09 Yanvar 2021 00:48
1722
SİYASƏT
A- A+

Azərbaycan 2020-ci ilin sınaqlarından qələbə ilə çıxdı

 

Prezident İlham Əliyev: “Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır”

 

Hər ilin əvvəlində olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirdi, amma həm məzmun, həm də formaca əvvəlkindən fərqli. Dünyada hökm sürən koronavirus pandemiyası ilə əlaqədar builki müşavirə videoformat şəklində aparıldı.

Lakin fərq təkcə bu deyildi. Müşavirənin məzmununun da özəlliyi vardı və bu ondan ibarət idi ki, əslində, ölkəmizin, xalqımızın həyatının tək bir ilinə deyil, son üç onilliyinə yekun vurulurdu. Dövlət başçısı bunu müşavirənin başlanğıcında belə vurğuladı: “Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır.”

 Azərbaycan 2020-ci ilin sınaqlarından Zəfərlə çıxdı. Mənfur düşmənin ayaqları altında illərdir inləyən torpaqlarımızda, dağıdılıb talan edilən yaşayış məntəqələrimizdə Azərbaycan bayrağı yüksəldi.

 Koronavirus isə bütün dünya üçün böyük sınaq oldu. Azərbaycan bu sınaqdan da şərəflə çıxmaq üçün mübarizə aparır. Vəziyyət daim dövlətin nəzarətindədir. Ölkədə tez bir zamanda yeni xəstəxanalar tikildi, infeksiyadan qoruyucu vasitələr istehsal edən müəssisələr işə salındı, müvafiq laboratoriyalar alındı. Böyük həkimlər dəstəsi səfərbər olundu və koronavirus xəstələrinə qulluq etdiklərinə görə onların maaşları artırıldı. Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində olan bu sosial paket koronavirusdan əziyyət çəkən insanlara, qeyri-formal çalışan və işsiz vətəndaşlara təqdim edildi.

 Əlbəttə, pandemiyanın iqtisadiyyata zərbəsi danılmazdır. Bununla belə, Azərbaycan digər ölkələrə nisbətən vəziyyətdən az itkilərlə çıxıb. Ölkə iqtisadiyyatı, ümumilikdə, təqribən 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayesi 11 faizdən çox artıb. Kənd təsərrüfatında 2 faiz artım olub. Sosial sahədə insanların rifahına xidmət edən addımlar atılıb. İndiki çətin dövrdə də dövlətimiz bu məsələni unutmayıb. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb. Neft Fondunun vəsaiti azalmayıb, əksinə, çoxalıb. Bunlar dövlətin həyata keçirdiyi məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin düzgün aparılması nəticəsində mümkün olub. Dövlət başçısı bu barədə deyib: “Baxmayaraq ki, biz koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər olubdur, müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Yəni bütün bunlar böyük maliyyə yüküdür. Amma dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində biz buna nail ola bilmişik.”

Qələbə ilində daha bir uğurumuz ilin son günündə aldığımız şad xəbər oldu. “Cənub qaz dəhlizi” tam istismara verildi. Dəhlizin son seqmenti olan TAP ( Trans-Adriatik Qaz Boru Kəməri) işə düşdü. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa Avropaya nəql edildi. Bu, bizim daha bir qələbəmizdir. Çünki “Cənub qaz dəhlizi” kimi qlobal bir layihənin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır.

Beynəlxalq qurumlar öz reytinq həsabatlarında ölkəmizə önəmli yer verirlər. Azərbaycan yenə də dünyanın 10 ən islahatçı ölkəsi sırasındadır.

İnfrastruktur layihələrimiz demək olar ki, başa çatmaq üzrədir. Azad edilmiş torpaqlardan savayı, indi ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizi ötür. Elektrik enerjisi ilə heç bir problem yoxdur. Davos İqtisadi Forumunun hesabatına görə, bu sahədə ikinci yerdəyik. Avtomobil və dəmir yolları xətləri və digər infrastruktur layihələri, o cümlədən suvarma ilə bağlı layihələr plan üzrə irəliləyir.

İndi Prezident əsas diqqəti işğaldan azad edilmiş torpaqlara yönəldir: “Biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.”

Bu sahədə ilkin infrastruktur layihələrinin icrasına artıq başlanıb. Birinci layihə Şuşa şəhərinə yol çəkilişidir. Çünki Şuşaya ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Odur ki, bu gün oraya getmək üçün yeni yol çəkilişi mütləq lazımdır. Relyefin çətinliyinə və xüsusilə indi qış fəsli olduğuna baxmayaraq, Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur.

Start verilən digər layihə isə Toğanalı - Kəlbəcər yoludur. Bu da çox çətin relyefdən keçən bir yoldur, çünki bəzi yerlərdə yüksəklik 3500 metrə çatır. İndiki hava şəraitində bura ilə irəliləmək çətin olsa da, tunellərin tikintisi nəzərdə tutulur və bu layihə də icra edilir. Horadizdən Zəngilana, oradan Qubadlıya və Qubadlıdan Laçın rayonuna qədər yol çəkilşi üçün hazırlıq işləri gedir. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol da Laçın rayonuna qədər davam etdiriləcək.

Füzuli şəhərində beynəlxalq hava limanı tikiləcək. Bu, Şuşaya gəlmək istəyən xarici qonaqların rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya yollanması deməkdir. Daha bir beynəlxalq aeroport isə ya Kəlbəcərdə, ya da Laçında olacaq. Beləliklə, iki beynəlxalq aeroport Qarabağ zonasının bərpasına, yüklərin daşınmasına, turizmin inkişafına və yerli sakinlərin rahatlığına xidmət edəcək.

Qarabağda həm ənənəvi, həm də  bərpaolunan enerji növləri geniş vüsət alacaq. Enerji sistemi ölkənin ümumi enerji sisteminə tam inteqrasiya ediləcək.

Dəmir yolları ilə bağlı da artıq göstəriş verilib. Horadiz-Füzuli və sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulur. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu layihəyə də cari ildə start veriləcək.

 Eyni zamanda Horadiz-Ağbənd dəmir yolu yenidən tikiləcək. Çünki Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün isə bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün də konkret işlər gedir.

Qarşıda həmçinin azad edilmiş torpaqlarda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün suvarma işlərinin sürətləndirilməsi vəzifəsi dayanır. Burada su mənbələri kifayət qədər çoxdur. Odur ki, ən müasir suvarma sistemləri təşkil edilməlidir.

Sözügedən müşavirədə Prezident İlham Əliyev bildirib ki, 2021-ci il çox əlamətdar olmalıdır. Ona görə ki, planlarımız böyükdür: “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik... Biz Qarabağ bölgəsində cənnət yaradacağıq”.

 

Flora SADIQLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video