09 Yanvar 2021 00:33
1474
SİYASƏT
A- A+

Azərbaycan diplomatiyası keçən il zirvədə oldu

 

Yola saldığımız 2020-ci il ölkəmizin həm qədim, həm də müasir tarixində möhtəşəm zəfər ili kimi yadda qaldı. 44 gün davam etmiş Vətən müharibəsi 30 ilə yaxın erməni işğalı altında qalmış əzəli torpaqlarımızın düşmən tapdağından qurtulması ilə yaddaşlara həkk olundu.

Yeni tip koronavirus pandemiyasının dünyanı çənginə aldığı ağır dövrdə səbir kasası çoxdan dolmuş Azərbaycan xalqının sosial sifarişi ilə Silahlı Qüvvələrimiz təcavüzkar Ermənistanın ardı-arası kəsilməyən təxribatlarına birdəfəlik son qoymaqdan başqa çıxış yolu görünmədiyindən Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hərəkətə keçib düşmənin daşını daş üstündə qoymadı.

Azərbaycan rəhbərliyinin belə bir qəti qərarı erməni təcavüzkarının başını sığallayan müəyyən beynəlxalq dairələri çaş-baş saldı. Rəsmi İrəvan və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində vasitəçilik edən böyük dövlətlər hesab edirdi ki, Bakı işğal altında qalan ərazisini hərbi güc tətbiq etməklə işğalçılardan təmizləməyə cəsarət etməyəcək, yaranmış reallıqla əvvəl-axır barışmalı olacaq. Hərçənd Prezident İlham Əliyev dəfələrlə xatırlatmışdı ki, münaqişənin hərbi həlli yolu da var. Bakının zaman-zaman səsləndirdiyi belə bəyanatlara cavab verilirdi ki, Azərbaycan müharibə barədə düşünməməlidir, çünki silaha əl atsa, nail olduğu  inkişaf tempindən geri qalar.

Təcavüzkar Ermənistan da güclü havadarlarına bel bağlayıb ümid edirdi ki, Azərbaycanla yenidən silahlı qarşıdurma yaransa, təcavüzkar dövlətin havadarları dərhal ayağa qalxıb İrəvanın yanında yer alacaqlar. Lakin Ermənistan faşist rejimi anlamaq istəmirdi ki, hər dövlətin öz milli maraqları var və bu maraqları kiməsə qurban vermək fikrində deyil. Azərbaycan Cənubi Qafqazda kilid dövlət kimi mövqe qazanmışdı və onunla hesablaşmaq məcburiyyətində qalan ölkələrin sayı get-gedə artırdı. Üstəlik, Birinci Qarabağ müharibəsindəki dövrdən fərqli olaraq Azərbaycan güclü ordu yaratmışdı və onun Silahlı Qüvvələri məqam gələn kimi işğal altındakı ərazilərini erməni işğalçılarından təmizləmək iqtidarında idi. Eyni zamanda təcavüzkar tərəf belə bir mif yaratmışdı ki, Azərbaycan əsgərinin erməni təcavüzkarı ilə döyüşmək hünəri yoxdur və ona görə də müharibənin yenidən alovlanmasını gözləmək yersizdir. 

Əslində düşmənin özü Azərbaycan Ordusunun hərəkətə keçməsinə fürsət verdi: təcavüzkarın növbəti təxribatı onun darmadağın olması ilə nəticələndi. Təbii ki, Vətən müharibəsinin gedişində Ermənistanın havadarları əl-ayağa düşüb “ərköyün uşağ”ını xilas etməyə cəhd göstərdilər. ATƏT-in Minsk qrupunun həmsədri qiyafəsi geymiş Fransa xüsusi canfəşanlıq nümayiş etdirir, Azərbaycan Ordusunu hər vəchlə dayandırmağa çalışırdı. Qərbin bir sıra digər dövlətləri də susmur, Ermənistan-Azərbaycan münaqişəsi cəbhəsində atəşkəsə nail olmaq üçün dəridən-qabıqdan çıxırdı.

Belə bir şəraitdə Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan diplomatiyası da hərəkətə keçdi. Ayrı-ayrı dövlətlər, bütövlükdə dünya ictimaiyyəti hadisələrin mahiyyəti barədə yetərincə məlumatlandırıldı, erməni tərəfinin uydurmaları ifşa edildi. Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı başlayandan bəri bəyan edirdi ki, Azərbaycan hərbi əməliyyatı dayandırmağa hazırdır, bir şərtlə ki, Ermənistan tərəfi işğal etdiyi torpaqlardan çıxmaq qrafikini təqdim etsin. Məlum olduğu kimi, Azərbaycan istəyinə nail oldu və ötən il noyabrın 10-da imzalanmış Azərbaycan-Rusiya-Ermənistan müştərək Bəyanatına uyğun olaraq Dağlıq Qarabağ bölgəsinin ətrafında işğal altında qalmaqda olan üç rayon - Ağdam, Laçın və Kəlbəcər döyüşsüz Azərbaycana qaytarıldı.

Ümumiyyətlə, Vətən müharibəsinin gedişində Azərbaycan əsgəri ilə bərabər, Azərbaycan diplomatiyası da vuruşurdu. Prezident İlham Əliyev diplomatik mübarizənin ön səngərində idi. Dövlət başçısı istər ayrı-ayrı ölkələrin rəhbərləri ilə telefon danışıqlarında, istərsə də dünyanın çoxsaylı media orqanlarına müsahibələrində həqiqəti dünya ictimaiyyətinə çatdırır, Ermənistan və onun havadarlarının irəli sürdükləri iddiaların əsassız olduğunu sübut edir, onların kütləvi informasiya vasitələrini işə salıb Azərbaycana qarayaxma kampaniyasını puç edirdi.

Azərbaycanın bədxahları ordumuzun ard-arda qazandığı qələbələrə kölgə salmaq üçün cürbəcür uydurmaları dövriyyəyə buraxmaqdan çəkinmirdilər. Bu istiqamətdə Fransanın hərəkətləri xüsusilə qərəzli görünürdü. Sözügedən dövlət beynəlxalq vasitəçi kimi neytrallığını tamamilə unudub Ermənistanın ekspansionist planlarını birmənalı şəkildə dəstəkləyir, Azərbaycanın suverenliyini açıq-aşkar şübhə altına alır, Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimi az qala beynəlxalq hüququn subyekti kimi təqdim etməyə çalışırdı.

Fransa prezidenti Emmanuel Makronun bu məzmunda bəyanatları Bakının sərt reaksiyası ilə qarşılaşdı. Prezident İlham Əliyev fransız həmkarının nəzərinə çatdırdı ki, münaqişə zonasında döyüş əməliyyatlarının yenidən başlamasına Ermənistan rejiminin qeyri-konstruktiv mövqeyi səbəb olmuşdur. Belə ki, rəsmi İrəvan şüurlu şəkildə danışıqlar prosesini pozmuşdur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurmuşdur. Digər tərəfdən, “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı danışıqlar formatını dəyişdirmək cəhdidir ki, bu da qəbuledilməzdir. Belə bir yanaşmanı ATƏT-in Minsk qrupu da rədd etmişdir.

Erməni “bacı”sını düşdüyü ağır vəziyyətdən çıxarmağa çalışan Fransa həddini aşanda Prezident İlham Əliyevin kəskin bəyanatı illə qarşılaşdı: “Kiminsə tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaratmağı bizdən tələb etməsi heç bir məntiqə, heç bir ədalətə sığmır. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə məsafədə yerləşən ölkələr indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz”.

Fransa və Ermənistanın digər havadarları Azərbaycanın haqq işini başqa istiqamətlərə yönəltməkdən də çəkinmirdilər. Məsələn, guya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında xristian irsinə təhlükə yarana bilər və ona görə də müvafiq tədbirlər görülməlidir. Bu iddiaya ifrat həyasızlıqdan başqa ad vermək mümkün deyil. Axı, bütün dünyaya, o cümlədən Fransa və ona dəm tutan Rusiyaya yaxşı məlumdur ki, Azərbaycan tolerant ölkədir, burada hansısa dini  dözümsüzlükdən söhbət gedə bilməz. O da məlumdur ki, Azərbaycan rəhbərliyi nəinki ölkə daxilində, eləcə də xaricdə, o cümlədən Fransada xristian məbədlərinə qayğı ilə yanaşır, onların təmir və bərpasına vəsait ayırır. Görəsən, bu, nə tez Makronun yadından çıxdı? Azərbaycan tarixinin hansı mərhələsində yerli əhali dini, yaxud etnik azlıqlara başqa gözlə baxıb? Hamı bilir ki, belə bir faktı heç kim axtarıb tapa bilməz.

Bədxahlarımız Vətən müharibəsinin gedişində Azərbaycana qarşı başqa bir ittihamla da “silahlanmışdılar”: guya ki, Azərbaycan Ordusunun sıralarında Yaxın Şərqdən, daha doğrusu, Suriyadan gətirilmiş terrorçular vuruşurlar. Özü də heç bir dəlil-sübut gətirmədən. Buna deyirlər ki, adımı sənə qoyum, səni də yana-yana. Amma bu cür cəfəng uydurmalar, ağ yalanlar qarşısında Azərbaycan yana-yana qalan deyildi. Prezident İlham Əliyev dünyanın bir sıra aparıcı KİV-inə verdiyi müsahibələrdə bu sərsəm iddianı qətiyyətlə rədd edirdi: “Fransa Prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırmışam. Əvvəla, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var”. Dövlət başçısı həmsöhbət olduğu xarici jurnalistlərə xatırladırdı ki, Azərbaycan xaricdən başıpozuq silahlı birləşmələr gətirməyə ehtiyac duymur, çünki ehtiyac yarananda ehtiyatda olan on minlərlə adamı cəlb etmək mümkündür.

Eyni zamanda Azərbaycana da, onun bədxahlarına da sirr deyildi ki, Dağlıq Qarabağda Silahlı Qüvvələrimizə qarşı təkcə Ermənistan ordusu yox, həm də xaricdən gəlmiş muzdlu silahlılar vuruşurdular. Prezident İlham Əliyev bu məqamı da beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmışdır. Dövlət başçısı bildirirdi ki, Ermənistanın əcnəbi silahlı muzdlulara ehtiyacı var, çünki bu ölkənin əhalisinin sayı ildən-ilə azalır, indi 2 milyon nəfərdən çox deyil: “Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə, bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır”.

Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın müvafiq hakimiyyət orqanları Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı zamanı erməni diaspor təşkilatları tərəfindən təsis edilmiş fondlar vasitəsilə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimə və silahlı birləşmələrə maliyyə dəstəyi göstərilməsinin qarşısının almaq məqsədilə “xeyriyyə təşkilatları” adı altında bu cür dəstəyi həyata keçirən qurumlar, eləcə də onlara xidmət göstərən bank və maliyyə təşkilatları barədə hesabat hazırlayaraq BMT-nin üzvü olan ölkələrdə maliyyə monitorinqi həyata keçirən strukturlara və müvafiq profilli beynəlxalq təşkilatlara təqdim etmiş, fəaliyyəti terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş bu cür fondlara və qurumlara qarşı sərt tədbirlər görməyi tələb etmişdir. Amma Azərbaycana qara yaxmaqdan başqa heç bir iş-güc tapa bilməyən məlum dairələr hələ də bu faktlardan yan keçib susur. ATƏT-in Minsk qrupundan da səs çıxmır. Azərbaycanın belə bir vasitəçilik missiyasına bundan sonra, çox güman, ehtiyacı qalmayacaq.

Bütövlükdə ötən il Azərbaycan diplomatiyası zirvədə oldu. Dövlətimiz haqq işini ordusu ilə yanaşı, diplomatiyası ilə müdafiə etdi. Bu, xarici siyasətimizin parlaq qələbəsi idi. Eyni zamanda Azərbaycan Vətən müharibəsinin gedişində həm dostlarını, həm də düşmənlərini bir daha tanıdı. Dostlar çox idi, düşmənlər isə iqtisadi-hərbi baxımdan güclü olsalar da, ədaləti üstələyə bilmədilər. Azərbaycanın haqq işinə qarşı çıxanlar heç nə qazanmadılar, onlar ölkəmizin timsalında sadiq dost, etibarlı tərəfdaş itirdilər.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video