08:53 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

26 fevralda dünyaya gəldi

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:43 03.03.2021

 

Xocalının işğal tarixində doğulub Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Tural Abdullayevin qəhrəmanlıq salnaməsi

 

...Onun şücaəti, qəhrəmanlıq salnaməsi indiki və gələcək nəsillərimiz üçün əsl vətənpərvərlik məktəbidir.

Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köç edib. Xocalıda yeni tikilən evlərdə məskunlaşıblar. 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər, dinc əhaliyə qarşı soyqırımı törətdilər. Xocalı soyqırımında Turalın atasının xalası oğlunun da ailəsi tamamilə məhv edilmişdi. Kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyən Tural böyüyəndə düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdu. Onun taleyinə yazılanlardan biri də budur ki, doğum gününü qeyd edə bilməyib. Çünki  iki yaşında olarkən doğum günü 613 günahsız xocalılının şəhid olduğu soyqırımı gününə düşüb.

Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçib. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural medallar və fəxri fərmanlarla təltif edilib. 2008-ci ildə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Tural Abdullayev 3-cü dərəcəli döş nişanı ilə təltif edilib. 2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley, 2018-ci ilin dekabrında AVMVİB-nin əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu-100”, 2020-ci ilin iyun ayında “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarla təltif edilib.

Tural həmişə qorxmazlığı, vətənpərvərliyi ilə seçilib. O, hələ uşaq yaşlarından atasına “Xocalının qisasını almaq lazımdır” deyərdi. Üçrəngli bayrağımızı daim özü ilə aparan Tural Vətənə olan borcu qaytarmağı həyatının amalı hesab edib. Vətən müharibəsi başlamamışdən əvvəl əfsanəvi “Yaşma” xüsusi təyinatlıları sırasında təlimlərdə iştirak etmişdir. Turalın gözlədiyi qisas vaxtı artıq yetişmişdi.

“Boz qurd” ləqəbi ilə tanınan döyüşçü qorxmadan ən təhlükəli döyüşlərə atıldı. Şərəfli döyüş yolu, şücaəti, Vətənə sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Öz canı qədər sevdiyi bayraq tabutuna, məzarı üstünə sərildi. Tural ölməzliyi ilə Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.

Şəhidimizin atası Şakir kişi Tural haqqında belə deyir: “Tural əsgərlikdən məzuniyyətə gələndə telefonla danışdığını eşitdim. Eşitdim deyirdi ki, “vallah mənim bəxtim yoxdur. Mən məzuniyyətə gəlim, yoldaşlarım isə hərbi əməliyyatda iştirak etsinlər. Orada olsaydım, bəlkə mən də düşmən öldürərdim...” Tural döyüş əməliyyatı keçirilən zaman məzuniyyətdə olduğu üçün çox təəssüf edirdi. Vətənpərvərliyi ilə seçilən Tural sonradan DİN XTQ-də ən çətin əməliyyatlarda iştirak etdi. Bu barədə çoxlarının xatirəsi var...

Tural Abdullayev Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfdə keçirilən döyüş əməliyyatlarında iştirak etdi. Qorxmaz Vətən oğlu öz cəsarəti, hünəri ilə düşmənə ağır zərbələr vurdu. Qəhrəmancasına döyüşərək sentyabrın 30-da əbədiyyətə qovuşdu, xalqımıza qələbə sevinci bəxş edən qeyrətli oğullarımızdan biri kimi tanındı. 

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, baş çavuş Abdullayev Tural Şakir oğlu ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilmişdir. Qəhrəman şəhidimizin  nümunəvi xidmətlərinə  görə verilən qiymət yalnız bu deyil. O, dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə də təltif edilib.

Ailə qurmağa vaxtı olmayan şəhid igidimizin müqəddəs məzarı Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin Sovxoz qəbiristanlığındadır. Yeri behişt olsun!

 

Qalib BƏYMƏMMƏDOĞLU,

“Xocalının səsi” qəzetinin redaktoru

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM