14 Yanvar 2021 00:23
884
CƏMİYYƏT
A- A+

“Ağdam xatirələrimdə hər zaman möhtəşəm qalıb”

 

Həyatın nağıllara, dünyanın göyqurşağına, ömrün həzin musiqiyə bənzədiyi zamanları “dondurub” ayrı-ayrı kadrlara sığdıraraq bir yerə topladığı külliyyatı - albomu götürüb yenidən vərəqləməyə başladı...

27 ildir tarixin o üzündən boylanan qayğısız günlərin, xoşbəxt çöhrələrin gülümsədiyi bu fotolara baxıb köks ötürürdü...

Xəyalən o günlərə yenidən qayıdır, o anları yenidən yaşayır, vətən nisgilini, yurd həsrətini bu yolla azca da olsa ovundurmağa çalışırdı...

Keçmişdən danışan o şəkilləri seyr edərək torpağın xoş rayihəsini duymaq istəyirdi...

Albomun bəzi səhifələri boş olsa da, əvvəllər orada hansı anlarınsa bir-birini qovduğunu əzbər bilirdi...

Hər şəklin öz xatirəsi, öz keçmişi, öz həyatı, öz hekayəsi vardı...

Amma bu fotolar təkcə öz xatirələrini, öz hekayələrini pıçıldayan adi şəkillər deyildi...

Zamanı və məkanı eyni görüntüdə birləşdirən həmin dövr tarixinin əbədilik başlanğıcı idi...

Ağdamın aydın səmasından parlaq günəşin hər yana şəfəq saçdığı, şəhərin ən xoşbəxt, ən gözəl, ən rahat, ən rəngli çağlarının əksi idi...

Bütöv bir həyat idi...

Bütöv bir tarix idi...

Ağdamlı günlərin özü idi...

Bir də o görüntülərdə ağrı vardı... Doğulduğun, böyüdüyün, canınla, qanınla, ruhunla bağlı olduğun doğma torpağına ayaq basa bilməməyin ağrısı...

Bu dəfə isə illərin həmdəmi olan albomunu tamam başqa hisslərlə vərəqlədi...

Artıq 27 illik həsrət başa çatmışdı.

Artıq ata-baba yurduna gedə, el-obasına qovuşa, torpağın ətrini içinə çəkə biləcəkdi...

Artıq ürəyində sızıltı, ağrı-acı yox, sevinc, xoşbəxtlik, ümid vardı...

Artıq başqa bir albom düzəltməyin zamanı başlayacaqdı... Ağdamın işğaldan sonrakı dövrünü, yeni tarixini, yeni həyatını, yeni mənzərəsini əks etdirən fotolardan ibarət albom...

“Qarabağ söhbətləri”ndə bu dəfə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyevin Ağdam dünyasına baş vurduq...

 

Həyatın Ağdam başlanğıcı...

 

- Qarabağ - Ağdam mənim həyatımdır. Həyatımın başlanğıcı, davamı, uşaqlıq,  yeniyetməlik illərim Ağdamla bağlıdır. Orada doğulub boya-başa çatmışam, orada məktəbə getmişəm. Sonra müstəqil həyat yoluna, ali məktəb və əmək fəaliyyətinə başlamışam. Uşaqlıq xatirələrim, dünyayla ilk tanışlığım oradan başlayr. Və bu tanışlıq təkcə Ağdamla kifayətlənmir. Qarabağın bütün bölgələri - Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşa, Laçın və oraların dağları, çayları, meşələri, Qarqarın, Xaçının, Tərtərin zümzümələri uşaqlığımızın, gəncliyimizin ilk gözəl mənzərələri, məkanları olub. O vaxtlar dünyanın çox gözəl, rəngarəng, rahat, təhlükəsiz olduğunu düşünürdük. Elə bilirdik dünya elə belədir. Amma sonradan həyat göstərdi ki, belə deyilmiş...

Dünyanın, Qarabağın, Ağdamın belə firavan zamanlarında 1961-ci ilin Novruz bayramı günü müəllim ailəsində dünyaya gəlmişəm. Bir bacı və beş qardaşıq. Ailənin üçüncü övladıyam. Mən dünyaya gələndə atam kənd məktəbinin direktoru, anam isə ibtidai məktəb müəlliməsi idi. Yadımdadı, bir-iki dəfə getmişdik yanına, bir neçə gün də orada qalmışdıq. Ancaq atam orada az müddət işlədi. Sonradan partiya içinə cəlb edildi.

Atam Həmzə Əliyev Azərbaycan Dövlət Universitinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. Elmi tədqiqatla da məşğul idi. Amma ailə böyük idi, həm də işi, vəzifəsi ilə əlaqədar elmi fəaliyyətini dayandırmalı olmuşdu. Ömrünün böyük hissəsini rəhbər dövlət işində çalışıb, Ağdam rayon Partiya Komitəsində şöbə müdiri, sonra ən böyük sovxozun direktoru, Ağdam Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Ağdam RİH başçısının müavini və Ali Sovetin deputatı olub. Rayonun tanınmış, görkəmli ziyalılarından, rayon üçün böyük işlər görmüş şəxslərdən biridir. Hamının dərin hörmət və rəğbətini qazanmışdı. Bu gün də ağdamlılar atamı məclislərində görəndə qürur duyur, böyük hörmət göstərir, ətrafına toplaşırlar. İndiyə qədər bir nəfərə rast gəlmədim desin ki, ona müraciət etdik, kömək göstərmədi.

Mən Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbdə təhsil almışam. Eyni zamanda musiqi məktəbində oxumuşam. O vaxt Ağdamda elə bir ailə yox idi ki, övladlarından biri musiqi məktəbinə getməsin. “Qarabağ bülbülləri” ansamblı yarananda mən o ansamblın üzvü oldum. Çox maraqlı idi. İlk ifaçımız da gözəl səsi olan Tacir Şahmalıoğlu idi...

 

Ömrün yaradıcı çağları...

 

- Bir də Ağdamda Gənc texniklər yaradıcılıq stansiyası var idi. Boş vaxtlarımda orda iki dərnəyə gedirdim - texniki yaradıcılıq və foto-kino studiyasına. Hər iki sahəyə böyük marağım var idi. O vaxt kino çəkmək hamı üçün təəccüblü idi. Atam mənə fotoaparat və kinokamera almışdı. Həyətimizdə anbarın bir hissəsini özümə laboratoriya etmişdim. Qaranlıqda plyonkanın neqativini aşkarlamaq, xüsusi məhlullardan istifadə edərək qırmızı işıqda şəkilləri fotokağıza çıxarmaq, sonra qurutmaq lazım idi. Uzun proses idi...

Bir fotoalbom düzəltmişdim. Əsasən öz çəkdiyim şəkilləri toplayırdım. Uşaqlıq, məktəb, tələbəlik illərimdən də fotolar toplamışdım.

Ağdamda keçirilən müxtəlif paradlardan həvəskar film çəkirdim. Hətta bir paradı çəkəndə rayon partiya komitəsinin birinci katibi tribunadan görüb maraqlanmışdı. Sonra mənimlə söhbət də etdi və təklif etdi ki, Moskva Dövlət Kinematoqrafiya İnstitutuna zəmanət verək, get orada oxu. Buna görə bir az mübahisəmiz oldu. Çünki mənim başqa arzularım, planlarım vardı...

 “Qarabağ bülbülləri” Bakıda festivala dəvət almışdı. Anam getməyimə icazə vermədi. İkinci dəfə Polşada uşaq ansambllarının festivalı keçirilirdi. Yenə də evdən icazə vermədilər. Beləcə, uzaqlaşdım.

O biri dərnəkdə isə elektriklə işləyən traktorlar düzəldirdim. Onları idarə etmək üçün bir mərkəz yaradılır və orda əyləşən operator onları idarə edir. Traktor məsafədən idarə edilərək yeri şumlayır, səpin aparır, digər işləri görür. O vaxt onlar batareyalarla işləyirdi. Bu ideya əsasında düzəltdiyim model-maket rayonda birinci yeri tutmuşdu. 70-ci illərin əvvəllərində bu, əlbəttə, çox maraqlı və yenilikçi ideya idi. Bakıda gənc texniklərin respublika müsabiqəsi keçirilirdi. Yenə məni getməyə qoymadılar. Başqa uşaqlar getdilər, mənim də işimi apardılar. Özüm orda olmasam da, layihəm diploma layiq görüldü. Fizika müəllimimiz, həm də GTS-nin rəhbəri Cahangir müəllim diplomumu gətirdi.

Bu hadisələr mənə pis təsir etdi. Sanki küsdüm, incidim. Uzaqlaşdım hər iki sahədən. Foto-kino dərnəyinin rəhbəri Ağdamın ovaxtkı “Lenin  yolu” qəzetinin fotomüxbiri, indi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov idi. Dostlaşmışdıq, çox həvəsliydim film çəkməyə. Onunla birlikdə “Qarabağ bülbülləri” haqqında qısametrajlı film də çəkib beynəlxalq festivala göndərmişdik. Qarqar çayında uşaqlar atları çimizdirir, Tacir isə ağacın başına çıxıb oxuyur... Bu, sonuncu işimiz oldu...

Hərdən təəssüf hissi keçirirəm ki, bəlkə də o vaxt mübariz olmaq lazım idi. Bəlkə festivallara gizli getmək lazım idi. Amma bizi elə tərbiyə etmişdilər ki, normalardan kənara çıxmaq olmazdı.

 

O kadrlar Ağdamın işğaldan əvvəlki həyatının tarixi əksidir

 

- Ovaxtkı çəkilişlərimin bəziləri hələ də məndə qalır. Məsələn, məktəbimizin son zəngindən müəyyən epizodlar var. Ağdamın mərkəzində Mədəniyyət Mərkəzinin qarşısında “Fərhad”ın heykəli dediyimiz möhtəşəm abidə vardı. O meydandan ikitərəfli yol gedirdi. O vaxt SSRİ-də belə yollar az idi. Uzunluğu bəlkə də 5 kilometr olan bu yol şəhərin bir tərəfindən o biri tərəfinə qədər uzanırdı. Həmin o meydandan başlayaraq məscidin qarşısında salınmış təzə parkı, fəvvarələr meydanını, yeni tikilmiş 3 mərtəbəli şüşəli ticarət mərkəzini (təzə univermağı), ikitərəfli yolu kameramla lentə almışdım.

Həyətimizdə çarhovuzumuz vardı. Həmişə təzə su ilə doldurulurdu. Hərdən qaydaları pozub orda üzürdük, hərdən balıq saxlayırdıq. O çəkilişlər də qalıb. Dağları gəzməyə gedəndə çəkilişlər etmişdim. İndi də hərdən baxırıq o lentlərə... O günləri xatırlayırıq, o anları yenidən yaşayırıq. O kadrlar, fotolar tək mənim həyatımın bir parçası, xatirəsi deyil. Həm də Ağdamın işğaldan əvvəlki dövrünün, o həyatının tarixi əksidir. 

O zamanlar çəkdiyim fotoşəkilləri paylayırdım, amma neqativlərini saxlayırdım. Fikirləşirdim ki, arxiv mənim özümdədi, lazım olanda çıxarda bilərəm. Təəssüf ki, Bakıda bir mənzildən digərinə köçəndə qutu yoxa çıxdı. Bunun fərqinə gec vardım. Uzun müddət keçəndən sonra yadıma düşdü, axtardım, amma tapa bilmədim. 70-ci illərin əvvəllərindən tələbəlik illəri də daxil olmaqla bütün foto plyonkalarım, neqativlərim itdi. Qohumlarda, yoldaşlarda şəkillər qalır bəlkə də... Özümdə isə tək-tük şəkil qalıb. Albomum da qalır, amma şəkillərin çoxu yoxdur. Moskvada təhsil alanda albom Ağdamdakı evimizdə idi. Kimə nə şəkil lazım idisə, gəlib ordan götürürdü.

Əslində, çox da heyifsilənmirəm buna. Görünür, o şəkil kiməsə çox lazım olub. Məndə qalmaqdansa, başqasına fayda veribsə, yaxşıdır...  

 

Albomun son səhifəsi o toplantıdakı şəkil və qeydimlə bitir

 

- Albomun sonuncu fotosu tələbə zamanı Ümummilli Lider Heydər Əliyevlə görüşümüzdəndir....

Mən artıq 7-ci sinifdən şərqşünas olmaq arzusundaydım, özü də yalnız M.V.Lomonosov adına Moskva Dövlət Universitetində oxumaq istəyirdim. Azərbaycanın eramızdan əvvələ gedib çıxan çox qədim tarixini, mədəniyyətimizi,  Şərqin sehrli-sirli aləmini öyrənmək eşqi məndə şərqşünaslığa böyük maraq yaratmışdı. Yəqin ki, burada babamın mənə uşaqlıqda ərəb əlifbasını öyrətməsi və sonradan bu əlifba ilə o zaman çap edilmiş azərbaycanca kitabları sərbəst oxumağım, Quran haqqında, Bağdad haqqındakı söhbətləri də təsir göstərmişdi.

Ona görə də Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri institutuna (Şərqşünaslıq fakültəsi belə adlanırdı) hazırlaşırdım. O vaxtlar Moskva Dövlət Universitetinə imtahanlar Bakıdan 15 gün tez başlayırdı. Ona görə sənədlər 15 iyula kimi qəbul olunurdu.

Ağdam rayon Komsomol Komitəsindən mənə zəmanət verdilər. Orta məktəbi əla qiymətlərlə bitirdiyim üçün mənə fərqlənmə attestatı (qırmızı) verdilər, halbuki qızıl medal düşürdü. Getdim Moskvaya. Amma sənədlərimi götürmədilər. Dedilər, rayon komitəsindən zəmanət kifayət deyil. Mərkəzi Komitənin zəmanəti olmalıdır. Bu sənədi almaq isə artıq çox gec idi. Mən o vaxt məşhur ziyalımız Moskva Dövlət Universitetinin professoru Əziz Şərifə müraciət etdim. Söz verdi ki, kömək edəcək. Amma səhərisi gün dedi ki, rektorla danışdım, zəmanətsiz sənəd qəbulu heç cür mümkün deyil. Dedi ki, bu fakültədən başqa hansını istəyirsənsə seç, sənə kömək edəcəyik. Bu sözdən çox incidim, mənə çox pis təsir etdi. Mən özümə güvənirdim. Sadəcə sənədlərimin qəbul edilməsini istəyirdim. Sonralar tələbəlik illərində professor Əziz Şəriflə çox görüşlərimiz, söhbətlərimiz oldu...

Qayıtdım gəldim Ağdama. Oradan da getdim Turşsuya, ailəmiz orada dincəlirdi. Heç yerə sənəd vermək istəmirdim. Anamın təkidilə getdim Bakıya. Azərbaycan Dövlət Universitetinə gəldim  Moskva Dövlət Universitetinə Psixologiya fakültəsinə elan olunmuş yerə sənəd verdim. Moskvaya gedəndə oradan kitab almışdım və MDU-nun fakültələri haqqında, o cümlədən Psixologiya fakültəsi haqqında o kitabdan oxumuşdum və xoşuma gəlmişdi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinə qəbul oldum.

O vaxtlar Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbəri kimi SSRİ-nin ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirirdi. Belə bir görüşdə iştirak etmək mənə də qismət oldu. Ovaxtkı Dzerjinski adına klubda təntənəli tədbir keçirildi. Bizə xüsusi geyim forması vermişdilər. Heydər Əliyev Mərkəzi Komitənin 1-ci katibi kimi böyük nitq söylədi, bizə tövsiyələr verdi, respublikanın yüksəkixtisaslı kadrlara böyük ehtiyacı olduğunu və bizlərə böyük ümidlər bəslədiyini bildirdi. Onda biz gənc idik, mahiyyətinə dərindən varmırdıq, amma başa düşürdük ki, qarşımızda hansı vəzifələr durur... Albomumun son səhifəsi məhz o toplantıdakı şəkil və qeydimlə bitir. Ondan sonra albomu davam etdirmədim. Düşündüm ki, bundan sonra tamam başqa albom olmalıdır... O albomu isə həyatın özü davam etdirəcəkdi...

2000-ci ildə ilk dəfə Milli Məclisin deputatı və Avropa Şurası Parlament Assableyasına milli nümayəndə heyətinə üzv seçildikdən sonra nümayəndə heyətini qəbul edərək öz tövsiyələrini verən  Ümummilli Lider Heydər Əliyev qeyd etdi ki, bu gün burada vaxti ilə mənim ən yaxşı universitetlərə təhsil almağa göndərdiyim gənclər var. İndi onlar müstəqil dövlətimizin quruculuğunda fəal iştirak edirlər. Mən bunun üçün çalışırdım, bu, mənim amalım idi. Mən çox şadam ki, Ulu Öndərin Moskvada təhsil almağa göndərdiyi həmin gənclərdən biri də mən olmuşam və həmişə onun mənə göstərdiyi böyük etimadı doğrultmağa çalışmışam.

Bizim fakültə ilə Asiya və Afrika ölkələri institutu Moskva şəhərinin düz mərkəzində eyni həyətdə yerləşirdi. Daim onun tələbələri ilə ünsiyyətdə idik. 2-ci kursa keçəndə rəhbərlikdən təklif etdilər ki, gəl, səni ora keçirək. Razı olmadım, dedim, yox, artıq fikrimi dəyişmişəm. Bu günə qədər də şadam ki, bu peşəni seçmişəm. 1983-cü ildən bu günə qədər psixologiyadan ayrılmamışam. Universiteti 1983-cü ildə bitirib Bakıya gələndən 16 mart 2020-ci ilə kimi, yəni Milli Məclisin Elm və təhsil komitəsinə sədr seçilənə qədər düz 36 il BDU-nun Psixologiya kafedrasında işləmişəm. Laborantlıqdan müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri vəzifəsinə kimi yüksəlmişəm. Milli Məclisin komitə sədri seçiləndən sonra universitetdə işdən çıxdım. Çünki pedaqoji fəaliyyətə vaxt qalmırdı, amma elmi yaradıcılıqla məşğul oluram, bunsuz mümkün deyil...

Moskvada təhsil alan dövrdə gördüm ki, Azərbaycana həm qibtə, həm də paxıllıq edən insanlar var. O vaxt Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini və Siyasi Büronun üzvü idi. Bu, çox böyük vəzifə idi, həm də onun özü xarizmatik şəxsiyyət idi. Mənim də soyadım Əliyev olduğu üçün müəllim və tələbələr bir az ehtiyatla davranırdılar. Amma açıq şəkildə şovinist kimi davrananlar da var idi. Onlardan ikisi yaxşı yadımdadır. Biri fakültəmizin dekan müavini idi. Deyirdi, Azərbaycandan bura gəlib yer tutursuz, qoymaram burda oxuyasınız. 1-ci kursun I semestrində çox çalışdı məni imtahandan kəssin. Bütün kurs qapını açıb imtahanı maraqla izləyirdi görsün sonu nə ilə nəticələnəcək. Komissiyada 4 müəllim vardı. Dedilər biletin bütün suallarına, bizim, sizin suallarınıza cavab verdi, onu necə kəsək? Beləcə, heç nə edə bilmədi. Sonralar, yuxarı kursda onunla dostlaşdıq. Amma bu, mənə yuxusuz gecələr, əziyyət bahasına başa gəlirdi. Olduqca çətin fənlər keçirdik, tələbkarlıq yüksək idi. Ağdamdan gəlmiş, Azərbaycan dilində təhsil almış gənc indi rus dilində yeni terminləri, elmləri öyrənirdi. Bu basqıları başa düşə bilmirdim. Amma mübarizə aparmağa çalışırdım.

İkincisi, bir professor qadın idi. O da II semestrdə açıq şəkildə təzyiq göstərir, şovinist çıxışlar edirdi. Bir dəfə cavab verdim ki, biz sizin hesabınıza oxumuruq, təhsil haqqımızı öz dövlətimiz-Azərbaycan ödəyir. O vaxt belə söz demək ciddi problem yarada bilərdi. Sonra mənimlə söhbət etdilər və dedilər ki, gəncsiniz, harda nə danışdığınıza diqqət verin. Başa düşdüm ki, məndən şikayət ediblər. Həqiqətən də bizim təhsil haqqımızı Azərbaycan dövləti ödəyirdi. Özü də yuxarı kurslarda əlaçı təqaüdü alırdım - 55 manat, o vaxt üçün böyük pul idi. işləyirdim. Yay vaxtı hər yerdə olduğu kimi, I və II kursda tələbə inşaat dəstəsində tikintilərə gedirdik, ya da universitetdə müəyyən təmir işləri görürdük, əlavə pul qazanırdıq. Fəal olduğum üçün həmkarlar komitəsinin büro üzvü idim. İctimai fəallığıma görə 3-cü kursda məni Moskva Dövlət Universitetinin Tələbə Komitəsinin sədr müavini seçdilər. Bu tələbə üçün çox yüksək vəzifə idi. Biz universitet üzrə ciddi qərarlar qəbul edirdik.

 

20 Yanvarla bağlı jurnalları Moskvada payladığım üçün DTK-ya çağırıldım

 

- Xatirələr bizim həyatımızdır. Kino lenti kimi hər zaman xəyalımızda dolaşır. Ağdam mənim xəyalımda, xatirələrimdə hər zaman möhtəşəm qalıb... Çox inkişaf etmiş rayon və şəhər idi. Son illər o qədər sürətlə tikilirdi ki, gedəndə özüm də təəccüblənirdim. Öz-özümə deyirdim, bu binaları nə vaxt tikdilər, küçələr necə dəyişib?! Özü də şəhər planlı şəkildə tikilirdi. İndiki xarabalıqlarına baxanda da görünür necə simmetrik küçələri var. Yağış suları üçün ayrıca xətlər, hər yerdə kanalizasiya sistemi vardı. Çoxlu parklar salınmışdı. Gözəl infrastruktur, sənaye müəssisələri tikilmişdi. 80-ci illərin Ağdamında onlarca sənaye müəssisəsi, o cümlədən aerokosmik cihazqayırma zavodu var idi. O məhsulların bir çoxu hərbi təyinatlı idi və SSRİ-nin çox yerinə göndərilirdi. Bu, rayonun elmi potensialının güclənməsinə, yeni texnologiyaların tətbiqinə imkan verirdi. İndiki dillə desək, artıq Ağdamda yüksək texnologiyalara əsaslanan yeni sənaye məhəllələri yaranırdı. Böyük planlar, arzular var idi...

Ağdam kimi nəhəng şəhəri söküb dağıtmaq üçün neçə illər və nə qədər qüvvə lazım idi ki, işğalçı Ermənistan o boyda şəhəri indiki vəziyyətə salsın. Əminəm ki, bu hərbi cinayəti törədənlər cəzalarını alacaqlar...

O vaxt Qarbağ hadisələri başlayanda mən tez-tez Ağdama gedirdim. 1987-ci ildə daşnak Zori Balayan Yerevanda Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbəəsində “Ocaq” adlı kitab çap etdirdi. Kitab türklərə, azərbaycanlılara nifrət, düşmənçilik yayır və torpaqlarımıza qarşı işğalçılıq siyasətinə rəvac verirdi. Azərbaycanın bir qrup ziyalısının təşəbbüsü ilə Moskvaya məktub yazdıq. Tələb etdik ki, buna qiymət verilsin, tədbir görülsün. Necə ola bilər heç bir həqiqəti əks etdirməyən, xalqlar arasında nifaq salan, düşmənçilik toxumları səpən belə uydurma əsər kommunist partiyasının mətbəəsində çap edilsin. Bu fakt və sonra baş verənlər göstərdi ki, terrorçuluq həmişə Ermənistanın dövlət siyasəti olubdur. Təəssüf, buna kifayət qədər ciddi münasibət bəslənilmədi. Azərbaycan rəhbərliyi də buna ciddi reaksiya vermədi. Məktubu yazanlar Moskvanın təpkisi ilə rastlaşdılar. Ardınca erməni hiyləsinin nəticəsi olaraq Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldı və bu, xalqımızın əzablı günlərinin başlanğıcı oldu...

Sonra bu proseslər daha da dərinləşdi. Əvvəl Ermənistanda yaşayan azərbaycanlılar soyqrımına məruz qaldılar, etnik təmizləmə başladı, soydaşlarımız öz əzəli, tarixi dədə-baba yurdlarından qovuldular... 1987-ci ilin dekabrından Ermənistanın Qafan rayonundan qovulan azərbaycanlılar ayaqyalın, heç nəsiz qarlı dağlardan piyada keçərək Azərbaycana-Qarabağa gəldilər. Oradan da ovaxtkı SSRİ rəhbərliyinin təkdi ilə Sumqayıta və digər rayonlara köçürüldülər. Növbəti ssenari Xankəndidəki azərbaycanlıların qovulması, evlərinin yandırılması, öldürülməsi prosesilə bağlı oldu. Bütün bunların fonunda Ermənistanın atdığı addımlara Moskvadan dəstək verilir, Azərbaycana isə ciddi təzyiq göstərilirdi. Sonra ermənilərin və onların havadarlarının əli ilə Sumqayıtda Azərbaycan xalqına qarşı düşünülmüş, planlaşdırılmış təxribat törədildi. Bu bəs deyilmiş kimi, azərbaycanlılara qarşı  20 Yanvar faciəsi törədildi, yüzlərlə dinc sakin sovet ordusunun muzdluları tərəfindən qətlə yetirildi.

20 Yanvar hadisələrindən sonra bu faciəni əks etdirən xronika şəklində “Qara yanvar” jurnalı çap olundu. 1990-cı ilin aprelində Moskvada komsomolun qurultayı keçiriləcəkdi. Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində BDU-nun müəllimi kimi mən də vardım. Biz o jurnallardan gizli şəkildə aparıb Moskvada yaymaq qərarına gəldik. Qurultayda bütün müttəfiq respublikalardan nümayəndələr, xarici jurnalistlər var idi. Jurnalın nüsxələrini onlar arasında yaydıq. Mərkəzi televiziyalara müsahibələr verdik. Mən o vaxt birinci kanala müsahibəmdə dedim ki, bütün respublikalar müstəqil olmalıdır, komsomol təşkilatı da müstəqil olmalıdır və qarşılıqlı münasibətlər bərabərlik, könüllülük əsasında qurulmalıdır. Gecə saat 24:00 xəbərlərində bu müsahibəm yayılandan sonra aləm qarışır. Mixail Qorbaçov Bakıya zəng edir və bildirir ki, sizin nümayəndə SSRİ-ni dağıdır, tədbir görün. Bütün bunlara baxmayaraq, biz öz mövqeyimizdə israrlı idik.

Bakıya qayıdandan sonra mənimlə söhbətlər oldu,  suallar verdilər, mən də cavablarını verdim. O vaxt ədalətli, vicdanlı insanlar bizi dəstəkləyirdi. Ancaq təəssüf ki, həmin dövrdə bizdə birlik, siyasi lider olmadı... Xalqın ümid bəslədiyi, köməyə harayladığı xilaskar siyasi liderə qarşı isə bəlli qüvvələr çirkin kampaniyalar aparmaqla məşğul idi... Beləliklə də, faciələrimiz baş verdi, igid oğullarımız mərdliklə vuruşdular, şəhid oldular, amma torpaqlarımız  işğal edildi.

 

Valideynlərimin arzusu gerçəkləşdi, indi qalıb evimizi tikmək...

 

- O vaxt azərbaycanlılardan ov tüfənglərini də yığmışdılar. Amma vəzifədə olan, imkanlı, vətənpərvər insanların köməyi ilə silahlar alınırdı. Həmin silahlarla özünümüdafiə batalyonları yaradıldı. Çalışırdıq bacardığımız qədər kömək edək. Sonradan özünümüdafiə dəstələrini Ağdamdan çıxartdılar, guya Surət Hüseynovun hərbi birləşməsi oranı qoruyacaqdı. Lakin nəticəsi o oldu ki, Ağdam işğal edildi.

Təhlükə artanda uşaq və qadınları Ağdamın üst hissəsindən aşağı hissəyə çıxarmağa başladılar. Çox az adam Bərdəyə, Gəncəyə, Bakıya getdi. Çünki heç kim inanmırdı bu boyda Ağdam işğal oluna bilər. Hamı fikirləşirdi ki, döyüş əməliyyatları gedir deyə, dinc əhali daha az təhlükəli yerə getsə yaxşıdır. Hətta olub ki, insanlar günlərlə Ağdamın giriş hissəsində yolun kənarlarında, maşınların kölgəsində gözləyirdilər ki, döyüş səngiyəcək, qayıdacaqlar evlərinə. Özlərinə əlavə paltar da götürmürdülər.  

Bizim də ailəmiz sona qədər Ağdamda oldu. Bir qardaşım Sankt-Peterburqda, mən və böyük qardaşım Bakıda işləyirdik. Qalan hamı Ağdamda qalırdı. Atam o vaxt rayon İcraiyyə Komitəsinin sədr müavini, Ali Sovetin deputatı idi. Ağdamda yaradılmış qərargaha rəhbərlik edirdi. Son günə qədər iş başında olub. Hətta şəhər boşaldılmış, icra hakimiyyətinin binası “Qrad”dan atəşə tutulurdu, o, yenə işdəydi.

İşğaldan sonra valideynlərim bir müddət Quzanlıda yaşadılar. 1992-ci ildə hakimiyyətə gələn qüvvələr də əvvəlki hakimiyyət kimi atamla mübarizəyə başladı və onu işdən azad etdilər. Nə qədər paradoksal olsa da, hər ikisinin də ittihamı o idi ki, siz Heydər Əliyevi dəstəkləyirsiniz. Sonra Bakıya köçdülər. Atam 1994-cü ildən 2000-ci ilə qədər Bakıda işlədi. Bütün bu illər ərzində atam da, anam da bir arzu, ümid və inamla yaşayıblar - torpaqlarımız geri alınacaq, Ağdama qayıdıb yenidən evimizi tikəcəyik...

Şükür ki, onların arzusu gerçəkləşdi, indi qalıb evimizi tikmək...

 

Bütün şəhidlərimizin intiqamı alındı

 

- Bir tələbəm var idi. Savadlı, vətənpərvər və cəsur insan idi - Milli Qəhrəman Nadir Əliyev. Ağdamda Milli Təhlükəsizlik Nazirliyinin bölmə rəisi, kəşfiyyat qrupunun rəhbəri idi. Onu nazirlikdə yüksək vəzifəyə təyin etmişdilər, amma icazə alıb Ağdama döyüşlərə getdi. Deyirdi düşmənə imkan vermərəm ki, Ağdama girsin. Qəhrəmancasına şəhid oldu. Bizi ən çox ağrıdan da o idi ki, bu cür igidlərimiz canlarından keçdilər, şəhid oldular, amma yenə torpağımız Ermənistan tərəfindən havadarlarının köməyi ilə işğal edildi və onların ruhları düşmən əsarətində qaldı.

İndi isə təsəllimiz odur ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad edərək bütün şəhidlərimizin intiqamını aldılar. İndi onların ruhu rahat və şaddır. Bu döyüşlərdə iştirak edən bütün döyüşçülərimiz,  şəhidlərimiz ən xoşbəxt insanlardır. Onlar Azərbaycan dövlətinə və xalqına qürur verdilər.

Bu gün Azərbaycan xalqı ikinci dəfə özünə qayıdır, özünü tanıyır və dünyaya tanıdır. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Artıq xalqımız əvvəlki xalq deyil. Azərbaycan bütün dünyaya sübut etdi ki, ən sülhpərvər dövlət və xalqdır. Qalib xalq, qalib dövlət kimi yeni dövlətçilik ənənəsini dünyaya təqdim etdi. Dünyaya nümayiş etdirdi ki, bütün siyasi partiyalar, təbəqələr, cərəyanlar bir amal - dövlətçilik, azadlıq, müstəqillik uğrunda Ali Baş Komandanın ətrafında sıx birləşdi, zəfər çaldı. Ona görə də, bu gün siyasi mövqeyindən, dini baxışlarından, sosial mənşəyindən asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Bundan sonra da hər birimiz qürurla deyəcəyik - Mən fəxr edirəm ki, azərbaycanlıyam!

 

Hə, bax indi rahat nəfəs almaq olar...  

 

- Bu illər ərzində “Qarabağ şikəstəsi” beynimdə çox səslənib, daima məni körəldib. Düşünürdüm, bizim borcumuz var. Əvvəlcə o borcu qaytarmalıyıq, torpaqları azad edəndən sonra isə nəfəsimizi dərib deyə bilərik “bağışlayın, gec oldu, amma oldu”... Bu hissləri yaşamaq çətindir.

Bütün torpaqlarımız, eləcə də Ağdam işğaldan azad olunub, amma mən içimdəki o yükdən, ağırlıqdan hələ də xilas ola bilməmişəm. Yəqin ki, çox böyük itkilərimiz olduğuna, dövlətimizə, xalqımıza qarşı ədalətsizliklərlə, haqsızlıqlarla üzləşdiyimizə görə. Həm də xarabalıqlara çevrilmiş şəhər və kəndlərimizi əvvəlki görkəminə qaytarmayana qədər o ağırlıq ürəyimizdə qalacaq. Baxıb deyəcəyik bax bu evdə filankəs yaşayırdı, uşaqlar bu məktəbə gedirdi... Yenidən qurulacaq şəhər və kəndlərimizdə uşaqlar bağçaya, dərsə gedəndə, məktəbdə zəng çalınanda, kinoteatrlar açılanda, parklarda insanlar deyib-güləndə yəqin ki, mən də dərindən nəfəs alıb, deyəcəm - hə, bax indi rahat ola bilərik...  

Bundan sonra qarşımızda duran əsas vəzifə işğaldan azad edilmiş bütün şəhər və kəndləri abadlaşdırmaq, əvvəlkindən də gözəl inkişaf etdirməkdir. Hər ağdamlı Ağdamda bir ev, yurd qurmalıdır. Məktəb, bağça tikməli, çoxlu ağac əkməli, parklar salmalıyıq. Ağdama yeni həyat gələcək. Bax onda bu torpaq uğrunda şəhid olanların ruhu qarşısında rahatlıq duyacağıq ki, bəli, sizin göstərdiyiniz qəhrəmanlıq hədər getməyib.

Məcburi köçkünlər üçün salınan müasir şəhərciklərin hər birinin açılışında çıxış edən zaman Prezident İlham Əliyev deyirdi ki, bu binalar sizin rahat yaşamağınız üçün tikilir, amma onlar müvəqqətidir. Biz torpaqlarımızı işğaldan azad edəndən sonra şəhər və kəndlərimizdə daha gözəl binalar tikəcəyik, xoşbəxt həyat quracağıq. Bəlkə də buna inanmayanlar da var idi. Amma hamımız Prezidentimizə inanmışıq, güvənmişik. Çünki Prezident dediyini həmişə edib, bunu da etdi.  Görkəmli sərkərdə öz qəhrəman ordusu, xalqı ilə Azərbaycanın Zəfər tarixini yazdı. Tezliklə bütün şəhərlərin, kəndlərin baş planları hazırlanacaq, tikinti-quruculuq işləri vüsət alacaq. Azərbaycanın İntibah dövrü başlayacaq...

1993-cü ildən 2020-ci ilə qədər o yerlərin keçən yolunu xəyallarda yaşamışıq. İndi isə XXI əsrin müasir kəndlərini, şəhərlərini, yollarını quracağıq... Artıq Qarabağa yuxularımızda, xəyallarımızda, xatirələrimizdə yox, ürəyimiz istəyən zaman gedə biləcəyik. Könlümüzə hansı yer düşəcəksə, oranı ziyarət edəcək, gəzəcəyik... 

 

Nənəmin bişirdiyi o çörəyin ətri bir gün də olsun yadımdan çıxmadı

 

- Ağdam 27 il yuxularımdan çıxmadı... Ağdamı yuxularımda qarış-qarış gəzdim... Tək Ağdam yox, Şuşada uşaq vaxtı etdiyimiz nadincliklər, futbol oynamağımız, Kəlbəcərdə dağlara, bulaqlara çıxmağımız, İstisuda yumurta bişirməyimiz... hər zaman röyalarıma girirdi. İstisuda yumurtanı qoyurduq suya, mərc gəlirdik görək neçə dəqiqəyə bişəcək... Ağdamın bol sulu kəhrizləri vardı. Gizlin gedib kəhrizin suyu çıxan yerlərə girib maraqla baxırdıq. Su dupduru, buz kimi olurdu, amma onu içəndə boğazımız ağrımazdı...

Şahbulaq qalasında o qədər olmuşuq... O qala 80-ci illərdə bərpa olunmuşdu. Çox gözəl yer idi. Dağlarımızda qədim qalaların, məscidlərin qalıqları vardı. Oralara gedirdik... Ağdamın özü şəhər kimi o qədər maraqlıydı, gözəl, gəzməli-görməli yerləri çox idi. İmarət unikal kompleks sayılırdı. Şəhərin özünün arxitekturası müasir olsa da, tarixi abidələrlə də zəngin idi. Axı, bu şəhərin minillik yaşı var. 27 il ərzində o yerləri bir-bir yuxularımda yenidən gəzmişəm. Və həmişə də inanmışam ki, bu yuxular nə vaxtsa gerçək olacaq.

Yaxşı xatirimdədir, nənəm təndirdə çörək bişirirdi. O çörəyin ətri bütün qonşulara yayılırdı. Çörək bişəndən sonra ailə sayından asılı olaraq qonşulara pay göndərilirdi. Əvvəllər sual verirdik ki, ay nənə, biz çox böyük ailə deyilik axı. Neynirsən bu qədər xəmir qatırsan? Böyük teştlə bir xəmir yoğururdu. Bişəndə görürdük ki, qonşuların payı gedəndən sonra özümüzə 7-8 çörək qalıb. Onları da büküb qoyurdu kənara ki, bu da bizim payımızdı. Nənəmin bişirdiyi o çörəyin ətri, o isti qonşuluq münasibətləri bu müddət ərzində bir gün də olsun yadımdan çıxmadı. Həmişə də inamla dedim ki, o təndir yenidən tikiləcək, o çörəklər yenə də bişəcək və ən əsası, o münasibətlər bərpa olunacaq...

 

Tezliklə Ağdamın üzərində yenidən Günəş doğacaq. Şəhər əvvəlkindən də çox canlanacaq, gözəlləşəcək. Həyat yenidən öz axarına qayıdacaq...

Evlər abadlaşacaq, yurdlar qurulacaq, ocaqlar gur yanacaq... Xoşbəxt, şən, qayğısız insanların sevinc səsləri səmaya yayılacaq...

O zaman Ağdamda yeni həyatın, yeni dövrün, yeni tarixin başlanğıcını əbədiyyətə qovuşduracaq fotolardan ibarət yeni bir albom hazırlanacaq...

 

Xəyalə MURADLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video