27 Fevral 2021 03:04
664
CƏMİYYƏT
A- A+

“25-lər”dən biri

 

Şahin Əzimov: “Xocalıda ata-analarını itirmiş uşaqlar artıq özləri valideyndirlər”

 

Xocalı,  25 fevral 1992-ci il. Qara təqvim kimi nəinki xocalılıların, xalqımızın, əslində isə bu gün demək olar ki, sülhsevər bəşəriyyətin  tarixinə qanla yazılıb. O müdhiş günlərin ağrı-acısını unutmaq mümkün deyil. Yalnız ona görə yox ki, xocalılılar müsibət yaşadı.

Xocalı müsibətləri dünyaya yayılarkən 25 uşağın ata-anasızlıq dərdindən ayrıca söz açldı. O günlərdə həmin uşaqların dili söz tutmurdu, bəzilərinin heç bir yaşı da  yox idi. Lakin ağlı kəsən, yaddaşına qanla yazılanları da oldu. Bu gün onlar danışır.  “25-lər” kimi tanınan ata-anasızlardan biri də Şahin Həsənbala oğlu Əzimovdur. 1974-cü il oktyabrın 18-də Xocalı rayonunun Ballıca kəndində anadan olub. Erməni separatçıları Əzimovların Ballıcadakı evini yandırdıqdan sonra ailə 1988-ci ilin sentyabrında Xocalıya köçmək məcburiyyətində qalıb. Xocalıda fin tipli evlərdə məskunlaşıblar. Ailə başçısı Həsənbala kişi Xocalıda ipək fabrikində gözətçi işləyib. Böyük oğlu Hüsü ilə Xocalının müdafiəsində dayanıblar. Şahin isə çörək sexində işləyib...

O günlərdən danışmaq nə qədər ağır olsa da, təsadüf nəticəsində erməni gülləsindən yayınaraq həyatda qalan və əsir düşməyən Şahin Əzimov həmin müsibətli günü  acı-acı xatırlayır: “...1992-ci il fevral ayının 25-i axşam saat 10-11 radələri olardı. Ermənilər hər tərəfdən zirehli texnikalarla hücuma keçdilər. Evləri yandıra-yandıra yaxınlaşırdılar. Mən qaçıb zirzəmilərdə ümidlə kömək gözləyən bəzi ailələrə şəhəri tərk etmək lazım olduğunu bildirdim. Qonşumuz Əlövsətin ailəsi ilə birlikdə şəhərdən çıxmağa çalışdıq. Asfaltı keçəndə bizi gülləbaran etdilər. Qarqarçayı keçərək Qaraqaya istiqamətində gedən camaata birtəhər ki, qoşulduq. Yolda qalan qocalara, yaralılara baxanda insanı dəhşət bürüyürdü. Bacımın qayınanası Çiçək xalaya kömək edirdim. Onun corabı islandığından buz bağlamışdı. Corabın buzunu qırıb cibimə qoydum ki, isinəndən sonra ayağına geydirim. Lakin erməni vəhşiləri onu vurdular. Corabını cibimdə Ağdamadək gətirmişdim...”

Fikri qırılır. Sanki o müdhiş günləri keçirir. Həyəcandan  səsi boğulur. Amma danışır. Deyir ki, insanlar erməni vandalizmini yaxşı tanısın, unutmasın: “Əkin yerini keçəndə ermənilər bizi BTR, BMP-lərlə atəşə tutdular. Sanki insanları zəmi kimi biçirdilər. Heç kəsə aman vermirdilər. Bibim Dilarə, altı yaşlı oğlu Natiq oradaca qaldılar. Təsadüf nəticəsində sağ qalanların hərəsi bir tərəfə səpələndi. Mən qaratikanlı qayanı aşıb ata-anamın yanına gəlib çatdım. Ermənilər bizi yenidən görüb atəşə tutdular. Qonşumuz Teybəni, əmimin nəvəsi Aynuru vurmuşdular. Mənfurlar xəndəklərdə gizlənən dinc sakinləri qətlə yetirmişdilər. Onlar heç kimə rəhm etmirdilər. Qardaşım Hüsü və başqaları yolu açmaq üçün qabağa düşmüşdülər. Onlarla aramızda olan məsafə xeyli artmışdı. Yaralanmış atamı, anamı ermənilər amansızcasına güllələmişdilər. Üç-dörd nəfərlə birlikdə Ağdama tərəf gedəndə ermənilər qarşımızı kəsib təslim olmağımızı istədilər. Lakin biz təslim olmayaraq oradan aralaşdıq. Ermənilər bizi  buraxıb, yaxınlığımızda olan təxminən 250 nəfərlik dəstənin qarşısını kəsdilər. Ağdamda məni görən yaxınlarım gözlərinə inanmadılar ki, sağ-salamat çıxa bilmişəm...”

Şahin Əzimov Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə müvəqqəti məskunlaşıb. Bizimlə söhbət zamanı ona daha bir zəng gəldi. Məlum oldu ki, sabah onu Ağdama  çağırırlar. Böyük Zəfərin sevincini yaşayan hər vətəndaş kimi, Şahin də işğaldan azad olunmuş topraqlarımıza qədəm qoyacağı üçün həyəcanlı idi. Ağdama səfərinin Şahin üçün sevincli olduğu qədər, böyük anlamı da var. O, 29 il bundan əvvəl Xocalıdan erməni quldurlarının güllə yağışından təsadüfən sağ çıxaraq Ağdama pənah gətirmişdi. İndi ata-anasının, həmyerlilərinin uyuduğu Ağdamın Şəhidlər xiyabanına gedərək onların məzarlarını ziyarət etmək imkanı yaranmışdı.

Vətən müharibəsində xilaskar ordumuz Xocalı soyqırımının törədilməsində əli olan cinayətkarları da məhv etdi. Şəhidlərimizin qisası alındı. Xocalılılar artıq ədalət simvolu olan Xocalıya qayıdış gününə hazırlaşırlar. Yolunuz açıq,  arzularınız və istəkləriniz çin olsun.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video