15 Yanvar 2021 00:42
1164
SİYASƏT
A- A+

Azərbaycan regionda dayanıqlı sülhün və əməkdaşlığın tərəfdarıdır

 

Prezident İlham ƏLİYEV: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”

 

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin cari ayın 11-də Moskvada keçirilmiş görüşünün yekunları hələ də sözügedən ölkələrin ictimaiyyətinin diqqət mərkəzindədir. Rusiya paytaxtında dörd saat davam etmiş üçtərəfli danışıqlar zamanı tərəflər regionda ab-havanı tamamilə dəyişdirməyə imkan verən razılaşmalara nail olmuşlar.

Keçən il noyabrın 10-da münaqişə zonasında hərbi əməliyyatlar dayandırıldıqdan sonra silahlı qarşıdurmanın tərəfləri arasında qarşılıqlı münasibətləri qaydaya salmaq zərurəti ortaya çıxmışdı. O vaxt üç ölkənin rəhbərlərinin qəbul etdikləri müştərək bəyanat çərçivəsində əldə olunmuş razılaşmaların əksər hissəsi reallaşdırılmışdır. Lakin bir sıra mühüm məsələləri həll etmək üçün yeni addımlar atmaq lazım idi. Moska görüşünün keçirilməsi məhz bu zərurətdən irəli gəlirdi.

Məlum olduğu kimi, 11 yanvar görüşünün yekunu kimi imzalanmış bəyanat 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinin bir hissəsini, daha doğrusu, postmüharibə dövründə regionda iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin reallaşdırılması məsələlərini özündə ehtiva edir. Yeni bəyanata uyğun olaraq, Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun yaradılması qərara alınmışdır. İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə üç tərəfin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər.

Ekspert yarımqrupları nəqliyyat kommunikasiyalarının bərpasına yönəlik layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaq. Öz növbəsində işçi qrupu  Azərbaycan və Ermənistan ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan və Ermənistan tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan və Ermənistan ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini üç tərəfin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Yeni bəyanatda diqqəti cəlb edən məqam odur ki, sənəddə görülməsi vacib olan tədbirlərin dəqiq icra tarixləri müəyyən olunmuşdur. Belə ki, işçi qrupu ilk iclasını cari ayın 30-dək keçirməli, ekspert yarımqrupları hazırladıqları layihələri işçi qrupunun iclasından sonra bir ay müddətində təqdim etməli, işçi qrupu nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini üç ölkənin rəhbər şəxslərinin təsdiqləməsi üçün martın 1-dək təqdim etməlidir. Özü də dəmir yolu və avtomobil yolları razılaşmalarda prioritet istiqamət kimi müəyyənləşdirilmişdir.

İstər yerli, istərsə də xarici müşahidəçilərin əksəriyyəti Moskvada əldə edilmiş razılaşmaların hər üç tərəf üçün faydalı olduğunu vurğulayır. Belə ki, regionda hərtərəfli sülhü, sabitliyi və təhlükəsizliyi bərqərar etmək üçün ardıcıl konkret addımlar atılmalı, işgüzar münasibətlərin təməli qoyulmalıdır. Bu istiqamətdə çoxdan durğun vəziyyətə düşmüş nəqliyyat kommunikasiyalarının açılması ilkin şərt kimi özünü qabarıq şəkildə göstərir. Yeri gəlmişkən, Azərbaycan, Rusiya və İranın iştirakı ilə formalaşan “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin Türkiyə və Ermənistanı da əhatə etməklə qərbə doğru genişlənməsi imkanı yaranar. Bu regional əməkdaşlığa gələcəkdə Gürcüstan da qoşula bilər. Nəticə etibarilə geniş bir regionda qarşılıqlı faydalı əməkdaşlıq formatı təşəkkül tapar, iştirakçı ölkələrə əlavə investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin açılmasına və dövlət büdcələrinə əlavə gəlirlərin daxil olmasına şərait yaradar.

Moskva razılaşmalarının reallaşdırılmasının gedişində, məsələn, Mehri dəhlizinin açılması ilə Azərbaycan Naxçıvan və Türkiyə ilə quru əlaqəsi əldə edəcək. Ermənistan bu dəhliz vasitəsilə Rusiya, İran və Türkiyə ilə dəmiryolu əlaqəsi yaradacaq. Rusiya isə Ermənistan, İran və Türkiyə ilə həm avtomobil, həm də dəmiryolu əlaqəsi əldə edəcək. Regionda yeni nəqliyyat infrastrukturunun işə düşməsi ilə iştirakçı ölkələr həm tranzitdən qazanacaq, həm də öz məhsullarını müxtəlif istiqamətlərdə ixrac edə biləcək. Başqa sözlə, hamı qazanacaq, itirən olmayacaq.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin mətbuat üçün bəyanatlarından məlum olur ki, Moskvada postmüharibə dövründə ortaya çıxmış problemlər də müzakirədən kənarda qalmamışdır. Ermənistanın baş naziri yeni razılaşmaların mühüm olduğunu qeyd etsə də, onun Rusiya paytaxtından razı getdiyini söyləmək çətindir. Ermənistan liderini hər şeydən əvvəl Dağlıq Qarabağın statusu və hərbi əsirlərin dəyişdirilməsi məsələləri narahat edirdi.

Aydındır ki, Prezident İlham Əliyevin status məsələsinin artıq tarix olduğunu bir daha bəyan etməsi Ermənistan tərəfinə sərf etmir. Ona görə də Paşinyan ATƏT-in Minsk qrupunu dirçəltmək arzusuna düşüb. Amma çətin ki, bu arzu gerçəkləşsin, çünki Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Dağlıq Qarabağ məsələsi Bakının daxili işidir və bu işə heç kim qarışa bilməz. Hərbi əsirlərin dəyişdirilməsi məsələsinə gəlincə, Rusiya liderinin qeyd etdiyi kimi, 10 noyabr bəyanatına uyğun olaraq əsirlərin və həlak olanların cəsədləri artıq dəyişdirilmişdir. Yəni söhbət keçən il noyabrın 10-dək əsir düşmüş şəxslərdən gedir. Həmin tarixdən sonra döyüş əməliyyatları dayandırıldığından hansısa əsirdən söhbət gedə bilməz. Yəqin ki, Paşinyan hərbi əsirlər dedikdə Azərbaycan Ordusunun ötən ayın 11-də Qarabağda antiterror əməliyyatı keçirərkən yaxaladığı erməni silahlılarını nəzərdə tutur. Həmin silahlılardan birinin Xocalı soyqırımını törədənlər arasında olduğu təsdiqlənmişdir. Aydındır ki, belələrini hərbi əsir hesab etmək mümkün deyil və ona görə də həmin silahlıların Azərbaycanın daxili qanunvericiliyinə uyğun olaraq mühakimə olunacağı tamamilə təbiidir.

Əslinə qalsa, Azərbaycanın Dağlıq Qarabağda yaranmış vəziyyətdən narazı qalması üçün kifayət qədər əsaslar var. Məsələn, Ermənistan ötən ilin noyabrında əldə edilmiş razılaşmalara zidd olaraq bu bölgədəki hərbçilərini çıxarmır. Onların isə gələcəkdə Azərbaycanın antiterror əməliyyatı keçirməyə məcbur olarkən əsir düşəcəyi istisna edilmir. Ona görə də erməni əsgərlərinin belə bir vəziyyətlə üzləşməməsi üçün rəsmi İrəvan indidən fikirləşməlidir. Üstəlik, Ermənistan rejimi yaddan çıxarmamalıdır ki, qonşu ölkənin ərazisində qanunsuz olaraq qoşun saxlamaq ikitərəfli iqtisadi münasibətlər qurmaqla bir araya sığa bilməz. Yəni Azərbaycan ərazisindən ticarət üçün istifadə etməzdən əvvəl özgə torpağında qanunsuz olaraq yerləşdirilmiş qoşun çıxarılmalıdır.

Bütövlükdə Moskva görüşünün yekunları Azərbaycan diplomatiyası üçün ciddi uğur sayılmalıdır. Prezident İlham Əliyev Azərbaycanla onun tərkib hissəsi olan Naxçıvan MR arasında nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdükdən sonra bu layihənin reallaşdırılması istiqamətində konkret addımın atılmasına nail olmuşdur.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video