27 Yanvar 2021 01:29
859
CƏMİYYƏT
A- A+

Ağdamlılar Böyük Qayıdışa hazırdırlar

 

- Əmi, gedirik ey, biz də gedirik...

- Hara gedirsiz?

- Kəndimizə...

- Çoxmu sevinirsən?

- Lap çox, lap çox...

- Birinci dəfədi gedirsən?

- Bəli, əmi, görməmişəm axı kəndimizi. Evimizdəki alboma baxanda atamın, anamın şəkillərində görmüşəm. Babam deyir ki, ora elə qəşəngdi, elə gözəldi ki...

 - İnşallah, tezliklə gedib görərsiz.

- Hə, bacım da, mən də çox istəyirik. Amma deyirlər ki, ermənilər oraları dağıdıblar. Eybi yox, atam deyir ki, bizə yeni ev tikəcəklər, təzə məktəbimiz olacaqdır.

- Bəli, hər şeyiniz olacaq, özü də əvvəlkindən də yaxşı...

- Əmi, gəlin evimizə gedək, atam da, bacım da çox sevinir, onları da çəkin... 

Gözləri elə gülür ki, sanki heç vaxt belə sevinc hissi yaşamayıb bu qızcığaz. Elə adı da Sevincdir, 8 yaşı var. Ağdamın Salahlı-Kəngərli kəndindəndirlər, Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti məskunlaşıblar. Xahişini nəzərə alıb evlərinə yollanırıq...

Əslində balaca Sevincin keçirdiyi hissləri bu gün bütün ağdamlılar yaşayır. Ağdamı, dədə-baba yurdunu heç vaxt görməyən Sevinc kimi minlərlə uşaq var. Amma indi təkcə uşaqlar deyil, elə böyüklər də sevinc içindədirlər.    

 

"Ali Baş Komandanımıza nə qədər alqış eləsək, yenə də azdır"

 

Hümbətovlar ailəsinin qonağıyıq. Ailənin başçısı Əmir Hümbətov 1967-ci ildə Salahlı-Kəngərli kəndində anadan olub. Atası, anası Ağdam nisgili, yurd həsrəti çəkə-çəkə haqq dünyasına qovuşublar. Bu xoş günü yaşamaq onlara qismət olmadı, amma övladlarına, nəvələrinə nəsib olub. Ruhları sevinir indi...

Bir oğul, iki qız atası olan Əmir Hümbətov deyir ki, Sevinc müharibə başa çatandan bugünə kimi onu sorğu-suala tutur. Qızı bütün əşyalarını toplayıb Ağdama qayıdacaqları günü gözləyir: "Hər gün soruşur ki, ata, bəs nə zaman gedirik? Axı Qarabağı almışıq, niyə burda qalırıq, kəndimizə gedək də... Deyirəm ki, biz az da döz, yaxın zamanlarda gedəcəyik.

Allah Prezident İlham Əliyevə ömür versin. Bizə bu günləri görməyi nəsib etdi. Nisgil dolu günlərimizə son qoydu. Ağdamı, yurdumuzu qaytaran Ali Baş Komandanımıza nə qədər alqış etsək, yenə də azdır. Həm İlham Əliyev, həm də xanımı Mehriban Əliyeva hər zaman bizim ən böyük himayədarımız olublar. Allah onları var etsin.

Müharibə başlayanda bütün dünya Azərbaycanın qüdrətini gördü. Azərbaycan Ordusu illərdən bəri işğalda olan torpaqlarımızı azad etdi. Bu gün təkcə məcburi köçkünlər yox, bütün xalqımız sevinc içindədir. Şəhidlərimizin qisası alınıb.

Prezident İlham Əliyevə və qüdrətli ordumuza böyük minnətdarlıq hissi ilə tezliklə elimizə, obamıza qayıdacağıq”.

Həyat yoldaşı Şərafət xanım da sevinc hisslərini bölüşərək deyir ki, neçə gündür kəndlərini yuxularında görür. Fikri-xəyalı Salahlı-Kəngərlidədi: “Biz də uşaq kimi sevinirik vallah. Adam inana bilmir ki, yurdumuza qayıdırıq. Amma bir gün qayıdacağımıza da şübhəm yox idi. Çünki İlham Əliyevə inanırdıq. Prezidentimiz deyirdi ki, Qarabağ düşmən tapdağında qalmayacaq, biz tarixi torpaqlarımızı geri alacağıq. Əgər sülh yolu ilə alınmasa, Azərbaycan güc yolunu seçəcək. Belə də oldu. Ermənilər 4 ilə işğal etmişdilər Qarabağı. Amma İlham Əliyev 44 günə geri qaytardı o torpaqlarımızı. Allah Prezidentimizin yardımçısı olsun. Həsrətimizə, nisgilimizə son qoydu. Ən böyük arzumuzu gerçəkləşdirdi”.

Hümbətovlar ailəsi böyük sevinc hissi yaşayır. Ağdama nə zaman qayıdacaqları günü səbərsizliklə gözləyirlər. Ən çox darıxan isə Salahlı-Kəngərlini yalnız şəkillərdə görən Sevincdir. Təbii ki, onun bütün xəyalları gerçəkləşəcək.

Biz isə Hümbətovlar ailəsi ilə növbəti dəfə Salahlı-Kəngərlidə görüşmək diləyi ilə sağollaşıb ayrılırıq. 

 

“Həsrətə, intizara son qoyulur, ata-baba yurdumuza qayıdırıq”

 

Həyətə düşüb şəhərciyi gəzirik. Hər kəsin simasında xoş təbəssüm var. Qarşımıza çıxan Elşən Eyvazovla ayaqüstü söhbətləşirik. O, Ağdamın Seyidli kəndindəndir. 1993-cü ildə doğma kəndlərini tərk edəndən sonra müxtəlif rayonlarda müvəqqəti olaraq məskunlaşıb. 2015-ci ildə bu qəsəbəyə köçüblər. 3 övlad atasıdır. Deyir ki, artıq doğma kəndə dönmək ovqatındadırlar: “Həsrətə, intizara son qoyulur, ata-baba yurdumuza qayıdırıq. Şükürlər ki, bu günü görmək, bu sevinci yaşamaq, bu ovqatı ürəyimizdə daşımaq bizə nəsib oldu. Yurd yerlərimizin nisgilini çəkə-çəkə gəlib bu xoş günə çatdıq. Nə yaxşı ki, bizim torpaq həsrətimiz vüsala qovuşdu.

Var olsun Ali Baş Komandanımız və müzəffər Ordumuz! Allah İlham Əliyevi Azərbaycan xalqının başının üstündən əskik etməsin. Biz ağdamlılar hər zaman Prezidentimizdən böyük dəstək görmüşük. Müharibədən əvvəl qaçqın və məcburi köçkünlərə hər cür qayğı gəstərirdi. İndi də inanırıq ki, torpaqlarımızı necə geri qaytardısa, eləcə də ermənilərin xarabalığa çevirdiyi yurd yerlərimizi yenidən quracaq və cənnət guşəmiz olan Qarabağ daha da gözəlləşəcək. Ağdam əvvəllər də düşmənə göz dağı idi. Əminəm ki, İlham Əliyev rayonumuzu, kəndlərimizi yenidən qurub yenə də ermənilərə göz dağı edəcək”. 

 

Ağdam cənnətə, gülüstana  çevriləcək

 

Qəsəbədə Zeynalovlar ailəsinin də qonağı olduq. Əslən Ağdamın Ətyeməzli kəndindəndirlər. Ailənin başçısı Zaur Zeynalov 1993-cü ildə kəndləri işğal edilərkən 11 yaşında olub. Bu gün isə 2  övlad atasıdır. Anası Pəri xanım təqaüdçüdür. Atası Rizvan kişi 2009-cu ildə vəfat edib. Zaur deyir ki, elə ən çox yurd həsrəti çəkən də atası idi: “Bu gün Ağdam azadlıqdadı. Atam illərlə bu günü gözlədi. Dözə bilməsə də, indi ruhu şaddır. Anamın sevincindən gözünün yaşı qurumur. Hər gün İlham Əliyevə alqış, dua edir. Deyir ki, İlham Əliyev arzumuzu, diləyimizi gerçəkləşdirdi, üzümüzü güldürdü. Qarabağ dərdimizə əlac edən İlham Əliyev baş tacımızdı, Allah Prezidentimizə uzun ömür versin.

 Həqiqətən də bu gün hər kəs Ali Baş Komandanımızla qürur duyur. Düşmənə necə sarsıdıcı zərbə vurdusa, çətin ki, onlar illərlə özünə gələ bilsin. Dünya da gördü ki, İlham Əliyev bütün verdiyi vədləri necə yerinə yetirirsə, Qarabağı da eləcə qaytardı. Müzəffər Ali Baş Komandan kimi Ermənistanı diz çökdürdü. Əminəm ki, İlham Əliyev Ağdamı, Qarabağı cənnətə çevirərək Azərbaycanın necə qüdrətli dövlət olduğunu bir daha dünyaya göstərəcək”.

Zeynalovlar ailəsində böyüyən Nərgiz və Nuray da çox sevinclidirlər. Onlar dədə-baba yurdlarını görməyiblər. Amma atalarının 11 yaşında olarkən tərk etdiyi Ətyeməzli kəndinə getmək üçün darıxırlar. Nərgiz hər gün pianoda müxtəlif mahnılar ifa edərək qələbənin sevincini bölüşür: “Çox sevinirəm. Atamın-anamın doğulub böyüdüyü kəndə gedəcəyik. Deyirlər kəndimizin havası, suyu elə qəşəngdi ki, gedən qayıtmaq istəmir. Onu gözləyirik ki, desinlər hazırlaşın gedirik. Uça-uça gedəcəyik. Bacımla hər gün pianoda müxtəlif mahnılar ifa edirik. Öncə musiqilərimizi torpaqlarımız uğrunda canlarını fəda edən, bizim doğma kəndimizə qayıtmağımız üçün sinəsini düşmən gülləsinə sipər edən müqəddəs şəhidlərimizin ruhuna ithaf edirik, sonra böyük qələbəmizi göstərən mahnılar ifa edib sevinirik. Tezliklə kəndimizə dönüb orada daha gözəl mahnılar ifa edəcəyik”.

Nərgizlə Nurayın bu diləkləri, əlbəttə ki, reallaşacaq. Bərdədə qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan 4272 ağdamlı ailəsində böyüyən uşaqların hamısı doğma Qarabağın havasını udub, suyunu içib, dağlarını qarış-qarış gəzib xoşbəxt günlərini yaşayacaqlar. O yerlərin havasını udmaq, suyunu içmək ən böyük bəxtəvərlikdir.

 “Ruhlar şəhəri” adlandırılan Ağdam çox keçməz ki, gülüstana çevrilər. Qalib Ali Baş Komandan kimi Ağdama səfər edərkən İlham Əliyev o xarabalıqların üzərində dayanıb məğrurcasına bəyan etdi ki, tezliklə bütün Qarabağda abadlıq, quruculuq işləri, inkişaf başlayacaq. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək və qısa müddətdə zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Qarabağda həyat yenidən normal məcraya düşəcək. Bu qayıdış, bu dönüş isə tarixin səhifələrinə böyük hərflərlə yazılacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video