaların prioritet infrastrukturudur. Ümumiyyətlə isə son illərdə yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi nəticəsində Azərbaycan həm Qərb-Şərq, həm də Şimal-Cənub istiqamətlərində regionun ən aparıcı tranzit qovşağına çevrilib. Bu gün Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasının ən sürətli və etibarlı yolu məhz Azərbaycandan keçir. Təsadüfi deyil ki, Çin dövləti Azərbaycandan keçən tranzit yolları yüksək dəyərləndirərək bunu özünün prioritetləri sırasına daxil edib.

İlham Əliyevin inkişaf siyasətinin nəticəsi kimi Azərbaycan həm də kosmik klubun üzvüdür. Son illərdə fəzaya göndərilən üç peykimiz ölkəmizin inkişafına, maliyyə gəlirlərinin artmasına mühüm töhfələr verir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müharibəni deyil, döyüşü uduzmuşdu. Çünki 1994-cü ildə imzalanan atəşkəs müharibənin bitməsi deyildi. O illərdən Heydər Əliyevin başlatdığı siyasət Azərbaycanda gələcək inkişafın təməlini qoydu. İslahatlar, neft kontraktları Azərbaycanı getdikcə daha güclü dövlət etdi və təbii ki, bu amillər ölkənin beynəlxalq nüfuzunun artmasında, mövqelərinin möhkəmlənməsində, həqiqətlərinin dünya tərəfindən tanınmasında böyük rol oynadı.

Beləliklə, Vətən müharibəsindəki qələbə Azərbaycanın inkişaf salnaməsinin ən parlaq səhifəsidir. 44 günlük müharibədə qazanılan qələbə göstərdi ki, Prezident İlham Əliyev Azərbaycanın yüksəlişini, neft və qazdan gələn gəlirlərini uğurla ölkəmizin milli maraqlarının təmin olunmasına yönəldir. Bu qələbə ilə bağlı hələ çox danışılacaq. Üstündən illər, onilliklər, hətta yüzillər ötsə də, Azərbaycanın bu tarixi qalibiyyətinə müraciət ediləcək, bir dövlətin, bir xalqın öz haqq işi uğrunda mübarizəsi bütün dünyada nümunə kimi göstəriləcək. Bu qələbə həm də tədqiq ediləcək və böyük olmayan dövlətin belə möhtəşəm uğura nail olmasının səbəbləri tarixboyu ciddi öyrəniləcək, araşdırılacaq.

 

Ermənistanın danışıqlar prosesindəki mövqeyi və təxribatları müharibəni qaçılmaz etdi

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair hələ Birinci Qarabağ müharibəsinin gedişindən başlanmış danışıqlarda bütün beynəlxalq hüquq ölkəmizin tərəfində olub. İlk növbədə ona görə ki, vaxtilə sovet dövlətinin yaratdığı Dağlıq Qarabağ Muxtar Vilayətinin əraziləri tarixi Azərbaycan torpaqlarıdır və onun digər 15 respublika kimi müstəqilliyini elan etməsi üçün heç bir hüquqi çərçivə yoxdur. Digər tərəfdən, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlər Dağlıq Qarabağı respublikamızın ərazisi kimi tanıyıblar. Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatı olan BMT-yə və digər beynəlxalq qurumlara üzv qəbul olunanda Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınıb.

Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması bütün dünyaya, hətta erməni xalqının özünə də yaxşı məlumdur. Ermənilərin bu torpaqlara necə gəlib çıxmasını da xüsusi sübut etməyə və araşdırmağa ehtiyac yoxdu. 1805-ci ilin may ayında Rusiya ilə Kürəkçay müqaviləsini azərbaycanlı İbrahim xan imzalamışdı və həmin müqavilədə ermənilər barədə heç bir şey deyilmir. O da məlumdur ki, Qarabağa ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə keçmiş Ağdərə rayonunun Marağa kəndində abidə qoyulmuşdu. Üzərində ermənicə “Marağa-150” yazılmış abidə 1988-ci ildə Azərbaycana ərazi iddiaları başladan ermənilərin özləri tərəfindən dağıdılıb.

Belə faktlar tarixdə kifayət qədərdir və 30 ilə yaxın idi davam edən danışıqlar prosesində regionla bağlı həqiqətləri beynəlxalq ictimaiyyət, ayrı-ayrı təşkilatlar və Minsk qrupunun həmsədrləri daha yaxından dərk etdilər. Təəssüf ki, 30 ilə yaxın davam edən danışıqlar prosesində Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş haqlı mövqeyi elə beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müdafiə olunmadı. Odur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin müharibə yolu ilə həllinə gətirib çıxaran əsas səbəblərdən biri beynəlxalq təşkilatların məsələyə illərdir laqeyd yanaşması, işğalçıya qarşı təsirli mexanizmləri işə salmaması idi. Son onilliklərin beynəlxalq hərbi-siyasi mənzərəsi göstərir ki, ayrı-ayrı təşkilatlar, xüsusən BMT, NATO, ATƏT, Avropa Şurası hansısa dövlətlərin maraqları naminə lazım gələndə beynəlxalq hüququn təmin olunması istiqamətində qətiyyətli addımlar atır, siyasi və hərbi məzmunlu qərarlar qəbul edirlər. Lakin Azərbaycan torpaqlarının işğalına münasibətdə bunların heç biri baş vermədi. Bütün dünyanın gözü qarşısında Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozdu, Azərbaycanın ərazi bütövlüyünə qəsd olundu. BMT-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnamə, o cümlədən ATƏT-in və Avropa Şurasının müxtəlif illərdə qəbul etdiyi sənədlər kağız parçasına çevrildi. Məqsəd zaman keçdikcə problemi xalqımıza unutdurmaq və torpaqlarımızın Ermənistana ilhaqına nail olmaq idi.

Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz yolundan dönmədi, haqlı mövqeyinin beynəlxalq dəstək alması, Ermənistanın siyasi-diplomatik ifşası üçün inamla mübarizəsini davam edirdi. O cümlədən Prezident İlham Əliyevin sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə torpaqlarımızın müharibə yolu ilə azad olunacağını istisna etmədi. “Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir və müharibə dövründə biz bunu açıq-aşkar görürdük, bəzi ölkələr bunu gizlədə bilmirdilər. Bu dəstək Ermənistana nə verdi? Heç nə. Bizim gücümüz, iradəmiz qarşısında bu dəstək sıfra bərabər oldu. Hər kəs gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Mən deyəndə ki, biz axıra qədər gedəcəyik, sözümə əməl etdim. O vaxt dayandıq ki, Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf etdi, diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu”, - deyə İlham Əliyev bildirmişdir.

Azərbaycanın danışıqlar prosesinə sadiqliyinə baxmayaraq, 2019-cu ilin avqust ayından sonra Ermənistanın təxribatları bu prosesin tamamilə dayanmasına səbəb oldu. Bu baxımdan müharibə birdən-birə başlamadı və Ermənistanın təxribatlarının məntiqi yekunu Azərbaycanın hərbi yolla ərazilərini işğaldan təmizləməsinə gətirib çıxardı. Belə ki, hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlara zidd olan açıqlamalar verən, formatın dəyişdirilməsindən, danışıqlara separatçı rejimin cəlb olunmasından dəm vuran Ermənistanın baş naziri Nikol Paşinyan daha sonra tarixin ironiyası nəticəsində tutduğu vəzifənin eyforiyasından ruhlanaraq regional siyasətdə köklü dəyişikliklər etmək eşqinə düşdü. Hakimiyyətini möhkəmləndirdikdən sonra onun verdiyi bəyanatlar göstərdi ki, Ermənistanın həyata keçirdiyi siyasət, ümumiyyətlə, danışıqların mahiyyətinə və məzumuna uyğun deyil. “Qarabağ Ermənistandır” bəyanatı, Azərbaycanın qarşısında qoyulan 7 şərt, “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürülməsi kimi sərsəm addımlar və nəhayət, ötən ilin iyulunda Tovuza hücum edilməsi bu ölkə ilə sivil danışıqları tamamilə mənasız hala gətirdi. Bunların davamı kimi avqustda Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, Ermənistanda könüllü hərbi birliklərin yaradılması təsdiqlədi ki, işğalçı ölkə problemin həllində bütün konstruktiv yanaşmalardan uzaqdır. Üstəlik, cəbhə xəttinə yeni hərbi qüvvələr cəmləməsi Ermənistanın yeni işğalçılıq niyyətlərindən xəbər verirdi.

Prezident İlham Əliyev bununla bağlı BMT-ni, ATƏT-in Minsk qrupunun həmsədrlərini zamanında xəbərdar etmişdi. Son olaraq İlham Əliyev sentyabr ayında BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrdə çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata hazırlaşdığı ilə bağlı xəbərdarlıq etmişdi. O cümlədən hərbi əməliyyatların başlanmasından bir neçə gün əvvəl Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüş zamanı kəşfiyyat məlumatlarına əsasən, Ermənistanın çox ciddi hərbi hazırlıqlar həyata keçirdiyini, hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşdirdiyini demişdi.

İlham Əliyev beynəlxalq təşkilatları həm də Ermənistana qarşı təsirli mexanizmlər tətbiq etməyə çağırdı. Əlbəttə, beynəlxalq təşkilatlar, o cümlədən müharibə davam edən günlərdə İlham Əliyevi danışıqlara dəvət edən dövlətlər vaxtında Ermənistana təsir etsəydilər, cəbhədə yenidən hərbi əməliyyatlar başlamazdı və problemin sülh yolu ilə həlli istiqamətində faydalı danışıqlar aparılardı.

 

Böyük qələbənin başlanğıcı

 

Sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribat Prezident İlham Əliyevin nə qədər haqlı və uzaqgörən olduğunu göstərdi. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini intensiv atəşə tutdu. Bunun da nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralananlar var idi.

Prezident İlham Əliyev döyüşlərin başlanmasından bir neçə gün əvvəl Ermənistanın təxribatları barədə dünya ictimaiyyətini xəbərdar edərkən onu da bildirmişdi ki, əgər Ermənistan hücum etsə, peşman olacaqlar. Beləliklə, sentyabrın 27-də səhər saatlarında düşmənin hərbi təxribatından sonra Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücuma və cavab tədbirlərinin həyata keçirilməsinə başladı.

Sentyabrın 27-də xalqa müraciət edən Prezident İlham Əliyevin mülki əhali və hərbçilər arasında itkilərin olduğunu bildirərək, onların qanının yerdə qalmayacağını, torpaqlarımızın işğaldan azad olunacağını bəyan etdi: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Elə həmin gün düşmənin ön xətti yarıldı və Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin işğaldan azad olunduğu bildirildi. Döyüşlərin gedişi ilə bağlı Azərbaycan vətəndaşlarına operativ məlumat çatdırılacağını deyən İlham Əliyev əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını və Azərbaycan Ordusunu təbrik etdi.

 

Suqovuşan və Cəbrayılda Azərbaycan bayrağı ucaldıldı

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev növbəti qələbə müjdəsini oktyabrın 3-də özünün rəsmi “Twitter” səhifəsindən bəyan etdi: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” Elə həmin gün dövlət başçısı Madagizin tarixi adını bərpa edərək Suqovuşan adlandırdı. İlham Əliyev bu hadisə münasibətilə 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu təbrik etdi və həmçinin təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırmağı tapşırdı. Ali Baş Komandana öz təşəkkürünü bildirən Hikmət Həsənov Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.

Oktyabrın 3-də, gecə saatlarında isə Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan Ordusunun Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etdiyini xalqa çatdırdı.

Oktyabrın 4-də isə növbəti qələbə xəbəri gəldi. “Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” - deyə İlham Əliyev “Twitter” səhifəsində yazdı. Həmin gün xalqa müraciət edən İlham Əliyev Cəbrayıl şəhərini, həmçinin rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal və Cəfərabad kəndlərinin azad olunduğunu bildirdi. “Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu. Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” - deyə İlham Əliyev bəyan etdi.

Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə Ali Baş Komandan birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti təbrik etdi. Generallar İlham Əliyevə təşəkkürlərini bildirərək əmin etdilər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.

Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik isə qəhrəman ordumuzun uğurlu əməliyyatları ilə oktyabrın 5-də azad edildi.

 

Növbəti qələbə xəbəri Hadrutdan gəldi

 

Oktyabrın 9-da, Azərbaycan xalqına döyüşlər başlayandan sonra sayca üçüncü müraciətini edən Prezident İlham Əliyev növbəti qələbə müjdəsini çatdırdı. Xocavənd rayonunun Hadrut qəsəbəsinin və Sur kəndinin, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin azad edilməsi Azərbaycan Ordusunun müzəffər yürüşünün uğurla və inamla davam etdiyini göstərdi.

Qeyd edək ki, artıq həmin tarixə qədər, yəni müharibənin 12 günü ərzində Azərbaycan Ordusunun Ermənistana vurduğu zərbənin miqyası kifayət qədər güclü və miqyaslı idi. Belə ki, qısa müddətdə Ermənistan ordusunun 16 komanda məntəqəsi, 196 tankı, 38 BM-21, 1 “Uraqan”, 8 “Akasiya”, 2 “Qvozdika” artilleriya qurğuları, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repelend” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni məhv edilmişdi. 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını isə qənimət götürülmüşdü.

Həmin günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın qarşısında davam gətirə bilmədiklərini görüb dayanmadan ayrı-ayrı dövlətlərin rəhbərlərinə zəng edirdi. Azərbaycan Ermənistanı, sözün əsl mənasında, peşman etmişdi. Erməni mənbələri nə qədər gizlətməyə çalışsalar da, hər gün bu ölkənin şəhər və kəndlərinə saysız-hesabsız əsgər meyitləri gedirdi və xəstəxanalarda yaralı əlindən yer qalmamışdı.

İlham Əliyevin şərtləri isə ilk gündən aydın idi. Düşmənin xilasının yeganə yolu torpaqlarımızdan çıxması idi. “Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük”, - deyə İlham Əliyev oktyabrın 9-da etdiyi müraciətdə bildirirdi.

Amma Ermənistanın siyasi-hərbi rəhbərliyi bu reallığı dərk edə bilmədi və Moskvada əldə olunmuş humanitar razılaşmanı da işğalçı pozaraq Azərbaycanın azad etdiyi əraziləri geri qaytarmağa cəhd göstərdi və bundan sonra başlanan yeni hücum əməliyyatları ilə ordumuz qələbə qazanmağını davam etdirdi. Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri, oktyabrın 15-də Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, oktyabrın 15-də isə Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edildi.

 

(Ardı var)

 

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM