27 Yanvar 2021 01:23
788
SİYASƏT
A- A+

Azərbaycan nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilir

 

Bu gün ölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, demək olar ki, bütün regional layihələrin əsas tərəfdaşı və təşəbbüskarıdır. Bölgədə yaranmış yeni reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan bu prosesdə mühüm rol oynayır. Enerji, neft-qaz sahələrində irimiqyaslı layihələrin reallaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Azərbaycan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli layihələr icra edir. Artıq Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinin inkişafına böyük töhfələr verir. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsi və pandemiya ilə mübarizə fonunda dövlətimiz diplomatiya, iqtisadi, nəqliyyat-kommunikasiya əməkdaşlıq çərçivəsində yeni-yeni uğurlara imza atır. Hazırkı vəziyyətdə Cənubi Qafqazda yeni regional əməkdaşlıq və inteqrasiya üçün əlverişli imkanlar yaranıb. Deputat, eyni zamanda, qeyd edib: “Yanvarın 13-də Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşündə siyasi, strateji, ticari, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın davam etdirilməsi üzrə İslamabad Bəyannaməsi qəbul olundu. Yanvarın 16-da Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük, sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalandı. Yanvarın 21-də Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. Bu mərasimlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüş zamanı Anlaşma Memorandumunun hazırkı və gələcək əhəmiyyəti haqqında bir çox məsələlər qeyd olundu”.

Komitə sədri bildirib ki, hazırda əldə olunan nailiyyətlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasət nəticəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” yeni ikitərəfli və çoxtərəfli əməkdaşlıqların qurulmasına etibarlı zəmin yaratdı. Eyni zamanda, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatının pay bölgüsü üzrə sahilyanı ölkələr arasında müxtəlif sənədlərin imzalanmasına səbəb oldu. Bu çərçivədə 2001-ci il noyabrın 29-da “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 2002-ci il sentyabrın 23-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 2003-cü il mayın 14-də “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanması mühüm tarixi hadisələrdir. Qeyd etmək lazımdır ki, Azərbaycan davamlı olaraq Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün çalışıb və bu dənizin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində müxtəlif səylər göstərib. Bu gərgin zəhmət sayəsində Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşmasına nail olunub, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Aparılan məqsədyönlü strategiyanın nəticəsi olaraq, bu günlərdə Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması üçün tarixi şərait yarandı. Bu isə o deməkdir ki, TransXəzər boru kəməri layihəsi üçün son maneə də aradan qalxdı”, - deyə komitə sədri diqqətə çatdırıb.

H.Hüseynovanın sözlərinə görə, memorandum istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə, regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir. Azərbaycan hazırda “Cənub qaz dəhlizi”ni (SGC) formalaşdıran Trans-Anadolu qaz boru kəməri (TANAP) və bu yaxınlarda başa çatdırılmış Trans-Adriatik kəməri (TAP) vasitəsilə Türkiyə və Avropa bazarlarına təbii qaz tədarük edir. Yaxın gələcəkdə Azərbaycanın Avropaya daha çox təbii qaz ötürməsi üçün “Dostluq” yatağı daha böyük perspektivlər vəd edir. Hər iki ölkə başçısının qeyd etdiyi kimi, “Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir”. Xalqlarının gələcəyi naminə aparılan əməkdaşlıq ölkələrimizin onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir. Beləliklə, Türkmənistan Azərbaycan vasitəsilə əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Qeyd etdiyimiz kimi, Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatları artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəldilib. Azərbaycan ilə Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq TransXəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın Azərbaycana və TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir. Bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq.

“Qlobal transmilli layihələr sayəsində sosial rifah və iqtisadi inkişaf sahəsində çox mühüm məsələlər öz həllini tapır. Həm Azərbaycan, həm də Türkmənistan investisiyalar üçün açıqdır. Xarici şirkətlər hər iki ölkəyə Azərbaycana inamla böyük vəsait yatırırlar. Prezident İlham Əliyevin də vurğuladığı kimi, onlar əmindirlər ki, vəsaitləri qorunacaq, bizim ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Siyasi sabitlik ölkələrin inkişafında strateji əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu uğurlu əməkdaşlığa zəmin yaradan digər mühüm amillərdən biri də humanitar faktordur. Ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz və bir sıra digər mövcud sosial-mədəni təzahürlərin potensialı səmərəli əməkdaşlığın yaranmasının əsas səbəblərindəndir”, - deyə deputat qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video